...

"Kütləvi çıxarış" kampaniyası Mingəçevirdə (FOTO)

İqtisadiyyat Materials 29 Dekabr 2016 12:55 (UTC +04:00)
Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən Mingəçevir şəhərində bu gün "Kütləvi çıxarış" kampaniyası keçirilib.
"Kütləvi çıxarış" kampaniyası Mingəçevirdə  (FOTO)

Bakı. Trend:

Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən Mingəçevir şəhərində bu gün "Kütləvi çıxarış" kampaniyası keçirilib.

Komitədən Trend-ə verilən məlumata görə, kampaniya çərçivəsində şəhərdə yerləşən çoxmərtəbəli binanın bütün mənzilləri yerindəcə sənədləşdirilib. Binanın həyətində 110 mənzil sahibinə hazır çıxarışlar təqdim edilib. Xidmətlərin vətəndaşlara çatdırılması ödənişli deyil, çünki bu sosial kampaniyadır, yalnız qanunla müəyyən edilmiş dövlət rüsumu və xidmət haqqının ödənilməsi kifayət edir. Yalnız istismara qəbul aktı olan binaların mənzillərinə belə çıxarışlar verilir. Sadələşdirilmiş və rahat qeydiyyat bina sakinlərinə öz əmlakları üzərində qanuni sahiblik imkanı verir. Nəticədə leqal əmlak dövriyəsinə qoşulan əmlaklarla istənilən əməliyyat aparmaq mümkün olur. Bütün bunlar isə əmlak bazarında canlanmanı və fəallığı təmin edir.

"Kütləvi çıxarış" kampaniyası çərçivəsində şəhər mərkəzlərindən tutmuş ucqar kəndlərədək müxtəlif yaşayış məntəqələrində, birbaşa ünvanlarda əmlakın qeydiyyatı üçün tələb olunan sənədlər vətəndaşlardan toplanır. Belə sənədlərə aktlar, şəhadətnamələr, qeydiyyat vərəqələri, kolxoz və sovxoz əmrləri, sovet dövründə verilmiş müxtəlif tipli mülkiyyət sənədləri və texniki pasportlar aiddir. Kampaniya zamanı vətəndaşlara məxsus fərdi yaşayış evləri, pay torpağı, mənzillər, həyətyanı torpaq sahələrinə dair hazır çıxarışlar təqdim olunur.

Bildirilir ki, 2016-cı il Komitənin ən çox belə kampaniyalar keçirdiyi il olub. İl ərzində respublika üzrə 28 kampaniya keçirilib. Bunun 6-sı paytaxt rayonlarında, 22-si isə respublikanın müxtəlif şəhər və rayonlarında baş tutub. İndiyədək regionlarda əsasən, mənzillər, həyət evləri və torpaq sahələrini əhatə edən "Kütləvi çıxarış2 kampaniyası hazırda paytaxtla yanaşı, regionlardakı yeni tikililəri də əhatə edib. 2016-cı ildə təkcə paytaxtda yeni inşa edilmiş 10-a yaxın hündürmərtəbəli binanın mənzilləri bu kampaniya çərçivəsində çıxarışla təmin olunub. Ümumilikdə, kampaniyanın start verildiyi gündən indiyədək 10 minə yaxın vətəndaş kampaniya iştirakçısı olaraq faydalana bilib. Eyni zamanda, ahıl, fiziki məhdudiyyətli insanlara belə xidmətlər birbaşa onların evlərində göstərilib.

Daşınmaz əmlak sahəsində ictimai maarifləndirməni təmin etmək üçün komitə belə sosial kampaniyalar zamanı intensiv hüquqi məsləhət xidmətləri də təqdim edir. Kampaniyaya müraciət edən hər bir vətəndaşa sənədləşdirmə ilə bağlı hüquqi yardım göstərilir, istiqamət verilir, proses izah olunur. Həmçinin belə təmənnasız hüquqi məsləhət xidmətləri Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin hər bir ərazi idarəsində də göstərilir.

Sosialyönümlü digər tədbirlər sırasında da komitənin gündəlik olaraq həyata keçirdiyi mobil ofis xidmətləri də vurğulanmalıdır. Bu xidmətlər vasitəsilə hər gün komitənin ayrılmış xüsusi nəqliyyat vasitələri şəhər və rayonlarda, kənd və qəsəbələrdə ünvanlara baş çəkir, qeydiyyat xidmətlərini əhaliyə təqdim edir. Çıxarışların verilməsi ilə yanaşı, vətəndaşlara texniki sənədlərin tərtibi, çöl-ölçmə və digər mühəndis işləri, vətəndaşlarda olan ilkin mülkiyyət sənədlərinin qəbulu kimi xidmətlər göstərilir. Komitənin sosial məmnunluq, rahatlıq və şəffaflıq istiqamətində gördüyü tədbirlər bununla bitmir. Komitənin il yarımdan çoxdur ki tətbiq etdiyi “bir pəncərə” prinsipi vətəndaşların əmlak qeydiyyatı işini maksimum yüngülləşdirib. Əmlakına çıxarış almaq istəyən kəs yalnız bir quruma - Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə müraciət edir.

Kampaniyalar və əmlakın sənədləşdirilməsində yeniliklərlə yanaşı, komitənin 31 elektron, 2 onlayn və 3 SMS xidməti də vətəndaşların ixtiyarındadır. Hər bir vətəndaşın imkanı var ki, öz evindən və ya iş yerindən komitənin elektron xidmətlər portalı üzərindən əmlakla bağlı dövlət xidmətlərinə onlayn müraciət etsin. Bu isə aydındır ki, vətəndaşların xidmətlərdən rahat, çevik və şəffaf şəkildə faydalanmasını birbaşa təmin edir. İndiyədək belə elektron xidmətlərə 450 minə yaxın müraciətin olması da bunun əyani göstəricisidir.

Komitə mühüm sosial tədbirləri və yenilikləri, o cümlədən “Kütləvi çıxarış” kampaniyasını 2017-ci ildə daha intensiv və böyük əhali sayını cəlb etməklə davam etdirəcək. Qarşıdakı il ərzində əmlak bazarındakı fəallıq və Komitənin müvafiq tədbirləri nəticəsində əmlak sektorunda və qeydiyyatında daha da yüksək nəticələr gözlənilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti