...

Ağstafada 4 avtomobil körpüsünün tikintisi yekunlaşır (VİDEO/FOTO)

İqtisadiyyat Materials 1 May 2017 10:15 (UTC +04:00)
Ağstafa rayonu ərazisində 4 körpünün tikintisi ilə bağlı görülən işlər yekunlaşmaq üzrədir.
Ağstafada 4 avtomobil körpüsünün tikintisi yekunlaşır (VİDEO/FOTO)

Bakı. Trend:

Azərbaycan hökuməti ilə Asiya İnkişaf Bankı (ADB) arasında bağlanmış sazişə əsasən, Ağstafa rayonu ərazisində 4 körpünün tikintisi ilə bağlı görülən işlər yekunlaşmaq üzrədir.

Bu barədə Trend-ə “Azəravtoyol” ASC-dən məlumat verilib.

Vətəndaşların rahat və təhlükəsiz gediş-gəlişini təmin etmək məqsədi ilə “Azəravtoyol” ASC tərəfindən Ağstafa-Poylu-Gürcüstan Respublikası ilə Dövlət sərhədi avtomobil yolunda 3 ədəd, Ağstafa-Poylu-Düzqışlaq-Qazax yerli avtomobil yolunun üzərində isə 1 ədəd körpünün inşası son mərhələdədir. Yeni avtomobil körpüləri Ağstafaçay, Acıdərəçay və Kür çayları, həmçinin dəmir yolu üzərində yerləşir.

Sözügedən körpülər istismar müddəti bitdiyi üçün qəzalı vəziyyətdə idilər. Dəmir yolu və Acıdərəçay üzərində yerləşən körpülər ötən əsrin 60-cı illərində, Ağstafaçay üzərindəki körpü 70-ci illərdə, Kür çayı üzərində yerləşən körpü isə 120 il bundan öncə, yəni 1897-ci ildə inşa edilib. Layihə çərçivəsində dəmir yolu, Acıdərəçay və Ağstafaçay üzərindəki körpülər sökülüb, Kür çayı üzərindəki körpü isə tarixi əhəmiyyəti nəzərə alınaraq saxlanılıb.

Ağstafa-Poylu-Gürcüstan Respublikası ilə Dövlət sərhədi avtomobil yolunun 2-ci km-də inşa edilən və dəmiryolu üzərindən keçən körpünün uzunluğu 34 m, yolun 17-ci km-də Kür çayı üzərindən inşa edilən körpünün uzunluğu 184 m və 29.5 km-də Acıdərəçay üzərində inşa edilən körpünün uzunluğu isə 64 m-dir. Ağstafa-Poylu-Düzqışlaq- Qazax yerli avtomobil yolunun girişində, Ağstafaçay üzərində inşa edilən körpünün uzunluğu isə 81 m-dir. Dəmir yolu üzərindəki körpü 1, digərləri isə 3 aşırımlıdır və hər birinin eni 14,5 metr təşkil edir.

Hər bir körpünün bünövrəsinin, dayaqlarının və aşırım hissəsinin tikintisi işləri tam olaraq yekunlaşıb. Hazırda körpülərin yanaşma yollarının və dəmir-beton özül dayaqlarının (döşəməsinin) asfaltlanması işləri aparılır. Körpülərə yanaşma yolları 3-cü texniki dərəcəli və 2 hərəkət zolaqlı olmaqla uzunluqları 1250 metr, eni 12 metr, hər bir istiqamət üzrə çiyinlərin eni bərkidici zolaqla birlikdə 2.5 metr təşkil edir.

Bütün işlər “Azəravtoyol” ASC-nin rəhbərliyinin nəzarəti altında yüksək keyfiyyətllə və texnoloji ardıcıllığa riayət olunmaqla aparılır. Həyata keçirilmiş fiziki işlərin həcmi 85% təşkil edir. 4 körpünün hər birinin bu il ərzində vətəndaşların istifadəsinə verilməsi nəzərdə tutulub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti