...

Rusiyanın "Şekinoazot" şirkətinin nümayəndə heyəti "AzMeCo"nun metanol istehsalı zavodunda olub

Biznes və iqtisadiyyat xəbərləri Materials 14 Noyabr 2013 18:03 (UTC +04:00)
Rusiya Federasiyasının neft-kimya sahəsində aparıcı şirkətlərdən biri olan "Şekinoazot" Birləşmiş Kimya Şirkətinin nümayəndələri Azərbaycana səfər edib.
Rusiyanın "Şekinoazot" şirkətinin nümayəndə heyəti "AzMeCo"nun metanol istehsalı zavodunda olub

Azərbaycan, Bakı, 14 noyabr /Trend/

Rusiya Federasiyasının neft-kimya sahəsində aparıcı şirkətlərdən biri olan "Şekinoazot" Birləşmiş Kimya Şirkətinin nümayəndələri Azərbaycana səfər edib. Səfər zamanı qonaqlar Qaradağda yerləşən "AzMeCo" şirkətinə məxsus, regionda ilk metanol zavodunu ziyarət ediblər.

Şirkətin baş direktoru Boris Sokolun rəhbərlik etdiyi nümayəndə heyəti "Azərbaycan metanol layihəsi" ilə yaxından tanış olub.

Daha sonra "Şekinoazot" şirkətinin nümayəndləri ilə "AzMeCo" şirkətinin rəhbərliyi arasında görüş keçirilib. Görüş zamanı şirkətlər arasında gələcək əməkdaşlıq imkanları müzakirə olunub və metanol istehsalının hər bir ölkənin iqtisadiyyatı üçün mühüm əhəmiyyəti vurğulanıb.

"Şekinoazot" MMC Birgə Kimya Şirkətinin baş direktoru B.Sokol "Azərbaycan metanol layihəsi" haqqında bunları deyib: "AzMeCo şirkəti Azərbaycanda ilk metanol istehsalı zavodunu yaradıb. İqtisadiyyatın diversifikasiyasına yönəldilmiş ölkənin strateji inkişaf planı çərçivəsində bu layihə olduqca əhəmiyyətlidir və şübhəsiz ki, uğurla nəticələnməlidir. Bu layihənin həyata keçirilməsi üçün görülən işlər çərçivəsində komandanın peşəkarlığı xüsusilə qeyd olunmalıdır. Belə ki, bu komanda iri beynəlxalq baş podratçı cəlb etmədən metanol istehsal edən zavodu tikməyə nail ola bilib. Zavodun daxili infrastrukturuna xüsusi diqqət yetirilib. Həmçinin, sosial aspekt də mühüm amildir, axı yeni istehsal sahəsinin işə salınması ilə yüzlərlə yeni iş yerləri açılacaqdır. Metanol gələcəyin ekoloji təmiz yanacağı kimi nəhəng potensiala malikdir. Belə ki, metanol yanacağı ilə işləyən nəqliyyat vasitələri benzin analoqları ilə müqayisədə havaya az karbon qazı, daha az karbohidrogenlər və xeyli az miqdarda NOx birləşmələri buraxır".

"Şekinoazot" Birləşmiş Kimya Şirkəti kimya sənayesi məhsullarının, mühəndislik plastiklərinin, yüksək möhkəmliyə malik sintetik sapların və toxunmamış materialların istehsalı və Rusiya və xarici ölkə bazarlarında satışı ilə məşğuldur. Şirkət kimya sənayesi məhsullarının (metanol, kaprolaktam, sulfat turşusu, maye texniki ammonyak, ammonium sulfat, oksigen) və kimya sənayesi avadanlığının istehsalı sahəsində lider şirkətlərdən biridir.

"Şekinoazot" Rusiyanın və dünyanın kimyəvi xammal və məhsul bazarlarında uğurla fəaliyyət göstərən aparıcı Rusiya müəssisələri sırasında qabaqcıl yer tutur. "Şekinoazot" şirkətinin yüksək menecmenti Rusiyanın ən yaxşı idarəetmə komandalarının TOP-200 reytinqinə daxildir.

2007-ci ildə əsası qoyulan "AzMeCo" bir sahibkar və operator kimi neft-kimya layihələrinə investisiya qoyan, dinamik inkişaf edən bir şirkətdir. "AzMeCo" şirkəti tamamilə özəldir və Azərbaycanda iri layihələrin inkişafında, icrasında və maliyyələşdirilməsində qabaqcıl yerlərdən birini tutur.

Metanol zavodunun illik istehsal gücü 720 min tondur. Metanol zavodları kimya sənayesində ən təmiz və ekoloji cəhətdən zərərsiz istehsal hesab edilir. Unikal layihənin ümumi dəyəri 350 milyon manatdır.

Mənbə: www.azmeco.com

Məqalədə:
Xəbər lenti

Xəbər lenti