...

İstehlakçı hüquqları ilə bağlı müzakirələr aparılıb (FOTO)

İqtisadiyyat Materials 25 Noyabr 2016 16:35 (UTC +04:00)
Sabirabadda istehlakçı hüquqlarına həsr olunmuş konfrans keçirilib.
İstehlakçı hüquqları ilə bağlı müzakirələr aparılıb (FOTO)

Bakı. Trend:

İqtisadiyyat Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətinin təşkilatçılığı ilə istehlakçıların maarifləndirilməsi məqsədilə bu gün Sabirabadda konfrans keçirilib.

İqtisadiyyat Nazirliyinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, "Hər bir istehlakçı öz hüquqlarını bilməli və tələb etməlidir" mövzusunda keçirilən tədbirdə aidiyyəti dövlət qurumlarının, ictimai təşkilatların nümayəndələri və 300-dən çox istehlakçı iştirak edib.

Dövlət Xidmətinin rəis müavini Araz Əliyev istehlakçıların hüquqlarının qorunması istiqamətində görülən işlər barədə məlumat verib, istehlakçı fəallığının artırılmasında maarifləndirmə tədbirlərinin əhəmiyyətini diqqətə çatdırıb.

Dövlət Xidmətinin əməkdaşları istehlakçı hüquqlarının müxtəlif aspektləri, istehlakçıların mal alarkən və xidmətlərdən istifadə edərkən diqqət yetirməli olduğu məsələlər, xidmət qaydalarına əməl olunması və xidmət mədəniyyətinin yüksəldilməsi istiqamətində həyata keçirilən tədbirlər barədə məruzələrlə çıxış ediblər.

Sonra istehlakçıların sualları cavablandırılıb, tədbir iştirakçılarına istehlakçı hüquqlarına dair maarifləndirici materiallar paylanılıb.

Tədbir çərçivəsində Dövlət Xidməti tərəfindən Sabirabad rayonunda fəaliyyət göstərən, malları və xidmətləri dövlət vəsaiti hesabına satın alan təşkilatların nümayəndələri üçün seminar keçirilib. “Dövlət satınalmaları sahəsində şəffaflıq, ədalət və səmərəlilik” mövzusunda keçirilən seminarda iştirakçılara dövlət vəsaitlərindən daha səmərəli istifadə, dövlət satınalmaları sahəsində mövcud qanunvericilik barədə ətraflı məlumat verilib, fikir mübadiləsi aparılıb.

Qeyd edək ki, Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti tərəfindən Bakıda və bölgələrdə istehlakçıların hüquqlarına dair tədbirlər mütəmadi olaraq təşkil edilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti