...

"Vergi sistemində şəffaflıq və əməl etmə" (FOTO)

Biznes və iqtisadiyyat xəbərləri Materials 1 Dekabr 2014 19:25 (UTC +04:00)
Dekabrın 1-də Azərbaycanda Amerika Ticarət Palatasının (AmCham) Vergilər Nazirliyi ilə birgə təşkil etdiyi “Vergi sistemində şəffaflıq və əməl etmə" mövzusunda dördüncü illik vergi konfransı keçirilib.
"Vergi sistemində şəffaflıq və əməl etmə" (FOTO)

Azərbaycan, Bakı, 1 dekabr /Trend/

Dekabrın 1-də Azərbaycanda Amerika Ticarət Palatasının (AmCham) Vergilər Nazirliyi ilə birgə təşkil etdiyi "Vergi sistemində şəffaflıq və əməl etmə" mövzusunda dördüncü illik vergi konfransı keçirilib.

Palatadan Trend-ə verilən məlumata görə, konfransı giriş sözü ilə açan AmCham-ın prezidenti İlqar Vəliyev tədbir iştirakçılarını salamlayaraq vergi orqanları ilə işgüzar dairələr arasında olan əməkdaşlığın genişləndirilməsinin və tərəfdaşlıq münasibətlərinin dərinləşdirilməsinin vacibliyini vurğulayıb, vergi sistemində aparılan islahatların və ölkənin vergi mühitinin cəlbediciliyinin artırılması istiqamətində görülən işlərin biznes dairələri tərəfindən diqqətlə izləndiyini qeyd edib. Bildirilib ki, maraq doğuran bir çox məsələlər barədə işgüzar dairələr və vergi orqanları arasında müzakirələrin keçirilməsinə xidmət edən vergi konfranslarının təşkili artıq ənənəvi xarakter alıb.

İ.Vəliyev 4-cü vergi konfransının əsas məqsədinin vergi siyasəti və harmonizasiya, korporativ əməl etmə və vergi sisteminin modernləşdirilməsi mövzularında dialoqun yaradılması olduğunu bildirib.

Milli Məclisin İqtisadi siyasət komitəsinin sədri, akademik Ziyad Səmədzadə ölkədə elektron hökumətin qurulmasının iqtisadi sistemin şəffaflaşmasına xidmət etdiyini vurğulayıb, vergi inzibatçılığının təkmilləşdirilməsinin təkcə vergi orqanlarının fəaliyyətinə deyil, ümumilikdə vergi öhdəliklərinin yerinə yetirilməsinə və könüllü əməl etmə səviyyəsinin artmasına müsbət təsir etdiyini bildirib.

Konfransda çıxış edən vergilər nazirinin müşaviri Akif Musayev ölkəmizin vergi sistemində aparılan islahatlar haqqında məlumat verib. "AmCham" və digər ictimai təşkilatlarla keçirilən işgüzar görüşlərin əhəmiyyətini qeyd edən natiq əvvəllər keçirilən konfranslarda biznes strukturlarının və onların ictimai təşkilatlarının qaldırdığı bir çox məsələlərin ətrafında aparılmış müzakirələrin ölkədə biznes mühitinin yaxşılaşdırılmasına yardım etdiyini bildirib.

Tədbirdə çıxış edən Nazirlər Kabineti Aparatının İqtisadiyyat və maliyyə-kredit siyasəti şöbəsinin müdiri Şahin Sadıqov Nazirlər Kabinetinin bu sahədəki fəaliyyətinin təşkilində özəl sektor nümayəndələri ilə əməkdaşlığın vacibliyini və 4-cü illik vergi konfransının sektorlararası dialoqun inkişafına xidmət etdiyini vurğulayıb.

Sonra konfrans öz işini sessiyalarda davam etdirib, vergi orqanı və özəl sektoru təmsil edən mütəxəssislər vergi siyasəti və harmonizasiya, korporativ uyğunluq: beynəlxalq təcrübə və Azərbaycan, vergi sistemində modernizasiya məsələləri və digər mövzular ətrafında fikir mübadiləsi aparıblar.

Tədbirdə Vergilər Nazirliyinin Vergi siyasəti və strateji araşdırmalar Baş İdarəsinin rəisi Natiq Shirinov, vergilər nazirinin müşaviri Ələkbər Məmmədov, beynəlxalq təşkilatlarin və özəl sektorun nümayəndələri çıxış ediblər. Konfransın işində Milli Məclisin və Nazirlər Kabinetinin nümayəndələri iştirak ediblər.

Konfrans "PASHA Bank", "EY Azerbaijan", "Deloitte & Touche", "KPMG Azerbaijan", "PwC Azerbaijan" and "Synergy Group"un dəstəyi ilə təşkil olunub.

Qeyd edək ki, Azərbaycanda Amerika Ticarət Palatası iş dünyası maraqlarını təbliğ edən və dəstəkləyən aparıcı birlikdir. 1996-ci ildə yaranan Amerika Ticarət Palatası iqtisadiyyatın müxtəlif sahələrini təmsil edən 290-dan yuxarı xarici və yerli şirkəti öz sıralarında birləşdirir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti