...

Azərbaycan – Avropa İttifaqı biznes forumu keçirilib (FOTO)

İqtisadiyyat Materials 8 İyun 2017 20:46 (UTC +04:00)
Bu gün Bakıda 3-cü Azərbaycan-Avropa İttifaqı (Aİ) biznes forumu keçirilib.
Azərbaycan – Avropa İttifaqı biznes forumu keçirilib (FOTO)

Bakı. Trend:

Bu gün Bakıda 3-cü Azərbaycan-Avropa İttifaqı (Aİ) biznes forumu keçirilib.

İqtisadiyyat Nazirliyindən Trend-ə verilən məlumata görə, əvvəlki illərdə olduğu kimi, bu biznes foruma da maraq böyük olub. İqtisadiyyat Nazirliyinin, AZPROMO-nun və Almaniya-Azərbaycan Xarici Ticarət Palatasının birgə təşkilatçılığı ilə keçirilmiş tədbirdə rəsmi şəxslər, beynəlxalq təşkilatların, səfirliklərin, ticarət palatalarının nümayəndələri, eləcə də Azərbaycandan 300, Avropa İttifaqına daxil olan ölkələrdən isə 100-dən çox iş adamı iştirak edib.

Azərbaycanın biznes mühiti, ölkəmizdə həyata keçirilən islahatlar barədə biznes dairələrin məlumatlandırılması, Azərbaycan və Avropa İttifaqı iş adamları arasında əməkdaşlığın genişləndirilməsi imkanlarının geniş müzakirə edildiyi biznes forumda müxtəlif sahələrə - kənd təsərrüfatı və qida, nəqliyyat və logistika, İKT və elektron ticarət, iqtisadi islahatlar, ətraf mühit texnologiyalarına dair panel iclaslar, iş adamları arasında ikitərəfli görüşlər keçirilib, maraqlı çıxışlar edilib.

İqtisadiyyat naziri, Azərbaycan Respublikasının Avropa İttifaqı ilə əməkdaşlığı üzrə Dövlət Komissiyasının sədri Şahin Mustafayev salamlama çıxışında artıq ənənəvi olaraq keçirilən biznes forumdan keçən müddətdə Azərbaycan-Avropa İttifaqı əlaqələrində, eləcə də Azərbaycanın sosial-iqtisadi həyatında bir sıra mühüm yeniliklərin baş verdiyini diqqətə çatdırıb. Vurğulanıb ki, Azərbaycanın xarici siyasətində Avropa İttifaqı ilə əməkdaşlığın inkişaf etdirilməsi mühüm istiqamətlərdəndir və əlaqələr həm siyasi, həm də iqtisadi, o cümlədən enerji, ticarət, investisiyalar və digər sahələrdə inkişaf edir. Azərbaycan Respublikasının Prezidenti 2017-ci ilin əvvəlində Avropa İttifaqına səfər edib, rəhbər şəxslərlə görüşlər keçirib və müzakirələr aparıb. Avropa İttifaqının bir sıra qurumlarının rəhbər şəxsləri ölkəmizdə səfərdə olublar. Azərbaycan Respublikasının Avropa İttifaqı ilə əməkdaşlığı üzrə Dövlət Komissiyası fəaliyyət göstərir. Hazırda Strateji Tərəfdaşlıq Sazişi hazırlanır və artıq bununla bağlı Avropa İttifaqı Parlamenti tərəfindən Avropa Komissiyasına mandat verilib, bu istiqamətdə 3 işçi qrupu fəaliyyət göstərir.

İqtisadiyyat naziri vurğulayıb ki, Avropa İttifaqı Azərbaycanın əsas xarici ticarət tərəfdaşıdır. 2016-cı ildə Avropa İttifaqının Azərbaycanın xarici ticarətindəki payı 35%, 2017-ci ilin 4 ayında isə 38% təşkil edib. Son 10 ildə Avropa İttifaqı Azərbaycanda əsas kapitala təqribən 20 mlrd. ABŞ dolları investisiya yatırıb. Azərbaycanda 1300-dən çox Avropa İttifaqı ölkələrinin şirkəti fəaliyyət göstərir. Avropa İttifaqının 23 üzv ölkəsi ilə ikiqat vergitutmanın aradan qaldırılması, 17 üzv ölkə ilə sərmayələrin təşviqi və qorunması sazişləri, 7 üzv ölkə ilə Strateji Tərəfdaşlıq bəyannamələri imzalanıb, 13 üzv ölkə ilə Hökumətlərarası Komissiya fəaliyyət göstərir. Avropa İttifaqının bir sıra ölkələri ilə Azərbaycan arasında ticarət palataları mövcuddur. Son 5 ildə Avropa İttifaqına üzv ölkələrlə 123 biznes forum və digər tədbirlər keçirilib.

Azərbaycan Avropanın enerji təhlükəsizliyinin təmin edilməsində əhəmiyyətli rol oynayır, ölkəmiz Bakı-Tbilisi-Ceyhan layihəsi üzrə Avropa İttifaqı ilə əməkdaşlıq edir. Cənub Qaz Dəhlizi layihəsi enerji sahəsində strateji əməkdaşlığımızın gözəl nümunələrindəndir. Cənub Qaz Dəhlizinin tərkib hissəsi olan “Şahdəniz 2” üzrə işlərin 93%, Cənubi Qafqaz boru kəmərinin genişləndirilməsi üzrə 85%, TANAP üzrə 72%, TAP üzrə 42% yerinə yetirilib.

Azərbaycan Avropa İttifaqı ilə Tvinninq, TAİEX, SİGMA, Texniki Dəstək, Büdcəyə Dəstək alətləri çərçivəsində də əməkdaşlıq edir və bu alətlər çərçivəsində 1992-ci ildən Azərbaycana 582 mln. avro məbləğində yardım göstərilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti