...

Pekində '"SOCAR GPC" layihəsi üzrə xidmət müqaviləsi imzalanıb (FOTO)

İqtisadiyyat Materials 15 May 2017 12:27 (UTC +04:00)
Pekində ''SOCAR GPC'' layihəsinə dair mühüm sənədlər imzalanıb.
Pekində '"SOCAR GPC" layihəsi üzrə xidmət müqaviləsi imzalanıb (FOTO)

Bakı. Trend:

Pekində ''SOCAR GPC'' layihəsinə dair mühüm sənədlər imzalanıb.

Trend SOCAR-ın saytına istinadən xəbər verir ki, mayın 14-də Pekində öz işinə başlamış “Bir kəmər- bir yol” strategiyası çərçivəsində beynəlxalq forumda Azərbaycanın nümayəndə heyəti də iştirak edir. Forumda 29 ölkə dövlət və hökumət başçıları səviyyəsində təmsil olunur, 110 ölkədən dövlət və özəl sektor təmsilçiləri, sərmayədarlar, habelə bir sıra beynəlxalq təşkilatların nümayəndələri iştirak edirlər.

Azərbaycan nümayəndə heyətində iqtisadiyyat naziri Şahin Mustafayev, SOCAR prezidenti Rövnəq Abdullayev, “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin (QSC) sədri Cavid Qurbanov, Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin (SMPDK) sədri Ramiz Həsənov, “Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” QSC-nin baş direktoru Taleh Ziyadov və başqa rəsmi şəxslər təmsil olunurlar.

Forum çərçivəsində ''SOCAR GPC'' layihəsinə dair Anlaşma Memorandumu imzalanıb. Memorandumu Azərbaycan tərəfindən SOCAR-ın prezidenti R.Abdullayev, Çin tərəfdən Milli Neft Korporasiyasının (CNPC) sədri Vanq Yilin və Çin İnkişaf Bankının (CDB) sədri Hu Huaybanq imzalayıblar.

Mayın 15-də isə Pekində “Bir kəmər - bir yol” forumu çərçivəsində SOCAR, CNPC və “Technip” şirkətləri arasında “SOCAR GPC” layihəsinə dair “Qaz Emalı Zavodu və Polietilen Neft-kimya Kompleksi ilə əlaqədar İlkin Detallı Layihələndirmə” üzrə Xidmət Müqaviləsi imzalanmışdır. Bu müqavilə “SOCAR GPC” layihəsi üçün İlkin Detallı Layihələndirmə işlərinin icrası istiqamətində HQC (CNPC şirkətinin törəməsi) və “Technip Italy” şirkətlərinin göstərəcəyi xidmətləri tənzimləyəcək. İmzalanma mərasimində SOCAR və CNPC şirkətlərinin prezidentləri iştirak etmişlər. Bildirilmişdir ki, HQC və “Technip Italy” şirkətləri 15 may 2017-ci il tarixindən etibarən müqaviləyə əsasən xidmətlərin göstərilməsinə başlayacaqlar.

“SOCAR GPC” layihəsi Azərbaycanda hasil edilən təbii qaz və qaz-kondensat xammalının emalını, təbii qazın tərkibində qaz kimya istehsalı üçün yararlı olan ağır fraksiyaların (C2+) polimerləşməsini və yüksək əlavə dəyər yaradan qaz-kimya məhsullarının istehsalını nəzərdə tutur. Yeni layihə çərçivəsində qaz emalı zavodu və qaz-kimya zavodunun inşa edilməsi, müvafiq qurğuların quraşdırılması, həmin zavod və qurğulara xidmət göstərmək üçün ümumzavod təsərrüfatının yaradılması planlaşdırılır.

Azərbaycan nümayəndə heyətinin səfəri davam edir. Heyət üzvləri “Bir kəmər - bir yol” forumu çərçivəsində bir sıra panel müzakirələrdə iştirak edəcək və ikitərəfli görüşlər keçirəcəklər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti