...

Zərdabda yeni suvarma infrastrukturu istismara verilib (FOTO)

İqtisadiyyat Materials 16 İyun 2017 15:12 (UTC +04:00)
“Azərsu” ASC tərəfindən Zərdab rayonunda 10 min hektar ərazinin suvarma təminatının yaxşılaşdırılmasını nəzərdə tutan layihənin icrası yekunlaşıb.
Zərdabda yeni suvarma infrastrukturu istismara verilib (FOTO)

Bakı. Trend:

“Azərsu” ASC tərəfindən Zərdab rayonunda 10 min hektar ərazinin suvarma təminatının yaxşılaşdırılmasını nəzərdə tutan layihənin icrası yekunlaşıb.

ASC-dən Trend-ə verilən məlumata görə, bu, yeni torpaq sahələrinin əkin dövriyyəsinə cəlb edilməsinə imkan yaradacaq.

Yeni suvarma infrastrukturunun istismara verilməsi mərasimində Zərdab Rayon İcra Hakimiyyətinin başçısı Lütvəli Babayev bildirib ki, bu layihə əkin sahələrinin dövriyyəyə cəlb edilməsi məqsədi ilə reallaşdırılan ilk suvarma layihəsidir. Yeni layihənin icrası nəticəsində minlərlə hektar torpaq sahəsində müxtəlif kənd təsərrüfatı məhsulları yetişdiriləcək.

“Azərsu” ASC-nin sədr müavini Etibar Məmmədov deyib ki, Zərdab rayonunda ilk suvarma layihəsinin icrasına başlanıb: “Əkin sahələrinə suyun Kür çayından verilməsi layihələndirilib. Bu məqsədlə çayın sahilində məhsuldarlığı saniyədə 3 kubmetr olan sugötürücü qurğu, nasos stansiyası, diametri 1400 mm olan 15 km uzunluğunda kəmər inşa edilib. Qurğuları elektrik enerjisi ilə təmin etmək üçün 4 mvt-luq transformator və paylayıcı qurğu tikilib, Zərdab 35/10 kilovoltluq yarımstansiyasından 6 km elektrik xətti çəkilib, 81 ədəd dayaq quraşdırılıb. Layihənin qısa müddətdə yekunlaşdırılması məqsədilə tikinti-quraşdırma işləri bir neçə nöqtədə paralel aparılıb və iyun ayının əvvəlində yekunlaşıb”.

“Azərsu” ASC tərəfindən icra olunan ikinci suvarma layihəsi Hacıqabul və Şamaxı rayonlarında həyata keçirilir. Padarçöl adlanan ərazidə 10 min hektar sahənin suvarılması Hacıqabul rayonunun Talış kəndi yaxınlığındakı Kür sutəmizləyici qurğularının imkanlarından istifadə etməklə həyata keçiriləcək. Bu məqsədlə təmizləyici qurğudan Padarçöl ərazisinə 27 km uzunluğunda magistral kəmər çəkiləcək. Kəmərin 9 km-lik hissəsi artıq inşa edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti