...

“Start-up-ların Kapital Bazarları vasitəsilə maliyyələşməsinin yolları” mövzusu müzakirə edilib

İqtisadiyyat Materials 7 Noyabr 2016 20:07 (UTC +04:00)
Bakı Fond Birjası (BFB) və Yüksək Texnologiyalar Parkının (YTP) dəstəyi ilə “AF Business House”-da bugün “Start-up-ların Kapital Bazarları vasitəsilə maliyyələşməsinin yolları” mövzusunda seminar keçirilib.
“Start-up-ların Kapital Bazarları vasitəsilə maliyyələşməsinin yolları” mövzusu müzakirə edilib

Bakı. Trend:

Bakı Fond Birjası (BFB) və Yüksək Texnologiyalar Parkının (YTP) dəstəyi ilə “AF Business House”-da bugün “Start-up-ların Kapital Bazarları vasitəsilə maliyyələşməsinin yolları” mövzusunda seminar keçirilib.

BFB-dən Trend-ə verilən məlumata görə, tədbirə strat-up şirkətlərin nümayəndələri ilə yanaşı, BFB-nin üzvü olan investisiya şirkətləri və müxtəlif özəl sektor iştirakçıları qatılıb.

Bakı Fond Birjasının idarə heyətinin sədri Fariz Əzizov BFB haqqında start-up şirkətlərinin nümayəndələrinə və digər iştirakçılara qısa məlumat verdikdən sonra tədbirin əsas mövzusu olan Kapital Bazarları vasitəsilə maliyyələşmənin əhəmiyyətindən bəhs edərək, belə təlimlərin önəmliliyini qeyd edib.

Yüksək Texnologiyalar Parkının direktoru Seymur Ağayev öz növbəsində tədbir iştirakçılarını salamlayaraq, mövzuların şirkətlərə yararlığından bəhs etmiş və belə bir təşəbbüsü həyata keçirdiyinə görə Bakı Fond Birjasının rəhbərliyi və kollektivinə öz təşəkkürünü bildirib.

Təşkil edilən seminarda "Borsa İstanbul"un Marketinq və Satış Departamentinin müdiri Adnan Serhat Görgün və BFB-nin Biznesin İnkişafı Departamentinin rəhbəri Abdulla İsayev öz təqdimatları ilə çıxış edib.

Serhat Görgün öz çıxışında “Start-up şirkətlərinin maliyyələşmə yolları”, “Şirkətin dəyərləndirilməsi və bazarda dəyər qazanması”, “Kapital bazarları vasitəsilə maliyyə cəlbi” və “İPO-a hazırlıq” kimi mövzulara toxunub və öz bilik və təcrübələrini seminar iştirakçıları ilə paylaşıb. Abdulla İsayev də öz növbəsində “BFB- də Listinq” və “Listinq Məsləhət Proqramı (LMP)” barədə məlumat verib və bu proqramdan start-up şirkətlərinin necə faydalana biləcəyindən bəhs edib Seminar iştirakçılar tərəfindən maraqla qarşılanmış və qarşılıqlı diskusiya şəklində davam edib.

BFB-nin üzvü olan investisiya şirkətlərinin nümayəndələri start-uplarla bağlı müxtəlif layihələr çərçivəsində çalışmalar etmək istədiklərini və bu istiqamətdə hazırlıq işlərinin görüldüyünü bildirdilər. Mövzu ilə bağlı çıxış edən Az-Finans Invest şirkətinin nümayəndəsi gələcək aylarda Start-up-ların dəyərləndirilməsi və ən uğurlu start-up-ın seçilərək maliyyələşdirilməsi ilə bağlı layihə üzərində çalışdıqlarını qeyd edib.

Tədbirin yekununda Bakı Fond Birjası və Yüksək Texnologiyalar Parkı arasında tərəfdaşlıq haqqında memorandum imzalanıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti