...

Qüdrət Qurbanov: Dövlət Dəniz Administrasiyası beynəlxalq konvensiyaların tələblərini yerinə yetirərək böyük uğurların qazanılmasını təmin edib (MÜSAHİBƏ)

Biznes və iqtisadiyyat xəbərləri Materials 20 Aprel 2012 09:00 (UTC +04:00)
Azərbaycan Respublikasının Dövlət Dəniz Administrasiyası ümummilli lider Heydər Əliyevin müdrik siyasətinin məntiqi davamı olaraq, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 20 aprel 2006-cı il tarixli Fərmanı ilə təsdiq edilmiş Əsasnaməyə müvafiq olaraq Azərbaycan Respublikası ərazisində dəniz nəqliyyatı sahəsində dövlət siyasətini və tənzimlənməsini həyata keçirən mərkəzi icra hakimiyyəti orqanı olaraq fəaliyyət göstərir.
Qüdrət Qurbanov: Dövlət Dəniz Administrasiyası beynəlxalq konvensiyaların tələblərini yerinə yetirərək böyük uğurların qazanılmasını təmin edib (MÜSAHİBƏ)

Azərbaycan, Bakı, 20 aprel /Trend, müxbir E.İsmayılov/

Azərbaycan Respublikasının Dövlət Dəniz Administrasiyası ümummilli lider Heydər Əliyevin müdrik siyasətinin məntiqi davamı olaraq, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 20 aprel 2006-cı il tarixli Fərmanı ilə təsdiq edilmiş Əsasnaməyə müvafiq olaraq Azərbaycan Respublikası ərazisində dəniz nəqliyyatı sahəsində dövlət siyasətini və tənzimlənməsini həyata keçirən mərkəzi icra hakimiyyəti orqanı olaraq fəaliyyət göstərir.

Dövlət Dəniz Administrasiyasının yaranması günü münasibətilə qurumun rəhbəri Qüdrət Qurbanov Trend-in suallarını cavablandırıb.

- Son illər ərzində beynəlxalq təşkilatlarda iştirak və dünya təcrübəsinin öyrənilməsi istiqamətində hansı nəticələr əldə olunmuşdur?

- Son illərdə ölkə həyatının bütün sahələrində olduğu kimi, dəniz nəqliyyatı sahəsinin inkişafı istiqamətində də çox böyük uğurlar əldə olunmuşdur. Azərbaycan dünyanın 170 dövlətinin daxil olduğu Beynəlxalq Dəniz Təşkilatının tamhüquqlu üzvüdür. Ötən dövrdə respublikamız adıçəkilən təşkilatın dəniz nəqliyyatı sahəsində 20-dən artıq beynəlxalq konvensiyasına qoşulmuşdur. Dövlət Dəniz Administrasiyası müvafiq sahədə fəaliyyət göstərən müəssisələr, təşkilatlar və Azərbaycan Respublikasının dövlət bayrağı altında üzən gəmilər tərəfindən qeyd edilən konvensiyaların tələblərinin yerinə yetirilməsi istiqamətində məqsədyönlü tədbirlər həyata keçirərək böyük uğurların qazanılmasını təmin etmişdir.

Ölkə başçısının müəyyənləşdirdiyi siyasətə uyğun olaraq, beynəlxalq səviyyədə dəniz dövlətləri sırasında və müvafiq beynəlxalq təşkilatlarda respublikamızın nüfuzunun daha da artırılması məqsədilə planlaşdırılmış tədbirlərin həyata keçirilməsi davam etdirilir. Dövlət Dəniz Administrasiyası qabaqcıl ölkələrin dəniz nəqliyyatı sahəsində təcrübəsinin öyrənilməsi və bu təcrübənin ölkəmizdə tətbiqinə xüsusi diqqət yetirir. Respublikamız bu sahədə çoxtərəfli əməkdaşlıq fəaliyyətini təkcə Beynəlxalq Dəniz Təşkilatı ilə deyil, həmçinin Beynəlxalq Əmək Təşkilatı, Avropa İttifaqının Dəniz Təhlükəsizliyi Agentliyi, Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı və digər beynəlxalq qurumlarla da inkişaf etdirir.

- Son illər ölkə rəhbərliyi tərəfindən bütün sahələrə diqqətin gücləndirilməsi nəticəsində iri infrastruktur layihələrinin yaradılmasına dövlət investisiyalarının həcminin artması mühüm rol oynayır. Dövlət Dəniz Administrasiyasının fəaliyyətində müasir texnologiyaların tətbiqi və maddi-texniki bazanın yenilənməsi sahəsində hansı nəticələr əldə olunmuşdur?

- 2011-ci il 28 dekabr tarixində Azərbaycan Respublikasının Prezidenti zati-aliləri cənab İlham Əliyev tərəfindən Dövlət Dəniz Administrasiyasının yeni inzibati binasının rəsmi açılışı ölkə başçısının bu sahəyə yetirdiyi xüsusi diqqətin və dəniz nəqliyyatı sahəsində çalışan mütəxəssislərə göstərilən yüksək dövlət qayğısının ən ümdə nümunəsidir.

Yeni inzibati bina müasir standartlara uyğun maddi-texniki baza ilə tam təmin edilmişdir. Xüsusilə qeyd edilməlidir ki, Dənizdə insan həyatının mühafizəsinə dair Beynəlxalq Konvensiyanın tələblərinin yerinə yetirilməsi məqsədilə Xəzəryanı ölkələrdə ilk dəfə olaraq Azərbaycanda yaradılmış, ən son naviqasiya və müşahidə avadanlıqları ilə təchiz edilmiş Uzaq Məsafədən Tanınma və İzləmə Milli Mərkəzi də Dövlət Dəniz Administrasiyasının yeni inzibati binasında yerləşir.

- Uzaq Məsafədən Tanınma və İzləmə Milli Mərkəzi hansı əsas funksiyaları yerinə yetirir?

- Milli Mərkəzin əsas funksiyaları Azərbaycan Respublikasının ərazi sularında üzən gəmilərin mövqeyinin peyk və radarlar vasitəsilə izlənilməsi, onların hərəkətinin təhlükəsizliyinin təmin edilməsi, naviqasiya xəbərdarlıqlarına və hava haqqında proqnozlara dair müvafiq məlumatların gəmilərə çatdırılması, "Azərbaycan Respublikasının ərazi sularında üzmə Qaydaları"na riayət olunmasına nəzarətin həyata keçirilməsi, gəmilərdən daxil olan həyəcan siqnallarının (SOS) və digər əldə edilmiş məlumatların aidiyyəti dövlət qurumlarına çatdırılmasının təmin edilməsi və əlaqələndirilməsinin təşkili, habelə beynəlxalq təşkilatlar daxil olmaqla, digər ölkələrin eyni adlı milli mərkəzləri və gəmiçilik şirkətləri ilə mütəmadi olaraq operativ əlaqənin yaradılması və informasiya mübadiləsinin həyata keçirilməsindən ibarətdir.

Uzaq Məsafədən Tanınma və İzləmə Milli Mərkəzi öz texniki təchizatı baxımından bir çox qabaqcıl Avropa dövlətlərinin oxşar qurumlarından öndədir. Milli Mərkəzdə işə cəlb olunmuş mütəxəssislər xarici ölkələrin müvafiq mərkəzlərində xüsusi təlimlər keçmişlər.

- Dövlət Dəniz Administrasiyası, həmçinin Azərbaycan Respublikasının dövlət bayrağı altında üzən (kiçik gəmilər istisna olmaqla) gəmilərin dövlət qeydiyyatını, eləcə də dəniz nəqliyyatı sahəsində beynəlxalq konvensiyaların tələblərindən irəli gələn müvafiq gəmi sənədlərinin təqdim olunmasını həyata keçirir. Ötən il Dövlət Dəniz Administrasiyası tərəfindən bu sahədə hansı işlər görülmüşdür?

- Qeyd olunan dövr ərzində Administrasiya tərəfindən 176 gəmiyə "Azərbaycan Respublikasının Dovlət Bayrağı altında üzmək hüququ haqqında", 144 gəmiyə "Mülkiyyət hüququ haqqında", 196 gəmiyə "Minimum heyət tərkibi haqqında", 78 gəmiyə "Neftlə çirklənmədən vurulan zərərə görə mülki məsuliyyətin maliyyə təminatı haqqında" şəhadətnamə, 36 gəmiyə "Əmniyyətli idarəetmə haqqında şəhadətnamə", 173 gəmiyə "Bunker yanacağı və çirklənmə nəticəsində vurulan zərərə görə mülki məsuliyyətlə bağlı sığorta və ya digər maliyyə təminatı haqqında sertifikat", 3 gəmiçilik şirkətinə "Əmniyyətli idarəetmə haqqında Beynəlxalq Məcəllə"nin tələblərinə uygun olaraq "Uyğunluq haqqında sənəd" verilmiş və 10 gəminin "Gəmi tarixinin fasiləsiz qeydlər sənədi" dəyişdirilmişdir.

