...

Azərbaycan "Üçüncü Ümumrusiya Əməyin Mühafizəsi Həftəsi"ndə iştirak edir (FOTO)

İqtisadiyyat Materials 12 Aprel 2017 14:07 (UTC +04:00)
Azərbaycan nümayəndə heyəti “Üçüncü Ümumrusiya Əməyin Mühafizəsi Həftəsi” tədbirində iştirak edir.
Azərbaycan "Üçüncü Ümumrusiya Əməyin Mühafizəsi Həftəsi"ndə iştirak edir (FOTO)

Bakı. Trend:

Azərbaycan Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMN) yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin rəisi Fuad Əlizadənin başçılıq etdiyi nümayəndə heyəti 28 Aprel – Beynəlxalq Əməyin Mühafizəsi günü çərçivəsində Rusiyanın Soçi şəhərində təşkil edilən “Üçüncü Ümumrusiya Əməyin Mühafizəsi Həftəsi” (10-14 aprel) tədbirində iştirak edir.

Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən Trend-ə verilən məlumata görə, Rusiya hökumətinin, ayrı-ayrı ölkələrin aidiyyəti qurumlarının, beynəlxalq təşkilatların, iri işəgötürənlərin nümayəndələrinin iştirak etdiyi tədbir əməyin mühafizəsi sisteminin yaxşılaşdırılması, əmək mədəniyyətinin yüksəldilməsi, bu sahədə qabaqcıl praktikaların təbliği, sağlam həyat tərzinin formalaşdırılması və s. məsələlərin müzakirəsinə həsr olunub.

Tədbirdə çıxış edən F.Əlizadə Azərbaycanda əməyin mühafizəsi sahəsində aparılan dövlət siyasəti barədə məlumat verib, ötən dövrdə Azərbaycan tərəfindən BƏT-in 57 konvensiyasının, o cümlədən əməyin təhlükəsizliyinə dair konvensiyaların ratifikasiya olunduğunu qeyd edib. Xidmət rəisi ölkəmizdə əmək müfəttişliyi sisteminin qurulması və inkişafı tədbirlərini, Dövlət Əmək Müfəttişliyi Xidmətinin təşkilati strukturu və kadr potensialı barədə məlumatları diqqətə çatdırıb. O bildirib ki, son illərdə müvafiq layihə çərçivəsində iş yerlərində əməyin mühafizəsi normalarına uyğunluğun ekspertizası məqsədilə Xidmətin laboratoriyalarının çoxfunksiyalı ölçü cihazları ilə təminatı həyata keçirilib.

Ölkəmizdə əmək və sosial müdafiə sisteminin avtomatlaşdırıldığını qeyd edən F.Əlizadə Xidmətin fəaliyyətində də müasir texnologiyaların tətbiq olunduğunu vurğulayıb. O diqqətə çatdırıb ki, 2014-cü ilin iyul ayından işə salınan əmək müqaviləsi bildirişləri üzrə elektron informasiya sistemi əmək bazarına, əmək hüquqlarının təminatına dövlət nəzarəti sisteminin müasir, çevik və şəffaf idaretmə mexanizmi əsasında qurulmasına imkan verib. Həmin sistem mötəbər beynəlxalq qurumlar tərəfindən müasir dünyanın qabaqcıl təcrübəsi kimi dəyərləndirilərək təbliğ olunur. Əmək münasibətlərinin elektron qeydiyyatı sahəsində Azərbaycanın təcrübəsi ayrı-ayrı ölkələr tərəfindən də öyrənilir. Cəmiyyətdə maraqla qarşılanan bu sistemə təkcə cari ilin ilk rübündə 657,4 mindən çox müraciət qeydə alınıb. Ötən ilin avqust ayında istifadəyə verilən “İstehsalatda baş verən bədbəxt hadisə barədə aidiyyəti dövlət strukturuna məlumatların verilməsi” e-xidməti isə belə hadisələr barədə işəgötürənlər tərəfindən Xidmətə məlumat verilməsi prosesinin online rejimdə, daha rahat və operativ şəkildə həyata keçirilməsinə səbəb olub.

Aidiyyəti beynəlxalq qurumlarla əməkdaşlıq əlaqələrindən də bəhs edən F.Əlizadə həmçinin ölkəmizdə sosial tərəfdaşların əməyin mühafizəsi sahəsində birgə fəaliyyətini, müvafiq sahədə fəaliyyətin əlaqələndirilməsi üçün üçtərəfli milli sosial şuranın yaradıldığını qeyd edib. Xidmət rəisi 2016-cı ilin sentyabr ayında Azərbaycanda yaradılan Sоsial və İqtisadi Məsələlər üzrə Üçtərəfli Komissiyanın fəaliyyət istiqamətləri sırasına əməyin mühafizəsinə dair məsələlərin də daxil olduğunu bildirib.

Çıxışda səsləndirilən məlumatlar, o cümlədən əmək müqaviləsi bildirişləri üzrə elektron informasiya sistemi barədə qeyd edilənlər tədbir iştirakçıları tərəfindən maraqla qarşılanıb. F.Əlizadə tədbir iştirakçılarının suallarını da cavablandırıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti