...

Masallı rayonunun içməli su təchizatı yaxşılaşdırılır (FOTO)

Biznes və iqtisadiyyat xəbərləri Materials 2 Sentyabr 2013 16:08 (UTC +04:00)
"Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı"na uyğun olaraq şəhər və rayon mərkəzlərində, eləcə də kənd yaşayış məntəqələrində genişmiqyaslı işlər həyata keçirilir. Belə layihələrdən biri də Masallı rayonunun 23 kəndini əhatə edir.
Masallı rayonunun içməli su təchizatı yaxşılaşdırılır (FOTO)

Azərbaycan, Bakı, 2 sentyabr /Trend/

"Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı"na uyğun olaraq şəhər və rayon mərkəzlərində, eləcə də kənd yaşayış məntəqələrində genişmiqyaslı işlər həyata keçirilir. Belə layihələrdən biri də Masallı rayonunun 23 kəndini əhatə edir.

"Azərsu" ASC-nin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, rayonun Muğanlı zonasında yerləşən və içməli sudan korluq çəkən Şərəfə, Həsənli, Hacıtəpə, Sığıncaq, Ərəb, Xırmandalı, Məmmədxanlı, Təkdam, Köçəkli Kürdəbazlı, Eminli, Qarğalıq, Şəhriyar, Dəlləkli, Xallıcalı, Ağakişibəyli, Bala Təklə, Alışanlı, Ətçələr, Birinci Səmədxanlı, İkinci Səmədxanlı, Təklə, Qədirli kəndlərinin su təchizatının yaxşılaşdırılması layihəsinin icrasına başlanılıb.

Masallı rayonunun 23 kəndində 30 mindən çox sakinin su təchizatının yaxşılaşdırılmasına hesablanmış layihənin icrasına cari ilin avqust ayında başlanıb. Layihəyə əsasən kənd sakinlərinə içməli su Viləşçay hövzəsində inşa edilən sutəmizləyici qurğudan veriləcək. Yaşayış məntəqələrini özüaxımlı rejimdə su ilə təmin etmək üçün ümumi həcmi 10 min kubmetr olan 2 su anbarı tikiləcək. Su mənbəyindən yaşayış məntəqələrinə müxtəlif diametrli borularla 19,4 km uzunluğunda magistral su xəttinin çəkilməsi nəzərdə tutulub. Layihənin icrasına başlanandan indiyədək magistral xəttin 2,5 km-lik hissəsində tikinti-quraşdırma işləri başa çatdırılıb. İlkin mərhələdə kəndlərdə bulaqlar quraşdırılacaq, növbəti mərhələdə kənddaxili paylayıcı şəbəkə qurulacaq. Layihə üzrə işlərin 2014-cü ildə başa çatdırılması nəzərdə tutulur.

Növbəti mərhələdə anbar kompleksindən Ərkivan-Qızılağac kəndləri istiqamətində ikinci magistral su xəttinin çəkilməsi də planlaşdırılır. Bu xətt istismara veriləndən sonra Masallı rayonunun bu mənbədən su alan kəndlərinin sayı 38-ə, əhalinin sayı isə 50 min nəfərə çatacaq. Yeni layihə "Azərsu" ASC-nin Təxirəsalınmaz Tədbirlər Planına uyğun olaraq icra edilir.

Qeyd edək ki, Muğanlı zonasında yerləşən kəndlərin sakinləri içməli suyu ya maşınlarla alır, ya da böyük çətinliklərlə uzaq məsafədən müxtəlif vasitələrlə daşıyırlar.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti