...

"Avtomatlaşdırılmış gömrük tranzit sistemi" ilə bağlı müzakirələr aparılır

İqtisadiyyat Materials 31 Mart 2017 17:18 (UTC +04:00)
Asiya İnkişaf Bankının risklərin idarə olunması və gömrük-məlumat mübadiləsi üzrə mütəxəssisləri Bakıda səfərdədir.
"Avtomatlaşdırılmış gömrük tranzit sistemi" ilə bağlı müzakirələr aparılır

Bakı. Trend:

Asiya İnkişaf Bankının risklərin idarə olunması və gömrük-məlumat mübadiləsi üzrə mütəxəssisləri Bakıda səfərdədir.

Dövlət Gömrük Komitəsindən Trend-ə verilən məlumata görə, martın 30-dan başlanan səfər Mərkəzi Asiya Regional İqtisadi Əməkdaşlıq (CAREC) proqramı çərçivəsində Asiya İnkişaf Bankı tərəfindən təşkil olunub.

Məqsəd "Avtomatlaşdırılmış gömrük tranzit sistemi" pilot layihəsində Azərbaycan, Gürcüstan və Qazaxıstanın iştirakı ilə bağlı müzakirələr aparmaqdır.

Ekspert qrupuna daxil olan mütəxəssislər - Nayjel Mur və Vibon Çaojirapant artıq səfərin ilk günü Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsində görüşlər keçiriblər. Komitənin Fəaliyyətin Qiymətləndirilməsi və İnkişaf Proqramları Baş İdarəsi, Gömrük Nəzarətinin Təşkili Baş İdarəsi və Xarici Əlaqələr İdarəsində təşkil olunan görüşlərdə qarşılıqlı maraq doğuran məsələlər ətrafında müzakirələr və fikir mübadiləsi aparılıb.

AİB-nin ekspertləri Dövlət Gömrük Komitəsində "Hədəf" Mərkəzinə də baxış keçirib, gömrük xidmətinin müasirləşdirilməsi layihələri ilə tanış olublar.

Qeyd edək ki, "Avtomatlaşdırılmış gömrük tranzit sistemi" pilot layihəsi CAREC regionunda hərtərəfli regional tranzit zəmanət sxemi qismində malların hərəkətini asanlaşdırmaq məqsədi daşıyır.

Asiya İnkişaf Bankının mütəxəssislərinin Azərbaycana səfəri aprelin 3-dək davam edəcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti