...

Xaçmazda yeni yaradılan aqroparkda 1-ci mərhələ üzrə işlər yekunlaşıb

İqtisadiyyat Materials 23 Fevral 2017 14:24 (UTC +04:00)
Xaçmazda dövlətin dəstəyi ilə yaradılan aqroparkda 1-ci mərhələ üzrə işlər başa çatdırılıb.
Xaçmazda yeni yaradılan aqroparkda 1-ci mərhələ üzrə işlər yekunlaşıb

Bakı. Trend:

Xaçmazda dövlətin dəstəyi ilə yaradılan aqroparkda 1-ci mərhələ üzrə işlər başa çatdırılıb.

Bu barədə Trend-ə İqtisadiyyat Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Nazirliyin Sahibkarlığa Kömək Milli Fondu iqtisadiyyatın müxtəlif sahələrində fəaliyyət göstərən sahibkarlıq subyektlərinin investisiya layihələrinin maliyyələşdirilməsini davam etdirir. Bu məqsədlə növbəti işgüzar forum fevralın 23-də Xaçmaz rayonunun Xudat şəhərində keçirilib. 90-a yaxın sahibkarın iştirak etdiyi forum çərçivəsində Xaçmaz rayonunun iqtisadi potensialının reallaşdırılması məqsədilə prioritet hesab olunan iri fermer, intensiv bağçılıq, cins heyvandarlıq, istixana təsərrüfatlarının, quru meyvə, şirniyyat məhsullarının istehsalı müəssisəsinin yaradılması üzrə nümunəvi investisiya layihələrinin təqdimatı keçirilib, kiçik həcmli investisiya layihələrinin ümumi dəyərinin 100%-dək hissəsinin dövlətin güzəştli kreditləri hesabına maliyyələşdiriləcəyi bildirilib, sahibkarlara nümunəvi layihələr və metodiki materiallar paylanıb.

Sahibkarlığa Kömək Milli Fondunun icraçı direktoru Şirzad Abdullayev bildirib ki, indiyədək Quba-Xaçmaz iqtisadi rayonunda fəaliyyət göstərən sahibkarlıq subyektlərinin 2300-dən çox investisiya layihəsinin maliyyələşdirilməsinə 184,2 milyon manat güzəştli kredit verilib, digər sahələrlə yanaşı, müasir texnologiyaların tətbiqinə əsaslanan logistik mərkəzlərin, taxıl anbarlarının, quşçuluq fabrikinin, çörək zavodunun, istixana, üzümçülük, intensiv bağçılıq təsərrüfatlarının, meyvə-tərəvəz emalı, tara, tikinti materialları istehsalı müəssisələrinin yaradılması və s. sahələr üzrə investisiya layihələri maliyyələşdirilib.

İşgüzar forum çərçivəsində Quba-Xaçmaz iqtisadi rayonunda fəaliyyət göstərən sahibkarlıq subyektlərinə 365 min manat güzəştli kredit verilib. Verilən kreditlər əsasən, heyvandarlıq, bağçılıq, tərəvəzçilik və s. sahələrin inkişafına yönəldiləcəkdir. Bu kreditlərin reallaşdırılması hesabına 30-a yaxın yeni iş yerinin açılması mümkün olacaq.

Forum çərçivəsində Xaçmazda güzəştli kredit ayrılmış “Yalama Aqropark”ın faəliyyətinə baxış keçirilib. Artıq aqroparkda 1-ci mərhələ üzrə işlər başa çatdırılıb. Bu mərhələdə 3000 başlıq cins iri buynuzlu heyvandarlıq kompleksi, müasir suvarma sisteminin tətbiqi ilə 385 hektar sahədə iri taxılçılıq təsərrüfatı, yem zavodu yaradılıb, zavodun davamlı və fasiləsiz xammala olan tələbatının ödənilməsi məqsədilə taxıl anbarı və qurutma avadanlığı quraşdırılıb. Yem zavodunda istehsal olunan qüvvəli yem aqroparkın tələbatının ödənilməsi ilə yanaşı, regionda fəaliyyət göstərən təsərrüfatların tələbatının ödənilməsində əhəmiyyətli rol oynayır. Heyvandarlıq kompleksinin yem bazasının formalaşdırılması məqsədilə növbəli əkin sistemi tətbiq olunmaqla müxtəlif kənd təsərrüfatı bitkiləri (arpa, qarğıdalı) əkilir.

Ötən il aqroparkda 100 hektar sahədən respublika üzrə rekord səviyyədə məhsuldarlıq – hər hektardan 15.6 ton yüksək keyfiyyətli dənlik qarğıdalı tədarük olunub. 2-ci mərhələdə aqroparkda müasir texnologiyanın tətbiqi ilə emal müəssisələrinin yaradılması nəzərdə tutulur. Bundan başqa, aqroparkın yem bazasının gücləndirilməsi məqsədilə 956 hektar sahədə iri taxılçılıq təsərrüfatı yaradılacaqdır. Artıq ərazidə müasir suvarma sistemlərinin quraşdırılması üçün layihələndirmə işləri aparılır. Hazırda aqroparkda 150 nəfər çalışır və 2-ci mərhələ başa çatdıqdan sonra 300-dən artıq yeni iş yeri yaradılacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti