...

Azərbaycanda muzdla işləyən işçilərin sayı açıqlandı

İqtisadiyyat Materials 17 Fevral 2017 17:25 (UTC +04:00)
2017-ci il fevralın 1-i vəziyyətinə ilkin məlumatlara əsasən iqtisadi fəal əhalinin sayı 5013,4 min nəfər təşkil edib.
Azərbaycanda muzdla işləyən işçilərin sayı açıqlandı

Bakı. İlhamə İsabalayeva - Trend:

2017-ci il fevralın 1-i vəziyyətinə ilkin məlumatlara əsasən iqtisadi fəal əhalinin sayı 5013,4 min nəfər təşkil edib.

Dövlət Statistika Komitəsindən Trend-ə verilən məlumata görə, cari il yanvarın 1-i vəziyyətinə muzdla işləyənlərin sayı 1514,0 min nəfər, o cümlədən iqtisadiyyatın dövlət sektorunda 889,9 min nəfər, qeyri-dövlət sektorunda isə 624,1 min nəfər təşkil etmişdir. İqtisadiyyatın neft sektorunda 34,1 min nəfər, qeyri-neft sektorunda isə 1479,9 min nəfər çalışıb.

Müəssisə və təşkilatlarda muzdla çalışan işçilərin 21,8 faizi məhsul istehsalı sahələrində, o cümlədən 6,8 faizi emal sənayesində, 5,9 faizi tikintidə, 3,1 faizi kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq sahələrində, 2,2 faizi mədənçıxarma sənayesində, 2 faizi su təchizatı, tullantıların təmizlənməsi və emalı, 1,8 faizi elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sahələrində məşğul olub.

Xidmət sahəsində işləyənlərin 22,2 faizi təhsil, 19,3 faizi ticarət, nəqliyyat vasitələrinin təmiri, 8,8 faizi əhaliyə səhiyyə və sosial xidmətlərin göstərilməsi, 7,1 faizi dövlət idarəetməsi və müdafiə; sosial təminat, 4,6 faizi nəqliyyat və anbar təsərrüfatı, 3,8 faizi istirahət, əyləncə və incəsənət, 3,7 faizi peşə, elmi və texniki fəaliyyət, 1,7 faizi maliyyə və sığorta fəaliyyəti, 1,6 faizi informasiya və rabitə, 1,6 faizi inzibati və yardımçı xidmətlərin göstərilməsi, 1,5 faizi turistlərin yerləşdirilməsi və ictimai iaşə, 1,2 faizi daşınmaz əmlakla əlaqədar əməliyyatlar və 1,1 faizi digər sahələrdə xidmətlərin göstərilməsi sahələrində çalışıblar.

2016-cı ilin yanvar-dekabr aylarında bir işçiyə düşən orta aylıq işlənmiş iş saatlarının miqdarı 153,4 saat təşkil edib.

Xəbər lenti

Xəbər lenti