...

Heydər Əliyev Beynəlxalq Hava Limanının sərnişin dövriyyəsi sentyabrda 29% artıb

İqtisadiyyat Materials 5 Oktyabr 2016 10:27 (UTC +04:00)
Bu ilin sentyabr ayında Heydər Əliyev Beynəlxalq Hava Limanı 365 min sərnişinə xidmət göstərib ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 29 faiz çoxdur.
Heydər Əliyev Beynəlxalq Hava Limanının sərnişin dövriyyəsi sentyabrda 29% artıb

Bakı. Trend:

Bu ilin sentyabr ayında Heydər Əliyev Beynəlxalq Hava Limanı 365 min sərnişinə xidmət göstərib ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 29 faiz çoxdur.

Hava Limanının mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, ümumilikdə, 2016-cı ilin ötən doqquz ayı ərzində Bakı hava limanı 2,5 milyon sərnişinə xidmət göstərib. Onlardan 1,5 milyon nəfəri AZAL aviaşirkətinə üstünlük verib. Bu, ötən ilin sentyabr ayı ilə müqayisədə 13 faiz çoxdur. Bu müddət ərzində hava limanının yük terminalları vasitəsilə 11,4 milyon ton yük daşınıb.

"Azərbaycan Hava Yolları"nın Naxçıvan və Gəncəyə daxili uçuşları ilə 431 min sərnişin daşınıb ki, bu da ümumi sərnişin dövriyyəsinin 15 faizini təşkil edir.

Beynəlxalq istiqamətlər üzrə ən çox tələbat əvvəlki kimi Bakıdan İstanbula, Moskvaya, Dubaya və Kiyevə olub. Xaricə gedən sərnişinlərin ümumi sayının 38,3 faizi onların payına düşür. 2016-ci ildə ən məşhur istiqamətlərin siyahısına həmçinin Antalya, Tehran və Tbilisi daxil olub. Bu il sərnişinlərin böyük axını İraqın Bağdad, Bəsrə və Ən-Nəcəf şəhərlərindən müşahidə olunub. Onların ümumi sayı təxminən 60 min nəfər təşkil edib.

2016-cı ildə Pegasus, Iraqi Airways, Fly Baghdad, ATA Airlines, Air Cairo və Komaviatrans aviaşirkətləri Azərbaycana uçuşlara başlayıb.

Qış mövsümü üçün uçuş cədvəlinin qüvvəyə minməsi ilə (30 oktyabr) Rusiyanın "Pobeda" lou-kosteri (Rostov-Bakı) və İranın Mahan Air aviaşirkəti (Tehran-Bakı) müntəzəm uçuşlara başlayacaq.

Heydər Əliyev Beynəlxalq Hava Limanının yeni aerovağzal kompleksi (Terminal 1) 2014-cü ilin aprel ayında istifadəyə verilib. Onun ümumi sahəsi 65 min kvadratmetr təşkil edir.

Dünyada müxtəlif aviaşirkətlər və hava limanları tərəfindən göstərilən xidmətlərin keyfiyyətinin öyrənilməsi üzrə ixtisaslaşan Böyük Britaniyanın nüfuzlu konsaltinq şirkəti "Skytrax" tərəfindən Heydər Əliyev Beynəlxalq Hava Limanı 4 ulduza layiq görülüb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti