...

14 rayonda torpaqlar tədqiq olunacaq (FOTO)

İqtisadiyyat Materials 8 May 2017 14:18 (UTC +04:00)
Əmlak Məsələləri Dövlət Komitəsinin mobil torpaq laboratoriyaları Sabirabad rayonunda fermerlərə xidmət göstərib.
14 rayonda torpaqlar tədqiq olunacaq (FOTO)

Bakı. Trend:

Əmlak Məsələləri Dövlət Komitəsinin mobil torpaq laboratoriyaları Sabirabad rayonunda bu gün fermerlərə xidmət göstərib.

Komitədən Trend-ə verilən məlumata görə, rayonun əkin sahələrində, o cümlədən pambıq tarlalarında torpaqların münbitlik, keyfiyyət göstəriciləri müəyyən edilib. Mobil laboratoriyalar vasitəsilə əkin sahələrinin yararlıq dərəcələri, analizlər nəticəsində torpağın “qida rasionu” müəyyənləşdirilib. Torpaqların ən vacib göstəriciləri, onların morfoloji xüsusiyyətləri yəni nəmliyi ümumi humusu, karbonatlığı, quru qalığı, udulmuş əsasları, nəmliyi, temperaturu və s. təyin olunub.

Aparılan təhlillər əsasında torpağa hansı mineral və ya üzvü gübrələrdən hansı həcmdə verilməsi müəyyənləşib. Kəndlilər aparılan torpaq analizlərinin nəticələrinə əsasən yaxşı məhsul almaq üçün lazımi, o cümlədən aqrokimyəvi tədbirlər barədə operativ olaraq, elə həmin gün məlumat alıblar. Mobil laboratoriya xidməti bir başa olaraq kəndlinin əkin biçin yerlərində göstərilməklə rahatlığı, səmərəliliyi, operativliyi təmin edir. Bununla fermerlər vaxtlarını qənaət etmiş olmaqla zamanını düzgün planlaşdıra bilirlər. Eyni zamanada bu, fermerlərin torpaqlardan səmərəli istifadə etməsinə, məhsuldarlığın xeyli artmasına imkan verəcək.

Qeyd edilməlidir ki, Komitə tərəfindən tətbiq olunan innovativ layihələrin əsas məqsədi vətəndaş məmnunluğunun artırılmasına yönəlir. Mobil laboratoriyaların istifadəyə verilməsi də bu amala xidmət edir. Mobil laboratoriyalar müasir tələblərə cavab verən, mütərəqqi texnologiyalarla təchiz edilib. Laboratoriya ilə fermerlər əkin sahələrinin yararlı olub olmamasını, hansı növ bitkilərin əkilməsinin daha optimal olduğunu əvvəlcədən öyrənə bilirlər. Xidmət istənilən ucqar kənd yerlərində fəaliyyət göstərən fermerlərə belə göstərilir.

Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən torpaqların keyfiyyətinin öyrənilməsi məqsədilə mobil laboratoriyalarla yanaşı, Bakıda da stasionar laboratoriya da fəaliyyət göstərir. Mobil laboratoriyalardan fərqli olaraq stasionar laboratoriya dövlət sifarişi əsasında iri miqyaslı çöl-torpaq tədqiqatı işlərinin yerinə yetirilməsini təmin edir. 2017-ci ildə 14 rayonda - Agcabədi, Şabran, İmişli, Qəbələ, Kürdəmir Şəmkir, Samux, Zərdab, Masallı və digər bölgələrin 657 min hektardan çox ərazisində irimiqyaslı çöl torpaq tədqiqatı işləri aparılacaq. Çöl torpaq tədqiqatı və laboratoriya analizlərinin nəticələrinə əsaslanaraq bu rayonların torpaq, şorlaşma və eroziya xəritələri hazırlanacaq. Eyni zamanda həmin ərazilərin torpaqlarının bonitirovkası və iqtisadi qiymətləndirilməsi işləri paralel olaraq aparılacaq. Bununla yanaşı, cari ildə respublikanın müvafiq regionlarının 810 min hektara yaxın ərazisində, yay və qış otlaqlarında irimiqyaslı çöl geobotaniki tədqiqat işləri tam yerinə yetiriləcək. 2020-ci ilədək Azərbaycanda torpaqların keyfiyyət göstəricilərinə görə uçotunun aparılması nəzərdə tutulub.

Torpaqları haqqında daha əsaslı məlumat almaq istəyən kənd təsərrüfatı sahəsində çalışan vətəndaşlar Komitəyə müraciət edərək torpaqların keyfiyyəti, onların problemləri və bu problemlərin aradan qaldırılması üçün zəruri tədbirlər barədə tövsiyyələrdən yararlana bilərlər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti