...

Azərbaycanlı gimnast: Tamaşaçıların dəstəyi yaxşı çıxış etməyimə kömək etdi

İdman Materials 29 Aprel 2017 17:59 (UTC +04:00)
Tamaşaçıların dəstəyi mənim yaxşı çıxış etməyimə kömək etdi
Azərbaycanlı gimnast: Tamaşaçıların dəstəyi yaxşı çıxış etməyimə kömək etdi

Bakı. Ləman Zeynalova - Trend:

Tamaşaçıların dəstəyi mənim yaxşı çıxış etməyimə kömək etdi.

Trend-in məlumatına görə, bunu jurnalistlərə bədii gimnastika üzrə Dünya Kubokunda çıxış edən gənc azərbaycanlı gimnast Zöhrə Ağamirova deyib.

O, belə böyük tədbirdə iştirak etdiyi üçün məmnun olduğunu deyib: “Mən bu yarışda zədə səbəbi ilə çıxış edə bilməyən Marina Durundanı əvəz etdim. Mən birinci dəfədir ki, çıxış edirəm, ona görə də həyəcanlı idim. Amma buna baxmayaraq fikirləşirəm ki, layiqli çıxış etdim”.

Bu gün Bakıda bədii gimnastika üzrə FIG Dünya Kuboku yarışlarının ikinci gününə start verilib.

Yarışların ikinci günündə həm fərdi gimnastlar, həm də qrup hərəkətləri komandaları arasında çoxnövçülük üzrə təsnifat yarışları keçiriləcək.

Finallar isə turnirin son günü keçiriləcək.

Qeyd edək ki, aprelin 28-də Bakıda bədii gimnastika üzrə FIG Dünya Kuboku yarışlarına start verilib. Aprelin 30-dək davam edəcək yarışlara 21 ölkədən 94 gimnast qatılıb. Onlardan 34 nəfəri fərdi proqramda, 58 nəfəri isə ümumilikdə 10 qrup hərəkətləri komandasının tərkibində çıxış edir.

Ölkəmizi bu turnirdə yeniyetmələr proqramında Avropa çempionatının gümüş və bürünc medalçısı Jalə Piriyeva, istedadlı gimnast Zöhrə Ağamirzəyeva, həmçinin Avropa çempionatının qrup hərəkətləri komandasının tərkibində gümüş medalçıları Siyana Vasileva, Diana Doman, Aleksandra Platonova, Ayşən Bayramova və Elif Zeynep Celep təmsil edirlər.

Yarışlarda tamaşaçılar Azərbaycanın tanınmış gimnastları ilə yanaşı, bir çox xarici favorit idmançıların da çıxışlarını izləmək şansı əldə edəcəklər. Belə ki, yarışlarda 2 qat dünya çempionu və Avropa çempionu Aleksandra Soldatova (Rusiya), Avropa çempionatının bürünc mükafatçısı Zelikman Nikol (İsrail) və Rusiya (Olimpiya Oyunlarının qızıl medalçısı), İspaniya (Olimpiya Oyunlarının gümüş medalçısı), Bolqarıstan (Olimpiya Oyunlarının bürünc medalçısı), Belarus (dünya çempionatının bürünc mükafatçısı) qrup hərəkətləri komandaları iştirak edirlər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti