...

Xızı və Altıağacın içməli su və kanalizasiya sistemləri yenidən qurulur (FOTO)

İqtisadiyyat Materials 31 May 2017 14:40 (UTC +04:00)
Geniş turizm potensialına malik Xızı şəhərində və Altıağac qəsəbəsində içməli su və kanalizasiya sistemlərinin yenidən qurulur.
Xızı və Altıağacın içməli su və kanalizasiya sistemləri yenidən qurulur (FOTO)

Bakı. Trend:

Geniş turizm potensialına malik Xızı şəhərində və Altıağac qəsəbəsində içməli su və kanalizasiya sistemlərinin yenidən qurulur.

Bu barədə Trend-ə “Azərsu” Açıq Səhmdar Cəmiyyətindən (ASC) məlumat verilib.

Xızı şəhəri və Altıağac qəsəbəsinin su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması Azərbaycan hökuməti və Yaponiya Beynəlxalq Əməkdaşlıq Agentliyi tərəfindən birgə maliyyələşdirilən “Kiçik şəhərlərdə Su Təchizatı və Kanalizasiya Layihəsi” çərçivəsində həyata keçirilir. Layihə 2030-cu ilə qədər perspektiv inkişaf nəzərə alınmaqla Xızı şəhərində 3294, Altıağac qəsəbəsində 1423 nəfərin içməli su və kanalizasiya xidmətlərindən istifadəsinin yaxşılaşdırılmasına hesablanıb. Layihə çərçivəsində rayonun 1562 nəfər əhalisi olan Baxışlı, Tıxlı, Xələc kəndlərinə də içməli su veriləcək. Ümumilikdə layihədən 6279 nəfər faydalanacaq.

Layihənin birinci mərhələsində Qars su mənbəyində məhsuldarlığı 430 kubmetr/sutka, Yeddibulaq su mənbəyində məhsuldarlığı 40 kubmetr/sutka olan sugötürücü qurğu tikilmiş, 8,4 km magistral su xətti çəkilib. Xızı şəhəri və Altıağac qəsəbəsinin içməli suya olan tələbatının tam ödənilməsi və kanalizasiya sistemlərinin yenidən qurulması layihənin növbəti mərhələsində həyata keçirilir. Bu mərhələ çərçivəsində Dahardibi su mənbəyində məhsuldarlığı 864 kubmetr/sutka, Şəfa su mənbəyində isə 240 kubmetr/sutka olan sugötürücü qurğular, həmçinin ümumi uzunluğu 9,6 km olan magistral su kəmərləri inşa olunur. Eyni zamanda Xızı şəhərində hər birinin tutumu 1000 kubmetr olan 2 ədəd, Altıağac qəsəbəsində isə hər birinin tutumu 400 kubmetr olan 2 ədəd su anbarının inşası davam etdirilir. Hər iki yaşayış məntəqəsində ümumi uzunluğu 52 km olan su şəbəkəsinin 10 km-lik hissəsi tikilib. İlk dəfə olaraq Xızı şəhəri və Altıağac qəsəbəsində kanalizasiya şəbəkəsi də yaradılır. İndiyədək ümumi uzunluğun 32 km kanalizasiya şəbəkəsinin 17 km-lik hissəsi inşa olunub.

Tullantı sularının təmizlənərək kənarlaşdırılması məqsədilə Xızı şəhərində məhsuldarlığı 1000 kubmetr/sutka, Altıağac qəsəbəsində isə məhsuldarlığı 350 kubmetr/sutka olan çirkab su təmizləyici qurğular tikiləcək.

Layihənin icrasının 2018-ci ildə başa çatdırılması nəzərdə tututlur.

Xızı şəhərinin ilk mərkəzləşdirilmiş içməli su təchizatı sistemləri 1980-ci illərdə yaradılmışdır. Şəhərə içməli su Dahardibi və Qars bulaqlarından sutkada 1-2 saatlıq rejimlə verilir. Altıağac qəsəbəsində mərkəzləşdirilmiş içməli su təchizatı sistemi 1980-ci illərin əvvəllərində yaradılmışdır. Qəsəbəyə içməli su Yeddibulaq su mənbəyindən sutkada 2-3 saatlıq rejimlə verilir. Xızı şəhəri və Altıağac qəsəbələrində kanalizasiya sistemləri mövcud deyil.

Qeyd edək ki, “Kiçik şəhərlərdə Su Təchizatı və Kanalizasiya Layihəsi” çərçivəsində Xızı şəhəri ilə yanaşı, Qusar, Xaçmaz, Naftalan və Qobustan şəhərlərinin su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması nəzərdə tutulur. Artıq Qusar və Naftalan şəhərlərində su və kanalizasiya layihələrinin icrası başa çatmış, digər rayonlarda isə işlər davam etdirilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti