...

Bölgələrdə daşınmaz əmlakın səyyar qeydiyyatına böyük tələbat var

Biznes və iqtisadiyyat xəbərləri Materials 28 Noyabr 2014 17:08 (UTC +04:00)
Azərbaycanda vətəndaşların daşınmaz əmlakın qeydiyyatı üzrə səyyar ofislərə müraciətlərinin sayı artır.
Bölgələrdə daşınmaz əmlakın səyyar qeydiyyatına böyük tələbat var

Azərbaycan, Bakı, 28 noyabr /Trend, müxbir Maksim Tsurkov/

Azərbaycanda vətəndaşların daşınmaz əmlakın qeydiyyatı üzrə səyyar ofislərə müraciətlərinin sayı artır. Trend xəbər verir ki, bu barədəjurnalistlərə Əmlak Məsələləri Dövlət Komitəsinin sədri Kərəm Həsənov "BMT-nin Avropa İqtisadi Komissiya (AİK) regionunda daşınmaz əmlak idarəçiliyi sistemlərinin müqayisəsi və Daşınmaz Əmlakın İdarə Edilməsinin Qiymətləndirilməsi Proqramının icra vəziyyəti" mövzusunda keçirilən seminar çərçivəsində deyib.

Onun sözlərinə görə, "Səyyar ofis" layihəsi əlillər, yaşlı və sağlamlıq imkanları məhdud insanlara daşınmaz əmlakın qeydiyyatı üzrə xidmətlərin göstərilməsi məqsədilə yaradılıb.

K.Həsənov qeyd edib ki, bu xidmətə Azərbaycanın ucqar rayonlarında böyük tələbat var: "Son iki ay ərzində müraciətlərin sayı xeyli artıb. Bu müddət ərzində Şəmkir və Saatlı rayonlarında 600-dan artıq vətəndaşa xidmət göstərmişik. Hazırda Qəbələ rayonunda xidmətlərin göstərilməsi üzrə iş aparılır. Oradan 300-dən artıq müraciət almışıq".

"Səyyar ofis" layihəsi 2014-cü il aprelin 1-dən start götürüb. Layihə çərçivəsində vətəndaşlara daşınmaz əmlakın qeydiyyatı üçün sənədlərin qəbulu və yoxlanışı xidmətləri göstərilir, eləcə də gələcək prosedurlarla bağlı onlara zəruri məsləhətlər verilir.

Hazırda artıq mobil ofislərin xidmətlərindən ölkənin Bakı, Sumqayıt, Mingəçevir, Gəncə və Yevlax şəhərlərinin, həmçinin Şəmkir, Daşkəsən, Samux, Göygöl, Gədəbəy, Ağdaş, Qax, Balakən, Ağstafa, Qəbələ, Qazax, Göyçay, Kürdəmir, Zərdab, Salyan, Sabirabad, Saatlı, Neftçala, Hacıqabul, Ağcabədi, Füzuli, İmişli, Tərtər, Ağdam, Naftalan, Göranboy, Ağsu, Qobustan, İsmayıllı, Oğuz, Quba, Qusar, Xaçmaz, Şabran və Abşeron rayonlarının təxminən dörd min sakini istifadə edir.

Seminar BMT AİK və Dünya Bankının (DB) dəstəyi ilə Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən təşkil olunub. Tədbirdə BMT AİK-ə üzv olan 56 ölkədən, beynəlxalq maliyyə-kredit təşkilatlarından nümayəndələr iştirak ediblər. Azərbaycan iki il BMT AİK-in Daşınmaz Əmlak İdarəçiliyi üzrə İşçi Qrupuna sədrlik edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti