...

Dünya Bankı ilə əməkdaşlıq müzakirə edilib

İqtisadiyyat Materials 9 Fevral 2017 20:13 (UTC +04:00)
İqtisadiyyat naziri Şahin Mustafayev Azərbaycanda səfərdə olan Dünya Bankının Avropa və Mərkəzi Asiya regionu üzrə vitse-prezidenti Siril Müller ilə görüşüb.
Dünya Bankı ilə əməkdaşlıq müzakirə edilib

Bakı. Trend:

İqtisadiyyat naziri Şahin Mustafayev Azərbaycanda səfərdə olan Dünya Bankının Avropa və Mərkəzi Asiya regionu üzrə vitse-prezidenti Siril Müller ilə görüşüb.

Nazirliyin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, görüşdə Azərbaycan və Dünya Bankı arasında əlaqələrin mövcud vəziyyəti və əməkdaşlığın inkişaf perspektivləri müzakirə edilib, eləcə də dünya iqtisadiyyatındakı qeyri-sabitlik və neqativ tendensiyaların Azərbaycan iqtisadiyyatına mümkün təsirlərinin qarşısının alınması istiqamətində həyata keçirilən tədbirlər barədə fikir mübadiləsi aparılıb.

Ş.Mustafayev qeyd edib ki, Dünya Bankı ilə çərçivəsində indiyədək 51 layihə həyata keçirilib. Bu layihələrdən 40-ı artıq başa çatıb. Nəqliyyat, su təchizatı və kanalizasiya, sosial, kənd təsərrüfatı sahələrini əhatə edən 11 layihənin icrası isə davam etdirilir. Dünya Bankı ilə birgə həyata keçirilən “Bərk məişət tullantılarının vahid idarəçiliyi” layihəsi uğurla icra olunub, “Abşeron göllərinin bərpası” layihəsi üzrə isə Dünya Bankı ilə birgə iş aparılır.

Ş.Mustafayev Azərbaycanın təşəbbüskarı və əsas iştirakçısı olduğu TANAP layihəsinin enerji sektorunun inkişafı baxımından vacibliyini və bu layihəyə davamlı dəstəyin göstərilməsinin önəmini vurğulayıb.

Azərbaycanda qeyri-neft sektorunun inkişafı, biznes və investisiya mühitinin yaxşılaşdırılması və sahibkarlığa göstərilən dəstək tədbirləri, bu sahədə həyata keçirilən islahatlar barədə məlumat verən İqtisadiyyat nazirı Dünya Bankı tərəfindən özəl sektora maliyyə dəstəyinin davam etdirilməsinin əhəmiyyətini diqqətə çatdırıb. Bundan başqa, kənd təsərrüfatı, sənaye parkları, o cümlədən Sumqayıt Kimya Sənaye Parkında peşə təhsili sahəsində əməkdaşlıq Azərbaycan üçün maraqlı istiqamətlərdəndir.

Görüşdə nazir Ş.Mustafayev Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı ölkəmizin ədalətli mövqeyini bir daha diqqətə çatdırıb, Azərbaycanın işğal olunmuş ərazilərində qeyri-qanuni fəaliyyətləri olan Ermənistan bankları və şirkətlərinin Dünya Bankının layihələri çərçivəsində hər hansı işlərə və xidmətlərə cəlb olunmasının yolverilməz olduğunu vurğulayıb.

Dünya Bankının Avropa və Mərkəzi Asiya regionu üzrə vitse-prezidenti S.Müller səfər çərçivəsində Azərbaycan Prezidenti tərəfindən qəbul edilməsinin və bir sıra sahələrdə əməkdaşlıq imkanlarına dair müzakirələrin aparılmasından məmnunluğunu ifadə edib. Dünya Bankının dəstəyi ilə ölkəmizdə həyata keçirilən layihələrə dair fikirlərini bölüşən S.Müller bir sıra layıhələrin, o cümlədən “Bərk məişət tullantılarının vahid idarəçiliyi” layihəsinin uğurlu icrasını müsbət qiymətləndirib, Bankın ölkəmizlə müxtəlif sahələrdə əməkdaşlığını genişləndirəcəyini bildirib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti