Bakı. Trend:
İqtisadiyyat naziri, Azərbaycan və Macarıstan Hökuməti arasında iqtisadi əməkdaşlıq üzrə Birgə Komissiyanın həmsədri Şahin Mustafayev Macarıstanın ölkəmizdəki səfiri İmre Laslotskinı qəbul edib.
Nazirlikdən Trend-ə verilən məlumata görə, Azərbaycan-Macarıstan iqtisadi əlaqələrinə və əməkdaşlığın genişləndirilməsi imkanlarına dair qarşılıqlı fikir mübadiləsinin aparıldığı görüşdə növbəti Azərbaycan-Macarıstan biznes forumunun keçirilməsi müzakirə edilib, bir sıra Macarıstan şirkətlərinin Azərbaycanda həyata keçirməkdə maraqlı olduğu layihələr diqqətə çatdırılıb.
Görüşdə qarşılıqlı dostluq prinsipləri üzərində qurulan Azərbaycan-Macarıstan əlaqələrinin iqtisadiyyatın müxtəlif sahələrində uğurla davam etdiyi, əməkdaşlığın inkişafında Azərbaycan və Macarıstan Hökuməti arasında iqtisadi əməkdaşlıq üzrə Birgə Komissiyanın fəaliyyətinin əhəmiyyəti vurğulanıb. Qeyd olunub ki, ölkələrimiz arasında 40-dan çox sənəd imzalanıb, qarşılıqlı səylər nəticəsində ticarət əlaqələri genişlənib. Hazırda Azərbaycanda 14 macar şirkəti fəaliyyət göstərir.
Təkcə 2005-2016-cı illərdə biznes dairələrinin iştirakı ilə 10-dan çox tədbir keçirilib.
Görüşdə ticarət əlaqələrinin genişləndirilməsi, investisiya qoyuluşu, tranzit yükdaşımaları, turizm, İKT və digər sahələrdə əlaqələrin genişləndirilməsi imkanları müzakirə edilib.