...

Siz daha çox qazanın, Azərbaycan daha sürətlə inkişaf etsin (FOTO)

İqtisadiyyat Materials 24 Yanvar 2017 14:39 (UTC +04:00)
"Siz daha çox qazanın, Azərbaycan daha sürətlə inkişaf etsin".
Siz daha çox qazanın, Azərbaycan daha sürətlə inkişaf etsin  (FOTO)

Bakı. Trend:

"Siz daha çox qazanın, Azərbaycan daha sürətlə inkişaf etsin". Bu fikirlər Vergilər Nazirliyinin Lənkəranda sahibkarlarla keçirilən görüşündə səsləndirilib.

Nazirliyin Media və Kommunikasiya Mərkəzindən Trend-ə verilən məlumata görə, 2017-ci ilin yanvar ayının 1-dən qüvvəyə minən “Vergi Məcəlləsində dəyişikliklər edilməsi haqqında” və “Vergi ödəyicilərinin 2017-ci ilin 1 yanvar tarixinə mövcud olan vergi borclarının tənzimlənməsi haqqında” Qanunların, habelə vergi inzibatçılığında baş vermiş dəyişikliklərin mahiyyətinin sahibkarlara və iş adamlarına çatdırılması məqsədilə Vergilər Nazirliyi ötən gün Lənkəranda sahibkarlarla görüş keçirib. Görüş Lənkəran şəhər 6 saylı Ərazi Vergilər İdarəsinin əhatə dairəsinə daxil olan Lənkəran, Astara, Lerik, Masallı, Yardımlı, Cəlilabad və Biləsuvar rayonlarından olan sahibkarlarla keçirilib.

Görüşdə çıxış edən vergilər nazirinin müavini Sahib Ələkbərov Vergi Məcəlləsinə edilmiş dəyişikliklərin əsas məqsədinin ölkədə kiçik və orta biznesin inkişafına daha əlverişli şəraitin yaradılması, vergi yükünün azaldılması, vergi orqanları və sahibkarlıq subyektləri arasında qarşılıqlı etimadın səviyyəsinin yüksəldilməsi, dürüst və şəffaf vergi uçotunun qurulması olduğunu bildirib. Nazir müavini qeyd edib ki, ölkə başçısının təşəbbüsü ilə qəbul olunmuş “Vergi ödəyicilərinin 2017-ci ilin 1 yanvar tarixinə mövcud olan vergi borclarının tənzimlənməsi haqqında” Qanunun sahibkarların maliyyə vəziyyətinin sağlamlaşdırılmasına, onların sərəncamında əlavə vəsaitlərin qalmasına, sahibkarlığın inkişafının stimullaşdırılmasına və daha əlverişli biznes mühitinin formalaşdırılmasına xidmət edir.

Bütövlükdə bütün bunlar sahibkarlıqla məşğul olanların sayının artmasına, vergi ödəyicilərinin daha çox qazanc əldə edə bilmələrinə və müvafiq olaraq daha çox vergi ödəmələrinə şərait yaratmalıdır. Məqsəd də bundan ibarətdir ki, vergi ödəyiciləri daha çox qazansınlar, daha çox vergi ödəsinlər və Azərbaycan daha sürətlə inkişaf etsin.

Görüşdə çıxış edən vergilər nazirliyinin rəhbər vəzifəli şəxsləri Vergi Məcəlləsinə edilmiş əlavə və dəyişikliklərin, həmçinin “Nağdsız hesablaşmalar haqqında” qanunun tələblərindən irəli gələn məsələlərin ətraflı izahını verib, bu dəyişikliklərin mahiyyəti barədə vergi ödəyicilərini məlumatlandırıblar.

Tədbirdə vergi ödəyicilərinin pərakəndə ticarətdə uçot sisteminin qurulması, elektron qaimə-fakturaların tətbiqi, sabit vergi və könüllü vergi açıqlaması sistemlərinin mahiyyəti, elektron ödənişlər zamanı xidmət haqqının tutulması və nağd ödəmələrə qoyulmuş limitlər, pos-terminalların fəaliyyəti, faizlər və maliyyə sanksiyaları üzrə yaranmış vergi borclarının silinməsi posedurları və s. kimi məsələlərlə bağlı çoxsaylı sualları cavablandırılıb. Tədbirdə iştirak edən “Biləsuvar pambıq” ASC-nin nümayəndəsi isə müəssisəinin 90-cı illərdə iqtisadi çətinliklər nəticəsində yaranmış vergi borcları üzrə yığılıb qalmış faiz və maliyyə sanksiyalarının silinməsinə görə dövlət rəhbərliyinə xüsusi təşəkkürünü bildirib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti