...

15 mart - Ümumdünya İstehlakçıların Hüquqlarının Müdafiəsi Günüdür

İqtisadiyyat Materials 15 Mart 2017 16:28 (UTC +04:00)
“Düzgün məlumat - istehlakçının seçim hüququnun təminatıdır!” mövzusunda dəyirmi masa keçirilib
15 mart - Ümumdünya İstehlakçıların Hüquqlarının Müdafiəsi Günüdür

Bakı. Trend:

Bu gün Ümumdünya İstehlakçı Hüquqlarının Müdafiəsi Günüdür. 1983-cü ildən etibarən hər il qeyd olunan bu gün bütün dünyada olduğu kimi ölkəmizdə də qeyd edilir.

İqtisadiyyat Nazirliyinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, Ümumdünya İstehlakçıların Hüquqlarının Müdafiəsi Günü ilə əlaqədar İqtisadiyyat Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətinin təşkilatçılığı ilə bu gün “Düzgün məlumat - istehlakçının seçim hüququnun təminatıdır!” mövzusunda Dəyirmi Masa keçirilib. Tədbirdə aidiyyəti dövlət qurumlarının, yerli və beynəlxalq ictimai təşkilatların nümayəndələri, KİV təmsilçiləri və sahibkarlar iştirak ediblər.

Dövlət Xidmətinin rəisi Zahid İsayev Azərbaycanda istehlakçı hüquqlarının müdafiəsi sahəsində dövlət siyasətinin əsasının Ümummilli Lider Heydər Əliyev tərəfindən qoyulduğunu və Prezident İlham Əliyevin rəhbərliyi ilə bu sahədə işlərin daha da gücləndirildiyini vurğulayıb. İstehlakçı hüquqlarının qorunmasının ölkəmizdə həyata keçirilən sosial-iqtisadi siyasətin prioritetlərindən olduğunu qeyd edən Z.İsayev bu istiqamətdə Dövlət Xidməti tərəfindən kompleks tədbirlərin həyata keçirildiyini diqqətə çatdırıb, Dövlət Xidməti tərəfindən maarifləndirmə, təbliğat-təşviqat tədbirləri çərçivəsində kompleks işlərin həyata keçirilməsinin davam etdirildiyini vurğulayıb.

Tədbirdə bildirilib ki, istehlak bazarında satılan malların, görülən iş və göstərilən xidmətlərin keyfiyyət və təhlükəsizliyi ilə bağlı bir sıra müsbət dəyişikliklər müşahidə olunur. Aparılan maarifləndirmə tədbirlərinin nəticəsi olaraq istehlakçı hüquqlarının müdafiəsində ictimai nəzarətin rolu əhəmiyyətli dərəcədə artıb.

Dəyirmi masada həmçinin, yerli və beynəlxalq ictimai təşkilatların nümayəndələri və sahibkarlar istehlakçı hüquqlarının qorunması sahəsində görülən işlər, bu sahədə sahibkarların vəzifələri barədə məlumat verib, həyata keçirilən tədbirlərin səmərəliliyinin artırılması istiqamətində müxtəlif təkliflər səsləndiriblər.

Sonda tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılıb, istehlakçı hüquqlarına dair maarifləndirici materiallar paylanıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti