...

BƏƏ Azərbaycan məhsullarına maraq göstərir (FOTO)

İqtisadiyyat Materials 30 Noyabr 2016 13:22 (UTC +04:00)
Dubayda səfərdə olan Azərbaycanın ixrac missiyası “Carrefour”, “Spinneys”, “Union Co-op” kimi iri marketlər şəbəkələrində olub. Keçirilmiş görüşlərdə Azərbaycan məhsullarının həmin marketlərdə satışı imkanları və distribütorluq məsələləri müzakirə edilib.
BƏƏ Azərbaycan məhsullarına maraq göstərir (FOTO)

Bakı. Trend:

Birləşmiş Ərəb Əmirliyinin (BƏƏ) Dubay şəhərində səfərdə olan Azərbaycanın ixrac missiyası “Carrefour”, “Spinneys”, “Union Co-op” kimi iri marketlər şəbəkələrində olub. Keçirilmiş görüşlərdə Azərbaycan məhsullarının həmin marketlərdə satışı imkanları və distribütorluq məsələləri müzakirə edilib.

İqtisadiyyat Nazirliyindən Trend-ə verilən məlumata görə, ixrac missiyasında təmsil olunan və meyvə-tərəvəz məhsullarının istehsalı ilə məşğul olan Azərbaycan iş adamları Dubayın “Al Aweer” meyvə-tərəvəz mərkəzində olublar. Keçirilən görüşlərdə “Al Aweer” meyvə-tərəvəz mərkəzinin nümayəndələri Azərbaycanın nar və alma məhsullarına maraqlarını bildirib, nümunələrin göndərilməsi barədə sifariş veriblər. Bundan başqa, meyvə-tərəvəz məhsullarının istehsalı ilə məşğul olan sahibkarlarımız Dubayın bir sıra logistika şirkətləri ilə görüşlər keçirib, yerli məhsulların BƏƏ-yə ixracı və daşınması məsələrinə dair fikir mübadiləsi aparıblar.

İxracatçı şirkətlərimiz həmçinin, BƏƏ-də akreditə olunmuş və məhsulların bu ölkənin tələblərinə uyğun halal məhsul qismində tanınmasını təmin edən sertifikasiya təşkilatının nümayəndələri ilə görüşüblər. Burada Azərbaycan şirkətlərinə təşkilatın fəaliyyəti barədə məlumat verilib və bu sahədə əməkdaşlıq üçün təşkilatın nümayəndələri ölkəmizə dəvət edilib.

Məlumat üçün qeyd edək ki, “Made in Azerbaijan” brendinin təşviqi məqsədilə İqtisadiyyat Nazirliyi tərəfindən təşkil olunmuş ixrac missiyasına meyvə şirələri, təbii mineral sular, meyvə-tərəvəz məhsulları, ət və ət məhsulları, bal, süd və süd məhsullarının istehsalı sahəsində fəaliyyət göstərən 20 şirkətin nümayəndəsi daxildir. İxrac missiyasının səfəri noyabrın 30-dək davam edəcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti