...

Mariana Vasileva: Bakıda bədii gimnastika üzrə Dünya Kubokunun açılışında çempionluğa yol təqdim olunacaq

İdman Materials 27 Aprel 2017 13:43 (UTC +04:00)
Bakıda bədii gimnastika üzrə Dünya Kubokunun açılış mərasimində "Çempionlara baxacağıq və çempion olacağıq" adlı kompozisiya təqdim olunacaq.
Mariana Vasileva: Bakıda bədii gimnastika üzrə Dünya Kubokunun açılışında çempionluğa yol təqdim olunacaq

Bakı. Maksim Tsurkov - Trend:

Bakıda bədii gimnastika üzrə Dünya Kubokunun açılış mərasimində "Çempionlara baxacağıq və çempion olacağıq" adlı kompozisiya təqdim olunacaq.

Trend-in məlumatına görə, bunu Azərbaycanın bədii gimnastika yığmasının baş məşqçisi, mərasimin quruluşçusu Mariana Vasileva Mariana Vasileva deyib.

O, çox istəyir ki, açılışda çempionların necə yeni çempionlar yaratdığını göstərsin:

"İdeya bundan ibarətdir ki, istənilən çempion istənilən idman növündə və istənilən gimnastika hərəkətlərində azyaşlı qız və ya oğlana ilham verə bilər. Bu, müəyyən vaxtdan sonra həmin uşaqların bu çempionu əvəz etməsinə səbəb olacaq. Təqdimatımızın gedişində istənilən gimnastın karyerasına başlamasından çempion olmasınadək bütün məqamlar əks olunacaq".

M.Vasilevanın sözlərinə görə, idmançının formalaşmasında ilk növbədə məşqçi, idmançının özü və əlbəttə ki, valideynləri çox mühüm rol oynayır:

"Valideynlər son dərəcə mühüm bənddirlər. Belə ki, uşaqlar nə istədiklərini dəqiq bilmir, arzuları dəyişkən olur və adətən, rahat yollar axtarırlar. Məhz bu məqamda valideynlər onlara dəstək verməli, məşqlərində kömək etməlidirlər. Uşaqlar zala daxil olanda artıq bilməlidirlər ki, uşaqlıq dövrlərini qurban verirlər. Halbuki həmin vaxt onlar kuklaları və telefonları ilə oynaya bilərdilər. Biz çox istərdik ki, idmançılarımızın əllərində adətən telefon deyil, kitab görək. Buradan valideynlərə müraciət etmək istəyirəm: məşqçilərə inanın və övladlarınızı zəhmətsevər, vicdanlı və böyüklərə hörmət ruhunda tərbiyə edin. Yalnız bu halda uşaqlarımızı xilas edə bilərik".

O, açılış proqramının hazırlanmasının Azərbaycan Gimnastika Federasiyasının xoreoqrafları, məşqçiləri və əməkdaşlarının böyük əməyinin nəticəsi olduğunu bildirib: "Tamaşaçıların görəcəyi hər şey cəmi 10 günə hazırlanıb. Ümid edirəm ki, şou hamının xoşuna gələcək və tamaşaçılara nələri çatdırmaq istədiyimiz anlaşılacaq: yol çempionluğadır - bu, istənilən idmançı üçün çətin yoldur və bir çox insan bu yolda addım atır".

Baş məşqçi qeyd edib ki, açılış mərasimində müxtəlif yaş qrupundan olan 179 gimnast və xoreoqraf iştirak edəcək:

"Bədii gimnastikadan başqa, akrobatika və aerobika elementlərindən də istifadə olunacaq. Kompozisiya təqribən 30 dəqiqə davam edəcək. Tamaşaçıları aprelin 28-də Milli Gimnastika Arenasında bu gözəl mərasimə canlı olaraq baxmağa dəvət edirəm".

Qeyd edək ki, 28-30 aprel tarixlərində Bakı növbəti FIG Dünya Kuboku mərhələsinə ev sahibliyi edəcək. Dünyanın bir çox ölkəsindən ən zərif idman növünün nümayəndələri öz məharətlərini nümayiş etdirmək üçün bu dəfə də Milli Gimnastika Arenasına toplaşacaqlar.

Yarışlarda 21 ölkədən 92 gimnastın iştirak edəcəyi gözlənilir. Onlardan 34 nəfəri fərdi proqramda, 58 nəfəri isə ümumilikdə 10 qrup hərəkətləri komandasının tərkibində çıxış edəcək.

Ölkəmizi bu turnirdə yeniyetmələr proqramında Avropa çempionatının gümüş və bürünc medalçısı Jalə Piriyeva, həmçinin Avropa çempionatının qrup hərəkətləri komandasının tərkibində gümüş medalçıları Siyana Vasileva, Diana Doman, Aleksandra Platonova, Ayşən Bayramova və Elif Zeynep Celep təmsil edəcəklər.

Yarışların ilk iki günü baş tutacaq təsnifat mərhələlərinin nəticələrindən asılı olaraq, həm fərdi gimnastlar, həm də qrup hərəkətləri komandaları arasında çoxnövçülük üzrə qaliblər və ayrı-ayrı alətlər üzrə finalçılar müəyyənləşəcək. Finallar isə turnirin son günü keçiriləcək.

Üç gün ərzində tamaşaçılar Azərbaycanın tanınmış gimnastları ilə yanaşı, bir çox xarici favorit idmançıların da çıxışlarını izləmək şansı əldə edəcəklər. Belə ki, yarışlarda 2 qat dünya çempionu və Avropa çempionu Aleksandra Soldatova (Rusiya), Avropa çempionatının bürünc mükafatçısı Zelikman Nikol (İsrail) və Rusiya (Olimpiya Oyunlarının qızıl medalçısı), İspaniya (Olimpiya Oyunlarının gümüş medalçısı), Bolqarıstan (Olimpiya Oyunlarının bürünc medalçısı), Belarus (dünya çempionatının bürünc mükafatçısı) qrup hərəkətləri komandaları iştirak edəcəklər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti