...

YAP-ın “Azərbaycan Dəmir Yolları” QSC-dəki ərazi ilk partiya təşkilatının konfransı keçirilib (FOTO)

İqtisadiyyat Materials 8 Fevral 2017 15:46 (UTC +04:00)
Yeni Azərbaycan Partiyasının (YAP) “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətindəki ərazi ilk partiya təşkilatının hesabat-seçki konfransı keçirilib.
YAP-ın “Azərbaycan Dəmir Yolları” QSC-dəki ərazi ilk partiya təşkilatının konfransı keçirilib (FOTO)

Bakı. Trend:

Yeni Azərbaycan Partiyasının (YAP) “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətindəki ərazi ilk partiya təşkilatının hesabat-seçki konfransı keçirilib.

Qurumun mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, konfransı giriş sözü ilə açan "Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyətinin sədri Cavid Qurbanov gündəlikdə duran məsələləri qeyd edib: İlk partiya təşkilatının hesabatı; Yeni tərkibin seçilməsi; Sədrin seçilməsi; Sədr müavinlərinin seçilməsi; İdarə heyətinin seçilməsi və Yeni Azərbaycan Partiyasının rayon təşkilatının konfransına nümayəndələrin seçilməsi.

Sonra C.Qurbanov bildirib ki, XX əsrin sonlarında ikinci dəfə öz müstəqilliyinə qovuşan Azərbaycan ilk vaxtlarda bir sıra məhrumiyyətlərlə üz-üzə qalıb: "O vaxt respublikanın bir qrup ziyalısı Naxçıvan MR Ali Məclisinin sədri Heydər Əliyevə müraciət etdi. Müraciətdə Yeni Azərbaycan Partiyasının yaradılması və o partiyaya Heydər Əliyevin sədrlik etməsi arzuları ifadə olunurdu. Əvvəlcə buna razılıq verməyən möhtərəm Heydər Əliyev sonralar insanların çoxsaylı xahişlərini müsbət cavablandırdı. Nəhayət, 1992-ci il noyabr ayının 21-də Naxçıvan şəhərində Yeni Azərbaycan Partiyasının təsis konfransı keçirildi və dahi şəxsiyyət Heydər Əliyev yekdilliklə partiyanın sədri seçildi.

Dünya siyasətində öz çəkisi ilə seçilən ümummilli lider Heydər Əliyev iqtisadiyyatın dirçəldilməsinə xüsusi önəm verirdi. O, həmişə bildirirdi ki, iqtisadiyyatı güclü olmayan dövlət öz yerini müəyyən edə bilməz. İqtisadiyyatın bütün sahələri kimi dəmir yolunda da bu illər ərzində bir çox nəhəng işlərin görülməsi məhz onun qayğısı və nəzarəti sayəsində mümkün olub.

Yeni Azərbaycan Partiyası sürətlə təşkilatlanmağa başladı. Partiyanın dəmir yolundakı ərazi ilk partiya təşkilatı indi ən monolit özəklərdən biridir və məhz o çətin illərdə yaradılıb. 1996-cı il iyun ayının 25-də təsis konfransı keçirildi və dayaq dəstəsi 43 nəfərlə fəaliyyətə başladı. İndi bizim təşkilatımız öz sıralarında 8 minə yaxın üzvü birləşdirir. Dəmiryolçular Yeni Azərbaycan Partiyasının ideyalarına sədaqətlə xidmət edirlər. Çünki onların ümummilli lider Heydər Əliyev ideyalarına sadiq qalmalarının dərin kökləri var. O, hakimiyyətdə olduğu bütün dövrlərdə dəmir yolu nəqliyyatının inkişaf etdirilməsinə daim qayğı göstərib.

Onun alternativi olmayan siyasəti bu gün də davam etdirilir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev məhz Heydər Əliyev siyasi kursunu uğurla davam etdirməklə ölkəmizin demokratik imicinin möhkəmlənməsini təmin edir. Azərbaycan Respublikasında digər sahələrlə yanaşı, dəmir yolu şəbəkəsi də yenidən qurulur, bu sahədə müasir texnologiyaların tətbiqi sürətləndirilir. Hazırda ölkəmizdə dəmir yolunun inkişafı ilə bağlı bir sıra layihələr həyata keçirilir, beynəlxalq əməkdaşlıq genişləndirilir.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin böyük qayğı və dəstəyi ilə beynəlxalq nəqliyyat dəhlizlərinin reallaşması prosesində ölkəmiz aktiv iştirak edir, ölkənin tranzit potensialının artırılması istiqamətində mühüm addımlar atılır. Əsas vəzifəmiz Azərbaycanın əlverişli coğrafi mövqeyindən istifadə edərək, beynəlxalq nəqliyyat dəhlizləri çərçivəsində, Mərkəzi və Şərqi Asiyadan Avropaya və əks istiqamətdə, ölkə ərazisindən keçən marşrutlara, tranzit yüklərin cəlb edilməsidir. Bu marşrutlara yük axının cəlb edilməsi üçün bütün imkanlar səfərbər edilib".

YAP Nəsimi rayon təşkilatının sədri, millət vəkili Məlahət İbrahimqızı çıxış edərək ölkədə aparılan düzgün siyasət, Yeni Azərbaycan Partiyasının ictimai-siyasi həyatdakı rolu, dəmir yolunda həyata keçirilən uğurlu islahatlar haqqında danışdı və ərazi ilk partiya təşkilatının hesabat dövründəki fəaliyyətini qənaətbəxş qiymətləndirib.

Yeni Azərbaycan Partiyasının “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətindəki ərazi ilk partiya təşkilatının İdarə Heyətinin yeni tərkibi seçilib.

İdarə Heyətinin üzvləri Xeyrulla Hümbətovun ərazi ilk partiya təşkilatının sədri seçilməsinə yekdilliklə səs veriblər.

Sonra sədrin müavinləri və Yeni Azərbaycan Partiyasının rayon təşkilatının konfransına nümayəndələr seçilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti