...

AMADA-nın yeni binasının açılış mərasimi keçirilib

İdman Materials 27 Aprel 2017 18:27 (UTC +04:00)
Bu gün Azərbaycan Milli Antidopinq Agentliyinin (AMADA) yeni binasının açılış mərasimi keçirilib.
AMADA-nın yeni binasının açılış mərasimi keçirilib

Bakı. Elçin Mehdiyev - Trend:

Bu gün Azərbaycan Milli Antidopinq Agentliyinin (AMADA) yeni binasının açılış mərasimi keçirilib.

Trend-in məlumatına görə, mərasimdə gənclər və idman naziri Azad Rəhimov, Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə, Milli Məclisin Gənclər və idman komitəsinin sədri Fuad Muradov, gənclər və idman nazirinin müavini İsmayıl İsmayılov, nazirliyin idman şöbəsinin müdiri Fərid Mansurov, AMADA-nın rəhbəri Şəfəq Hüseynli və digərləri iştirak ediblər.

Qonaqlar agentliyin binası ilə tanış olublar. Məlumat verilib ki, Azərbaycan Prezidentinin 14 dekabr 2016-cı il tarixli Fərmanına əsasən Azərbaycan Milli Antidopinq Agentliyi publik hüquqi şəxs yaradılıb və qurum dövlət qeydiyyatına alınıb. 23 dekabr 2016-cı il tarixində Azərbaycan Milli Antidopinq Agentliyi təsis edilib. 17 fevral 2017-ci il tarixində qurum Ümumdünya Antidopinq Agentliyi tərəfindən beynəlxalq standartlara uyğun elan edilib və Agentlik öz fəaliyyətinə tam şəkildə başlayıb.

Qonaqlar qurumun əməkdaşları ilə tanış olduqdan sonra nazir A.Rəhimov yeni yaradılmış agentliyin ölkə idmanının inkişafında mühüm rol oynayacağını qeyd edib. Nazir ölkəmizdə qısa zamanda antidopinq sahəsində böyük işlər görüldüyünü və görülən işlərin nəticəsində Ümumdünya Antidopinq Agentliyinin standartlarına tam şəkildə uyğun olan qurumun yaradıldığını vurğulayıb.

Daha sonra çıxış edən Milli Olimpiya Komitəsinin vitse-prezidenti Ç.Hüseynzadə AMADA-nın fəaliyyətinin önəmindən danışıb. O, agentliyin ölkədə dopinqə nəzarətdə və bu istiqamətdə yoxlamalarda mühüm işlər həyata keçirəcəyini vurğulayıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti