...

“İxracatçılar Klubu” ilə Amerika Ticarət Palatasının birgə görüşü keçirilib (FOTO)

İqtisadiyyat Materials 14 Fevral 2017 15:22 (UTC +04:00)
AZPROMO-nun təşkilatçılığı ilə “İxracatçılar Klubu”nun və Azərbaycandakı Amerika Ticarət Palatasının (AMCHAM) birgə görüşü keçirilib.
“İxracatçılar Klubu” ilə Amerika Ticarət Palatasının birgə görüşü keçirilib  (FOTO)

Bakı. Trend:

Bu gün Bakı Biznes Mərkəzində İqtisadiyyat Nazirliyinin dəstəyi, Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) təşkilatçılığı ilə “İxracatçılar Klubu”nun və Azərbaycandakı Amerika Ticarət Palatasının (AMCHAM) birgə görüşü keçirilib.

Nazirliyin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, görüşdə turizm, kənd təsərrüfatı, tikinti, ticarət, konsaltinq, logistika, əczaçılıq, İKT, maliyyə və digər sahələrdə fəaliyyət göstərən 200-ə yaxın iş adamı iştirak edib.

Azərbaycanda həyata keçirilən iqtisadi islahatlar barədə məlumat verən İqtisadiyyat nazirinin müavini Sahil Babayev iqtisadiyyatın diversifikasiyasının və qeyri-neft sektorunun inkişafının prioritet istiqamətlərdən olduğunu vurğulayıb, sahibkarlığın qeyri-neft sektorunun inkişafında aparıcı qüvvəyə çevrildiyini qeyd edib.

Nazir müavini Azərbaycan Prezidentinin müvafiq fərmanları ilə sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırıldığını, lisenziyalaşdırma sahəsində inzibati prosedurların sadəlişdirildiyini qeyd edib, ölkəmizdə biznes və investisiya mühitinin yaxşılaşdırılması istiqamətində həyata keçirilən tədbirlərin beynəlxalq təşkilatlar tərəfindən də yüksək qiymətləndirildiyini vurğulayıb.

Bildirilib ki, ölkədə istehsal olunan yerli mənşəli məhsulların ixracının genişləndirilməsi, rəqabətədavamlı və ixrac potensiallı məhsullar bazasının genişlənməsi istiqamətində dövlət başçısının “Xarici ölkələrə ixrac missiyalarının təşkilinə, xarici bazarların araşdırılması və marketinq fəaliyyətinə, “Made in Azerbaijan” brendinin xarici bazarlarda təşviqinə, yerli şirkətlərin ixracla bağlı xarici ölkələrdə sertifikat və patentlər almasına, ixracla əlaqəli tədqiqat-inkişaf proqram və layihələrinə çəkilən xərclərin dövlət büdcəsi hesabına ödənilən hissəsinin müəyyənləşdirilməsi və ödənilmə mexanizminin tənzimlənməsi Qaydası”nın təsdiq edilməsi haqqında” 5 oktyabr 2016-cı il tarixli Fərmanı mühüm əhəmiyyət kəsb edir və "Made in Azerbaijan" brendinin xarici ölkələrdə genişmiqyaslı təşviqi üçün geniş imkanlar yaradır. Hazırda İqtisadiyyat Nazirliyi tərəfindən dövlət başçısının qeyri-neft məhsullarının ixracının stimullaşdırılması ilə bağlı müvafiq fərman və sərəncamlarından irəli gələn tapşırıqların icrası istiqamətində tədbirlər davam etdirilir.

Tədbirdə həmçinin, AZPROMO-nun dəstəyi ilə "İxracatçılar Klub"unun Azərbaycan məhsullarının xarici bazarlara ixrac edilməsində istehsalçılara dəstək göstərmək və ixracatçılar arasında daimi ünsiyyət platformasını formalaşdırmaq məqsədi ilə yaradıldığı vurğulanıb, Azərbaycandakı Amerika Ticarət Palatasının Azərbaycan və ABŞ iş adamları arasında işgüzar əlaqələrin təşviqi və iqtisadi əməkdaşlığın genişləndirilməsində fəal rol oynadığı qeyd edilib. Bildirilib ki, indiyədək AZPROMO-nun dəstəyi ilə beş ixrac assosiasiyası yaradılıb, müxtəlif təlimlər, təkcə 2016-cı ildə ixraca dair 270 ixrac və investisiya təşviqi tədbirləri həyata keçirilib.

Müvafiq təhlillər əsasında Azərbaycanın müxtəlif ölkələrdə Ticarət evlərinin yaradılması, Azərbaycanın xarici ölkələrdə fəaliyyət göstərən səfirlik və konsulluqlarında ticarət nümayəndələrinin təyin edilməsi Azərbaycan məhsullarının ixrac bazarlarında tanıdılması və satışının dəstəklənməsi baxımından müstəsna əhəmiyyət daşıyır.

İxrac imkanlarının genişləndirilməsi məqsədilə Qazaxıstanın Aktau şəhərində yaradılmış Azərbaycanın ilk logistik mərkəzinin əhəmiyyəti qeyd edilib, başqa ölkələrdə də kənd təsərrüfatı və digər qida məhsullarının saxlanmasını və satışını təmin edəcək logistik mərkəzlərin yaradılması istiqamətində işlərin aparıldığı vurğulanıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti