...

Titanda metanolun tapılması orada həyatın mövcud olması şansını yüksəldə bilər

Biznes və iqtisadiyyat xəbərləri Materials 2 Oktyabr 2013 14:58 (UTC +04:00)
Alimlər Saturnun ən iri peyki olan Titanda geniş yayılmış və antifriz rolu oynaya bilən birləşmənin – metanolun mövcud olması ehtimalını aşkar etmişlər. Bu kəşf Titanda və buzlarla örtülmüş digər göy cisimlərində təkamül prosesi və həyatın inkişafı haqqında bizim təsəvvürlərimizi dəyişə bilər.
Titanda metanolun tapılması orada həyatın mövcud olması şansını yüksəldə bilər

Azərbaycan, Bakı, 2 oktyabr /Trend/

Alimlər Saturnun ən iri peyki olan Titanda geniş yayılmış və antifriz rolu oynaya bilən birləşmənin - metanolun mövcud olması ehtimalını aşkar etmişlər. Bu kəşf Titanda və buzlarla örtülmüş digər göy cisimlərində təkamül prosesi və həyatın inkişafı haqqında bizim təsəvvürlərimizi dəyişə bilər.

Merkuridən iri olan Titan, məlum olduğu kimi, səthində maye olan Yer planetindən başqa yeganə göy cismidir. Su əvəzinə maye metandan ibarət olan dənizlər çox vaxt onlarda həyatın olub-olmaması barədə fikirlərə gətirib çıxarırdı. Bu yaxınlarda alimlər Titanın səthində olan dənizlərdən başqa orada həm də daxili su okeanının mövcud olmasının əlamətlərini aşkar etmişlər. Alimlər güman edirlər ki, maye halda qalması üçün bu okeanda hərarət suyun normal donma nöqtəsindən aşağı düşdüyü zaman buzun əmələ gəlməsinə mane olan antifriz tərkibli birləşmələrin molekulları ola bilər. Ehtimallara görə, gizli su okeanları digər buzla örtülü peyklərdə də mövcuddur. Buna misal olaraq, Yupiterin peykləri olan Qanimed, Kallisto və Avropanı göstərmək olar. Belə su okeanları buz təbəqəsinin altında bizə məlum olan həyat formalarının mövcud olması ehtimalını artırır, çünki yer üzündə həyat maye suyun olduğu demək olar ki, hər yerdə mövcuddur.

Titanda mümkün olan antifriz tərkibli birləşmələrdən biri metanoldur. Bu, ən sadə spirt molekulu və rəngsiz mayedir, həmçinin, ağac spirti adı ilə də tanınır. Digər antifriz tərkibli birləşmə ammonyak ola bilər. Hesablamalar göstərir ki, Titanda dərinliyi ən azı 90 kilometr olan yeraltı su okeanı o şərtlə mövcud ola bilər ki, bu okean suyunun tərkibində təxminən 4 faiz metanol və 1 faiz ammonyak olsun.

Fiziki kimya sahəsi üzrə mütəxəssis Con Ripmeyester və onun Ottavada yerləşən Kanadanın Milli Tədqiqat Şurasından olan həmkarları tərəfindən həyata keçirilmiş tədqiqatların nəticələri göstərmişdir ki, bu birləşmələr hidratların klatratları kimi tanınan buzaoxşar qəfəslərdə tutulub saxlanıla bilər.

Tədqiqatçılar aşkar etmişlər ki, yalnız sudan və metanoldan ibarət olan məhlullar donaraq hidratların klatratlarını əmələ gətirə bilməz. Lakin həyata keçirilmiş təcrübələr və molekulyar dinamikanın modelləşdirilməsi göstərmişdir ki, tərkibi sudan, metanoldan və metandan ibarət olan məhlullar bu cür buzaoxşar strukturları əmələ gətirə bilər.

Ripmeyester və onun həmkarları təəccüblə aşkar etmişlər ki, aşağı temperaturlarda metanol bərk halda olan hidratların klatratlarının əmələ gəlməsinə mane olmaq əvəzinə əslində onların əmələ gəlməsinə kömək edə bilər. Bu cür məlumatlar ortaya mühüm məsələlər çıxarır, məsələn, boru kəmərlərində, xüsusən də qütb iqlimi şəraitində və okeanın dərinliklərində, klatratların əmələ gəlməsinin qarşısını almaq üçün gələcəkdə metanoldan istifadə oluna bilər.

"Bu yeni məlumatlar, şübhəsiz ki, buzlarla örtülmüş planetlər üçün yeni modellərin işlənib hazırlanmasına təsir göstərəcəkdir", - professor Ripmeyester deyir. Alimlər öz kəşflərini "Milli Elmlər Akademiyasının İşləri" jurnalında ətraflı surətdə təsvir etmişlər.

Mənbə: www.astrobio.net

Məqalədə:
Xəbər lenti

Xəbər lenti