...

Rusiyalı gimnast: Bədii gimnastikada yeni qaydalar hakimlərin işini çətinləşdirib

İdman Materials 29 Aprel 2017 16:52 (UTC +04:00)
Bədii gimnastikada hakimliklə bağlı yeni qaydaların tətbiq olunması ilə hakimlərin işi daha da çətinləşib
Rusiyalı gimnast: Bədii gimnastikada yeni qaydalar hakimlərin işini çətinləşdirib

Bakı. Yelena Kosolapova - Trend:

Bədii gimnastikada hakimliklə bağlı yeni qaydaların tətbiq olunması ilə hakimlərin işi daha da çətinləşib.

Trend-in məlumatına görə, bunu rusiyalı gimnast Arina Averina deyib.

“Hesab edirəm ki, bu il hakimlər üçün daha çətindir. Çünki vərəqələr yoxdur, hakimlərin bizi qiymətləndirəcəyi qeydlər yoxdur. Onlar gördüklərini qiymətləndirməlidirlər. Hesab edirəm ki, bu çox çətindir”.

Hazırda A.Averina Dünya Kubokunda çoxnövçülükdə liderdir.

O qeyd edib ki, idmana çox vaxt ayırır, çünki ancaq bu yolla yüksək nailiyyətlər əldə etmək mümkün olduğunu hesab edir.

Gimnastın sözlərinə görə, onun sevimli idmançısı rusiyalı gimnast, ikiqat Olimpiya çempionu Yevgeniya Kanayevadır.

Bu gün Bakıda bədii gimnastika üzrə FIG Dünya Kuboku yarışlarının ikinci gününə start verilib.

Yarışların ikinci günündə həm fərdi gimnastlar, həm də qrup hərəkətləri komandaları arasında çoxnövçülük üzrə təsnifat yarışları keçiriləcək.

Finallar isə turnirin son günü keçiriləcək.

Qeyd edək ki, aprelin 28-də Bakıda bədii gimnastika üzrə FIG Dünya Kuboku yarışlarına start verilib. Aprelin 30-dək davam edəcək yarışlara 21 ölkədən 94 gimnast qatılıb. Onlardan 34 nəfəri fərdi proqramda, 58 nəfəri isə ümumilikdə 10 qrup hərəkətləri komandasının tərkibində çıxış edir.

Ölkəmizi bu turnirdə yeniyetmələr proqramında Avropa çempionatının gümüş və bürünc medalçısı Jalə Piriyeva, istedadlı gimnast Zöhrə Ağamirzəyeva, həmçinin Avropa çempionatının qrup hərəkətləri komandasının tərkibində gümüş medalçıları Siyana Vasileva, Diana Doman, Aleksandra Platonova, Ayşən Bayramova və Elif Zeynep Celep təmsil edirlər.

Yarışlarda tamaşaçılar Azərbaycanın tanınmış gimnastları ilə yanaşı, bir çox xarici favorit idmançıların da çıxışlarını izləmək şansı əldə edəcəklər. Belə ki, yarışlarda 2 qat dünya çempionu və Avropa çempionu Aleksandra Soldatova (Rusiya), Avropa çempionatının bürünc mükafatçısı Zelikman Nikol (İsrail) və Rusiya (Olimpiya Oyunlarının qızıl medalçısı), İspaniya (Olimpiya Oyunlarının gümüş medalçısı), Bolqarıstan (Olimpiya Oyunlarının bürünc medalçısı), Belarus (dünya çempionatının bürünc mükafatçısı) qrup hərəkətləri komandaları iştirak edirlər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti