...

Nazir: "İşsizlikdən sığorta haqqında” qanun Milli Məclisə təqdim olunub (FOTO)

İqtisadiyyat Materials 26 Aprel 2017 13:32 (UTC +04:00)
Əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümovla Azərbaycanda Amerika Ticarət Palatasının nümayəndələri arasında işgüzar görüş keçirilib.
Nazir: "İşsizlikdən sığorta haqqında” qanun Milli Məclisə təqdim olunub (FOTO)

Bakı. Trend:

“İşsizlikdən sığorta haqqında” Azərbaycan Respublikası Qanununun layihəsi Milli Məclisə təqdim olunub”.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən Trend-ə verilən məlumata görə, bunu əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov Amerika Ticarət Palatasının (“AmCham”) nümayəndələri ilə görüşdə deyib.

Yerli və xarici şirkətlərin, biznes qurumlarının təmsilçilərinin iştirakı ilə keçirilən görüşü “AmCham”ın prezidenti Nuran Kərimov giriş sözü ilə açaraq Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə “AmCham” arasında səmərəli əməkdaşlıqdan məmnunluğunu ifadə edib.

Görüşdə S.Müslümov Azərbaycanda iqtisadi inkişaf proseslərində Palatanın fəal iştirakını yüksək dəyərləndirib, nazirliyin “AmCham”la əməkdaşlığa, ümumən özəl sektorla aidiyyəti iş sahələrində sosial dialoqun güclənməsinə xüsusi önəm verdiyini diqqətə çatdırıb: “Qlobal miqyasdakı siyasi, sosial və iqtisadi kataklizmlərdən qaynaqlanan ciddi çətinliklərin Azərbaycana təsirlərinin minimallaşdırılması və milli iqtisadiyyatın dayanıqlı inkişafının təmin olunması üçün Azərbaycan Prezidenti cənab İlham Əliyev tərəfindən aparılan uğurlu islahatlar eyni zamanda sahibkarlığın dəstəklənməsi tədbirlərinin daha da güclənməsinə səbəb olub. Müsbət haldır ki, bunun müqabilində özəl sektorun da iqtisadiyyatda rolu artmaqla bərabər, iş yerlərinin yaradılmasında iştirakı da getdikcə aktivləşir. Cari ilin ilk rübündə ölkədə yaradılan yeni iş yerlərinin də 40 mindən çoxu özəl sektorda açılıb”.

S.Müslümov bildirib ki, əmək bazarı qlobal iqtisadi böhranın təsirlərinə daha tez məruz qalan sahələrdən biridir. Bununla əlaqədar son vaxtlar dünyada baş verən proseslərə adekvat olaraq, əmək bazarında sabitliyin təmin edilməsi üçün qısamüddətli effekt verən təlim, işaxtaranlara kömək və dövlət məşğulluğu tədbirləri, həm də uzunmüddətli səmərə üçün biznesə güzəştlərin verilməsi, dövlət köməyi kimi tədbirlərdən istifadə olunub: “Məşğulluq sahəsində cənab Prezidentin irəli sürdüyü sosial məsuliyyətin bölgüsü prinsipi çərçivəsində dövlət şirkətləri ilə birgə, yəni onlardan təqdim olunan vakansiyalar əsasında aktiv məşğuluq tədbirləri cari ildə də davam etdirilib. Bu ilin ilk rübündə 17,9 min işçi ilə əmək müqaviləsinin müddəti uzadılmaqla, 23,5 min işçi ilə işəgötürən tarasında yeni əmək müqaviləsi bağlanıb. Beləliklə, bu müddətdə sosial məsuliyyətin bölüşdürülməsi çərçivəsində 41,4 min nəfər işaxtaranın məşğulluğu təmin olunub. Bu çərçivədən kənar təqdim edilən vakansiyalar da nəzərə alınmaqla 2017-cı ilin birinci rübündə nazirliyin məşğulluq orqanları tərəfindən 26,7 min nəfərin işlə təminatı həyata keçirilib. Həmçinin,1 226 nəfər peşə hazırlığı və əlavə təhsil kurslarına cəlb edilib, əmək bazarının tələblərinə uyğun düzgün peşə seçiminə dəstək məqsədilə 32,1 min nəfər gəncə peşəyönümü məsləhətləri verilib. İşçi qüvvəsinin rəqabət qabiliyyətinin artırılması məqsədilə nazirlik tərəfindən son illərdə İSCO88/08-ə uyğun şəkildə beynəlxalq və milli əmək bazarının tələblərinə uyğun kompetensiyalar əsasında təkmilləşdirilmiş 350-dən artıq peşə standartı, 63 kvalifikasiya standartı hazırlanaraq işəgötürənlərin istifadəsinə verilib”.

Nazir Azərbaycan Prezidenti İlham Əliyevin 7 aprel 2016-cı il tarixli Sərəncamına əsasən, nazirlik tərəfindən özünüməşğulluq proqramı çərçivəsində aparılan işləri də diqqətə çatdırıb. S.Müslümov proqram çərçivəsində verilmiş aktivlər hesabına cari ilin 1 aprel tarixinə ölkədə artıq 400-dək yeni ailə təsərrüfatının yaradıldığını, hazırda prosesin davam etdirildiyini, qeyd olunan işlərin sosial və iqtisadi əhəmiyyətini diqqətə çatdırıb.

S.Müslümov sosial təminat sistemində əhatəliliyin və səmərəliliyin yüksəldilməsinin, ünvanlılığın və şəffaflığın təmin olunmasına əsas vəzifələr olduğunu vurğulayıb: “Ölkədə sosial müdafiə sistemi vasitəsilə 1 milyon 319 min nəfər əmək pensiyası, 466,4 min nəfər müxtəlif növ müavinətlər, 130,8 min ailənin 546 min nəfər üzvü isə ünvanlı sosial yardım alır. Həmin insanlara nazirliyin yerli orqanları vasitəsilə hər ay 316,3 milyon manat vəsait ödənilir. Dünya Bankı tərəfindən qiymətləndirmələr aparılarkən, ölkəmizdəki sosial müdafiə sisteminin geniş əhatəliliyə malik olduğu, yoxsulluğun azaldılmasında mühüm rol oynadığı, yoxsul sayıla biləcək əhalinin 90,1 faizini əhatə etdiyini müəyyən olunub”.

Nazir son illərdə İKT-nin əmək və sosial müdafiə sahələrində geniş tətbiqi nəticəsində bu sahələrdə müasir və səmərəli idarəetmə mexanizmlərinin yaradıldığını və əhaliyə xidmətlərin bütünlüklə elektron müstəviyə keçirilərək tam şəffaflaşdırıldığını diqqətə çatdırıb: “Hazırda nazirliyin böyük sosial tələbə malik 30-dək elektron xidməti əhalinin istifadəsindədir ki, təkcə cari ilin ilk rübündə həmin elektron xidmətlərə 2 milyon 607 min dəfə müraciət edilib. Bu da həmin dövrdə “Elektron hökumət” portalına müraciətlərin 52,6 faizini təşkil edir. Nazirliyin xidmət sahələrində ünvanlılıq, şəffaflıq və ədalətlilik prinsiplərinin təmin olunması əmək və sosial müdafiə sahələri ilə əlaqədar ictimai məmnunluq yaradıb, eyni zamanda həmin sahələrlə bağlı şikayət xarakterli müraciətlərin kəskin şəkildə, yəni 5,2 dəfə azalaraq minimuma enməsinə səbəb olub”. S.Müslümov əmək müqaviləsi bildirişləri üzrə elektron informasiya sisteminin bütün əmək münasibətlərinin elektronlaşdırılaraq şəffaflaşdırılmasına imkan verdiyini, yalnız işçilərin deyil, işəgötürənlərin də hüquqi mənafelərinə xidmət etdiyini, əmək bazarının elektron güzgüsünə çevrilərək dolğun ingormasiya bazası formalaşdırdığını bildirib.

Nazir qeyd edib ki, ümumilikdə işəgötürənlərlə iş sahələri, sosial sığorta münasibətləri də elektron infrastruktur üzərində, şəffaf şəkildə qurulub. Bu yöndə növbəti addım kimi, cari il aprelin əvvəlindən sığortaedənlərin təqdim etdiyi hesabat formaları vahid rüblük hesabatla əvəz edilməklə, fərdi uçot əsaslı vahid rüblük hesabat alt sistemi istifadəyə verilib. Nəticədə sosial sığorta sahəsində hesabat sistemi daha sadələşdirilməklə, biznes subyektlərinin hesabat yükünün azalması təmin edilib: “Ölkənin sosial müdafiə sisteminin təkmiləşdirilməsi məqsədilə görülən işlərin bir istiqaməti də qabaqcıl dünya praktikası əsasında işsizlikdən sığorta sisteminin formalaşmasına, işçilərin bu və ya digər şəraitdə iş yerlərini itirdikləri halda onların etibarlı sosial müdafiə sistemi ilə əhatə olunmasına yönəlib. Bununla əlaqədar “İşsizlikdən sığorta haqqında” Azərbaycan Respublikası Qanununun layihəsi hazırlanıb və hökumət qurumları, sosial tərəfdaşlarla razılaşdırılaraq, rəy və təkliflər əsasında daha da təkmilləşdirilib və artıq Milli Məclisə təqdim olunub. Belə bir sistemin qurulması yalnız işsizliyə görə sosial müdafiənin təmin olunmasında deyil, aktiv əmək bazarı proqramlarının, o cümlədən özünüməşğulluq proqramının genişləndirilməsində də mühüm rol oynayacaq, həmçinin qeyri-formal əməyin rəsmiləşdirilməsində işçilər üçün stimul yaradacaq”.

Nazir pensiya təminatı sahəsində islahat tədbirləri, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa edilmiş dəyişikliklər, onların mahiyyəti və məqsədləri, sosial tərəfdaşlıq sahəsində görülən işlər, Sosial və İqtisadi Məsələlər üzrə Üçtərəfli Komissiyanın fəaliyyəti və s. barədə görüş iştirakçılarına ətraflı məlumatlar verib.

Daha sonra S.Müslümov Palata üzvlərinin, iş adamlarının aidiyyəti mövzularda suallarını cavablandırıb. Tədbirdə ümumi maraq doğuran məsələlərə (o cümlədən yeni işsizlik sığortası sisteminin tətbiqi, işçi qüvvəsinin bilik və bacarıq səviyyələrinin artırılması, qeyri-leqal məşğulluğun aradan qaldırılması, biznes strukturlarının sosial məsuliyyəti və s.) dair fikir mübadiləsi aparılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti