...

Azərbaycan BMT-nin Avropa İqtisadi Komissiyası ilə enerji əməkdaşlığını müzakirə edib

İqtisadiyyat Materials 22 Noyabr 2016 11:49 (UTC +04:00)
Energetika Nazirliyində BMT baş katibinin müavini, təşkilatın Avropa İqtisadi Komissiyasının (BMTAİK) icraçı direktoru Kristian Fris Baxla energetika nazirinin müavini Gülməmməd Cavadov arasında görüş keçirilib.
Azərbaycan BMT-nin Avropa İqtisadi Komissiyası ilə enerji əməkdaşlığını müzakirə edib

Bakı. Trend:

Energetika Nazirliyində BMT baş katibinin müavini, təşkilatın Avropa İqtisadi Komissiyasının (BMTAİK) icraçı direktoru Kristian Fris Baxla energetika nazirinin müavini Gülməmməd Cavadov arasında görüş keçirilib.

Nazirlikdən Trend-ə verilən məlumata görə, görüş Azərbaycan hökumətinin BMT-nin Mərkəzi Asiya ölkələrinin iqtisadiyyatları üçün Xüsusi Proqramına (SPECA) sədrliyi çərçivəsində Gəncə şəhərində keçirilən SPECA İqtisadi Forumu və İdarəetmə Şurasının 11-ci sessiyası çərçivəsində baş tutub. SPECA Proqramına hərtərəfli dəstək BMT-nin Avropa İqtisadi Komissiyası (BMTAİK) tərəfindən təmin olunur. 56 üzv - ölkəsi olan BMTAİK 1947-ci ildə Avropa ölkələri arasında iqtisadi əməkdaşlığın inkişafına dəstək məqsədilə təsis edilib və BMT-nin iqtisadi məsələlərlə məşğul olan beş regional qurumundan biridir. Azərbaycan BMTAİK ilə enerji, dayanıqlı inkişaf, ətraf mühitin mühafizəsi, nəqliyyat, gömrük və digər sahələr üzrə əməkdaşlıq edir.

Azərbaycanın BMT üzvü kimi keçdiyi tarixi inkişaf yolundan bəhs edən energetika nazirinin müavini Gülməmməd Cavadov ölkəmizin bu beynəlxalq təşkilatın qurumlarına inteqrasiyası baxımından BMT-nin Mərkəzi Asiya iqtisadiyyatları üçün Xüsusi Proqramını (SPECA) yüksək qiymətləndirib. Bildirilib ki, Azərbaycan 2002-ci ildən bu Proqrama qoşulub. Bu illər ərzində region ölkələrinin inteqrasiyasının dəstəklənməsi və dünya iqtisadiyyatına qoşulmalarının təşviqi, prioritetlərin maliyyələşdirilməsinə daxili və xarici resursların cəlb olunması, region ölkələrində BMT-nin Avropa üçün İqtisadi Komissiyasının, Asiya və Sakit Okean regionu üçün İqtisadi və Sosial Komissiyasının standart və normalarının daha fəal tətbiq olunması istiqamətində mühüm nailiyyətlər əldə edilib.

BMTAİK-in icraçı direktoru Kristian Fris Bax isə 2030-cu ilədək Xüsusi Proqramın hədəfləri və prioritetləri barədə məlumat verib. Mərkəzi Asiya ölkələrinin dayanıqlı iqtisadi inkişafını çətinləşdirəcək mümkün problemlərdən danışıb. Onun sözlərinə görə, Proqrama üzv ölkələrdə su və enerji ehtiyatlarından istifadənin artması, son illərdə atmosferə atılan parnik qazlarının çoxalması iqlim dəyişikliklərinə yol açıb. Ona görə də resurslardan səmərəli istifadə və ekoloji dayanıqlığın qorunması istiqamətində milli və regional səviyyədə birgə tədbirlər görülməli və təbii fəlakət riskləri azaldılmalıdır. Bütün bu çağırışlar və kompleks yanaşma isə SPECA İqtisadi Forumu və İdarəetmə Şurasının 11-ci sessiyasında müzakirə ediləcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti