...

Milli Gimnastika Arenasının direktoru Dünya Kubokunda tətbiq olunacaq yeniliklərdən danışıb (FOTO)

İdman Materials 26 Aprel 2017 14:50 (UTC +04:00)
Bakıda keçiriləcək bədii gimnastika üzrə Dünya Kuboku zamanı Milli Gimnastika Arenasında bir sıra yeniliklər tətbiq olunacaq
Milli Gimnastika Arenasının direktoru Dünya Kubokunda tətbiq olunacaq yeniliklərdən danışıb (FOTO)

Bakı. Maksi Tsurkov - Trend:

Bakıda keçiriləcək bədii gimnastika üzrə Dünya Kuboku zamanı Milli Gimnastika Arenasında bir sıra yeniliklər tətbiq olunacaq.

Bunu Trend-ə arenanın direktoru Maqsud Fərzullayev deyib.

Onun sözlərinə görə, arena yarışlara tam hazırdır: “Biz bütün yarışlara sanki birinci yarış kimi hazırlaşırıq, ona görə də məsuliyyət həmişə yüksək olur. Yaxın bir ay turnirlərlə zəngin olacaq. İndi Dünya Kuboku, sonra "Bakı - 2017" IV İslam Həmrəyliyi Oyunları, iyunun 1-də isə uşaqlar üçün yerli turnir keçiriləcək”.

O, həmçinin Dünya Kubokunda tətbiq olunacaq yeniliklərdən danışıb: “Dünya Kuboku üçün biz zala iki yeni ekran-tiker yerləşdirməyi qərara almışıq. İkinci mərtəbədə tikerlər (müxtəlif idman növlərində istifadə olunan qaçan sətirlər) quraşdırılacaq. Burada yarış vaxtı və fasilələrdə müxtəlif reklam və sponsor məlumatları, eləcə də çıxış edən gimnastlar haqqında məlumatlar işıqlandırılacaq. Bu tikerlər zalın hər bir nöqtəsindən görünəcək və "Bakı - 2017" IV İslam Həmrəyliyi Oyunlarında da istifadə olunacaq. Böyük ekranda maraqlı anların təkrarı və Federasiya tərəfindən hazırlanmış çarxlar göstəriləcək”.

M.Fərzullayev qeyd edib ki, "Bakı - 2017" IV İslam Həmrəyliyi Oyunlarına hazırlıq Dünya Kubokundan dərhal sonra başlayacaq: “Aprelin 30-u Dünya Kuboku başa çatır, mayın 1-dən isə "Bakı - 2017" IV İslam Həmrəyliyi Oyunları üçün arenanın ümumi hazırlanması başlayacaq. Format eyni qalacaq, bədii və idman gimnastikaları üçün avadanlıqlar quraşdırılacaq. Xarici görünüş dəyişəcək. Təşkilat komitəsi öz loqotiplərini, sponsorların adının olduğu bannerləri yerləşdirəcək”.

Qeyd edək ki, 28-30 aprel tarixlərində Bakı növbəti FIG Dünya Kuboku mərhələsinə ev sahibliyi edəcək. Dünyanın bir çox ölkəsindən ən zərif idman növünün nümayəndələri öz məharətlərini nümayiş etdirmək üçün bu dəfə də Milli Gimnastika Arenasına toplaşacaqlar.

Yarışlarda 21 ölkədən 92 gimnastın iştirak edəcəyi gözlənilir. Onlardan 34 nəfəri fərdi proqramda, 58 nəfəri isə ümumilikdə 10 qrup hərəkətləri komandasının tərkibində çıxış edəcək.

Ölkəmizi bu turnirdə yeniyetmələr proqramında Avropa çempionatının gümüş və bürünc medalçısı Jalə Piriyeva, Zöhrə Ağamirova, həmçinin Avropa çempionatının qrup hərəkətləri komandasının tərkibində gümüş medalçıları Siyana Vasileva, Diana Doman, Aleksandra Platonova, Ayşən Bayramova və Elif Zeynep Celep təmsil edəcəklər.

Yarışların ilk iki günü baş tutacaq təsnifat mərhələlərinin nəticələrindən asılı olaraq, həm fərdi gimnastlar, həm də qrup hərəkətləri komandaları arasında çoxnövçülük üzrə qaliblər və ayrı-ayrı alətlər üzrə finalçılar müəyyənləşəcək. Finallar isə turnirin son günü keçiriləcək.

Üç gün ərzində tamaşaçılar Azərbaycanın tanınmış gimnastları ilə yanaşı, bir çox xarici favorit idmançıların da çıxışlarını izləmək şansı əldə edəcəklər. Belə ki, yarışlarda 2 qat dünya çempionu və Avropa çempionu Aleksandra Soldatova (Rusiya), Avropa çempionatının bürünc mükafatçısı Zelikman Nikol (İsrail) və Rusiya (Olimpiya Oyunlarının qızıl medalçısı), İspaniya (Olimpiya Oyunlarının gümüş medalçısı), Bolqarıstan (Olimpiya Oyunlarının bürünc medalçısı), Belarus (dünya çempionatının bürünc mükafatçısı) qrup hərəkətləri komandaları iştirak edəcəklər.

Xəbər lenti

Xəbər lenti