Bununla yanaşı, 87 gəminin "Yanğınla mübarizə planı"nın sxemi, 53 gəminin "Yanğınla mübarizə üzrə təlimə dair təlimat"ı, 106 gəminin "Gəmilərin qəza yedək əməliyyatları planı", 9 gəminin "Neftlə çirklənməyə qarşı gəmi fövqəladə mübarizə planı" (SOPEP) təsdiq edilmişdir.

- Ötən il dövlət bayraq və liman nəzarəti funksiyalarının həyata keçirilməsi ilə əlaqədar gəmilərin yoxlanılması ilə bağlı hansı tədbirlər həyata keçirilmişdir?

- Ötən il dövlət bayraq və liman nəzarəti funksiyalarının həyata keçirilməsi ilə əlaqədar gəmilərdə yoxlamaların həyata keçirilməsi yüksək səviyyədə təşkil edilmişdir. Administrasiyanın mütəxəssisləri tərəfindən 2011-ci il ərzində 121 gəmidə (bunlardan 31-i xarici dövlətlərin bayraqları altında üzən gəmilərdir) yoxlamalar aparılıb ki, bu göstərici 2010-cu ilin müvafiq göstəriciləri ilə (104 gəmi) müqayisədə 116 faiz təşkil edir. Qeyd olunan yoxlamalar zamanı uyğunsuzluq hallarının aşkar edildiyi gəmilərin sayı keçən ilin müvafiq dövri ilə müqayisədə çoxluq təşkil edir. 2010-cu il ərzində aparılmış yoxlamalar zamanı saxlanılan gəmilərin sayı yoxlanılan gəmilərin ümumi sayının 23 faizini, yəni 24 gəmi təşkil etdiyi halda, 2011-ci ildə bu rəqəm 29 faiz, yəni 35 gəmi təşkil etmişdir.

- Çoxtərəfli münasibətlərin inkişafı ilə əlaqədar Administrasiyanın fəaliyyətində dünya dəniz dövlətləri ilə ikitərəfli münasibətlər xüsusi yer tutur. Ötən il ərzində ikitərəfli əlaqələrin qurulmasında hansı işlər görülmüşdür?

- 2011-ci il ərzində "Azərbaycan Respublikası Hökuməti və Yunanıstan Respublikası Hökuməti arasında Dəniz Nəqliyyatına dair Saziş", "Azərbaycan Respublikası Hökuməti və Qazaxıstan Respublikası Hökuməti arasında dəniz ticarət gəmiçiliyi sahəsində əməkdaşlıq haqqında Saziş" imzalanmışdır. Eyni zamanda, "Azərbaycan Respublikası Hökuməti və Rusiya Federasiyası Hökuməti arasında Azərbaycan Respublikasının gəmilərinin Rusiya Federasiyasının daxili sularından keçidinin qaydaları və şərtləri haqqında Saziş", "Azərbaycan Respublikası Hökuməti və Rusiya Federasiyası Hökuməti arasında dəniz nəqliyyatı sahəsində əməkdaşlıq haqqında Saziş", "Azərbaycan Respublikası Hökuməti və Polşa Respublikası Hökuməti arasında Dəniz Nəqliyyatına dair Saziş" layihələrinin aidiyyəti dövlət orqanları tərəfindən təqdim olunmuş rəy və təkliflər nəzərə alınmaqla hazırlanmış son variantları Nazirlər Kabinetinə təqdim edilmişdir.

Həmçinin, "Azərbaycan Respublikası Hökuməti və İtaliya Respublikası Hökuməti arasında ticarət gəmiçiliyi haqqında saziş", "Dənizçilərin hazırlanması, onlara diplom verilməsi və növbə çəkməyə dair" 1978-ci il tarixli Beynəlxalq Konvensiyanın I/10-cu qaydasına uyğun olaraq, sertifikatların tanınması haqqında Azərbaycan Respublikası və İordaniya Haşimilər Krallığı arasında Anlaşma Memorandumu" layihələrinin ümumiləşdirilmiş son variantı hazırlanaraq qarşı tərəfə göndərilməsi üçün Xarici İşlər Nazirliyinə təqdim olunmuşdur.

Xəbər lenti

Xəbər lenti