...

Uşaqların Beynəlxalq Müdafiəsi Gününə həsr olunmuş bədii gimnastika yarışına start verilib (FOTO)

İdman Materials 1 İyun 2017 13:59 (UTC +04:00)
Bu gün Bakıda Milli Gimnastika Arenasında azyaşlı gimnastlar arasında 1 iyun - Uşaqların Beynəlxalq Müdafiəsi Gününə həsr olunmuş bədii gimnastika yarışına start verilib.
Uşaqların Beynəlxalq Müdafiəsi Gününə həsr olunmuş bədii gimnastika yarışına start verilib (FOTO)

Bakı. Ənvər Məmmədov - Trend:

Bu gün Bakıda Milli Gimnastika Arenasında azyaşlı gimnastlar arasında 1 iyun - Uşaqların Beynəlxalq Müdafiəsi Gününə həsr olunmuş bədii gimnastika yarışına start verilib.

Trend-in məlumatına görə, yarış uşaqlara sağlam həyat tərzinin təbliği, fiziki aktivliyin aşılanması məqsədilə Azərbaycan Gimnastika Federasiyası tərəfindən ilk dəfə təşkil olunur.

Bədii gimnastika üzrə Azərbaycan yığmasının baş məşqçisi Mariana Vasileva turnirin açılışında çıxışı zamanı deyib: “Bildiyiniz kimi, bu gün Uşaqların Beynəlxalq Müdafiəsi Günüdür. Və biz qərara gəldik ki, ən kiçik yaş qrupu sayılan, 5-7 yaşlı gimnastlar arasında yarış keçirək. Adını da “GymBala” qoyduq”.

O qeyd edib ki, adətən, bu möhtəşəm arenada böyük yaş qrupuna aid idmançılar yarışır: “Bu gün isə kiçik gimnastlarımız onlara bənzəməyə çalışacaqlar. Bu bayrama qatılanlar – bütün iştirakçılar, aparıcılar, şaperonlar – hamı bizim gələcəyimiz olan balacalardır”.

Daha çox əyləncəli xarakter daşıyacaq bu turnirdə Bakı ilə yanaşı, bölgələrdən də olan 2010, 2011 və 2012-ci il təvəllüdlü 51 gimnast öz güc və bacarıqlarını nümayiş etdirəcəklər.

Ocaq Sport Klubu, Bakı Gimnastika Məktəbi, Respublika Kompleks İdman Məktəbi, Su İdman Sarayı, Start klubu, Zirə Mədəniyyət Mərkəzi, Sumqayıt şəhəri, eləcə də Zabrat, İsmayıllı, Göyçay, Kürdəmir, Gəncə və Ağdaşdan olan təmsilçilər fərdi və qrup hərəkətləri proqramında tamaşaçı qarşısına çıxacaqlar.

Turnir boyunca izləyicilərə fleşmoblar və maraqlı müsabiqələr də təqdim olunacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti