...

Astanada Azərbaycan şərablarının təqdimatı olub (FOTO)

İqtisadiyyat Materials 2 İyun 2017 12:44 (UTC +04:00)
Qazaxıstanın paytaxtı Astanada Azərbaycanın bu ölkədəki səfirliyinin təşəbbüsü və təşkilatçılığı ilə Azərbaycan istehsalı olan şərabların təqdimatı keçirilib.
Astanada Azərbaycan şərablarının təqdimatı olub (FOTO)

Bakı. Trend:

Qazaxıstanın paytaxtı Astanada Azərbaycanın bu ölkədəki səfirliyinin təşəbbüsü və təşkilatçılığı ilə Azərbaycan istehsalı olan şərabların təqdimatı keçirilib.

Bu barədə Azərbaycanın Qazaxıstandakı səfirliyindən məlumat verilib.

Təqdimat və dequstasiya mərasimində Qazaxıstanda akreditə olunan 40-dan artıq diplomatik korpusun rəhbərləri, səfirlər, bu ölkənin dövlət strukturlarının rəsmiləri, tanınmış şəxslər iştirak ediblər. “Made in Azerbaijan” brendi adı altında keçirilən təqdimatda şərab istehsalı üzrə ixtisaslaşan Fireland Vineyards MMC-nin direktoru Elmar Səidov məhsulların çeşidləri haqqında geniş məlumat verib.

Bildirilib ki, Almaniya, İtaliya, Fransa vә Yaponiyadan gətirilən istehsal avadanlıqları ən keyfiyyətli məhsulları ixrac etməyə imkanlar yaradır. Bunlardan biri olan Chardonnay şərab növü dünyanın ən çox satılan quru ağ şərabına çevrilib. Chardonnay dünyanın bir çox ölkələrində o cümlədən Azərbaycanda da yetişir. Viognier, Rkatsiteli kimi şərablar da yalnız bir üzüm növündən alınmaqla premium sinfə daxildir.

Təqdimat mərasimi çərçivəsində keçirilən dequstasiyada qırmızı şərab olan Yallı, eləcə də Sauvignon Blanc iştirakçılarda xüsusi maraq oyadıb. Bolqarıstan, Macarıstan, eləcə də şərab istehsalı ilə tanınan ölkələrin səfirləri, diplomatları Azərbaycan şərablarının keyfiyyətini yüksək qiymətləndiriblər ki, bu da ölkəmizin bu sahədə ixrac standartlarının göstəricisindən xəbər verir.

Artıq Azərbaycan şərablarının Qazaxıstana ixrac edilməsi və satışının təşkil edilməsi üçün uğurlu danışıqlara start verilib və müəyyən nəticələr əldə edilməkdədir. Böyük həcmdə şərab istehsalçısı və ixracı ilə məşğul olan ölkələr, ö cümlədən Gürcüstan artıq bu təcrübədən istifadə edib. “Made in Azerbaijan” brendi altında Qazaxıstanın bir çox regionlarında da belə təqdimatların keçirilməsi nəzərdə tutulub.

Azərbaycanın bu ölkədəki səfirliyi ilə aidiyyəti dövlət strukturlarının birgə fəaliyyəti nəticəsində sahibkarların Qazaxıstanın Astana, Almatı, Petropavlovsk, Kustanay, Şimkənt kimi şəhərlərində təşkil olunacaq sərgi və yarmarkalarında vahid ölkə stendi ilə və ya fərdi qaydada iştirakı təmin ediləcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti