...

Vergi yükünün səviyyəsinə görə Azərbaycan bir çox ölkələrdən daha əlverişli mövqedədir

İqtisadiyyat Materials 15 Mart 2017 11:08 (UTC +04:00)
Ölkədə həyata keçirilən dövlət vergi siyasətinin əsas hədəflərindən biri vergi yükünün optimallaşdırılması və vergi yükünün tədricən istehsaldan istehlaka keçirilməsinin təmin edilməsidir.
Vergi yükünün səviyyəsinə görə Azərbaycan bir çox ölkələrdən daha əlverişli mövqedədir

Bakı. Trend:

Vergi qanunvericiliyində edilmiş və 1 yanvar 2017-ci il tarixdən qüvvəyə minmiş dəyişikliklər vergi ödəyicilərinin hüquqlarının genişləndirilməsi və onlara göstərilən xidmətlərin səviyyəsinin artırılması ilə yanaşı, vergi yükünün azaldılmasını da nəzərdə tutur. Bu da təbiidir, çünki ölkəmizdə həyata keçirilən dövlət vergi siyasətinin əsas hədəflərindən biri vergi yükünün optimallaşdırılması və vergi yükünün tədricən istehsaldan istehlaka keçirilməsinin təmin edilməsidir.

Vergilər Nazirliyinin Media və Kommunikasiya Mərkəzindən Trend-ə verilən məlumata görə, vergi yükünün optimallaşdırılması məqsədilə bir sıra mallar və xidmətlər üzrə vergilərin dərəcələri tam və ya qismən azaldılıb, bir sıra vergi güzəştləri tətbiq olunub ki, bu da vergi ödəyiciləri üçün əlverişli vergi mühitinin yaranmasına şərait yaradıb.

Vergi ödəyicilərinin müəyyən dövr ərzində həyata keçirdikləri təsərrüfat fəaliyyəti ilə bağlı ödədikləri vergilərin məcmusu vergi yükü hesab olunur və bu göstəricinin səviyyəsi vergi ödəyicisinin ödədiyi vergilərin onun əldə etdiyi gəlirlərə nisbəti kimi müəyyən edilir. Bir sıra beynəlxalq təşkilat və qurumlar dünya ölkələrinin müxtəlif metodologiyalar əsasında hesablanmış illik vergi yükü barədə məlumatları mütəmadi olaraq dərc etdirirlər. Dünya Bankının «Doing business» hesabatı (ümumi vergi dərəcəsi), Heritage Fondunun «İqtisadi azadlıq indeksi» kimi məlumatlar da bu qəbildəndir.

«Doing business 2017» hesabatının Vergilərin ödənilməsi (Paying Taxes) indikatoru üzrə Azərbaycanın ümumi vergi dərəcəsi (o cümlədən sosial sığorta ödəmələri daxil olmaqla) 39,8% göstərilmişdir. Həmin hesabatda Portuqaliya (39,8%), Niderland (40,4%), Türkiyə (41,1%), ABŞ (44%), Avstraliya (47,6%), Almaniya (48,9%), İspaniya (49,0%), Avstriya (51,6%), İtaliya (62%) və Fransa (62,8%) kimi inkişaf etmiş ölkələrin vergi yükü daha yüksək olmaqla əks etdirilmişdir. Bu göstərici keçmiş sovet dövlətlərindən Moldovada 40,4%, Litvada 42,7%, Rusiyada 47,4%, Estoniyada 48,7%, Ukraynada 51,9%, Belarusda 54,8%-dir. Qeyd etmək lazımdır ki, bura sosial sığorta ödəmələri də daxildir.

Heritage Fondunun 2017-ci il üzrə dərc etdirdiyi rəsmi «İqtisadi azadlıq indeksi»ndə isə Azərbaycanın vergi yükü (sosial sığorta ödəmələri nəzərə alınmadan) 14,2% olmaqla 28-ci yerdə göstərilmişdir. Bu sıralamada vergi yükünün səviyyəsinə görə Azərbaycan bir çox ölkələrdən daha əlverişli mövqeyə malikdir. MDB ölkələrindən Qazaxıstan (13,2%) bu sıralamada 20-ci yerdə qərarlaşmışdır. Hesabatın 2017-ci il üzrə göstəricilərinə əsasən Özbəkistan 19,7%, Qırğızıstan 20,8%, Tacikistan 22,8%, Belarus 23%, Ermənistan 23,5%, ABŞ 26%, Latviya 27,8%, Türkiyə 28,7%, Litva 29,3%, Rusiya isə 35,3% vergi yükünə malikdir. Göründüyü kimi, Azərbaycanda vergi yükü ümumilikdə bir sıra Avropa və MDB ölkələrindən daha aşağı səviyyədədir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti