...

Azərbaycan hökuməti əcnəbi vətəndaşlara onların icazə almasına ehtiyac olmadan işləmək hüququnun verildiyi sahələri açıqlayıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 15 Dekabr 2014 16:23 (UTC +04:00)
Azərbaycan hökuməti əcnəbi vətəndaşlara onların icazə almasına ehtiyac olmadan işləmək hüququnun verildiyi sahələri açıqlayıb

Azərbaycan, Bakı, 15 dekabr /Trend, müxbir Azad Həsənli/

Azərbaycan hökuməti əcnəbi vətəndaşlara onların icazə almasına ehtiyac olmadan işləmək hüququnun verildiyi sahələri açıqlayıb.

Trend-in məlumatına görə, bu hüquq Nazirlər Kabinetinin "İl ərzində 90 gündən çox olmayan müddətdə Azərbaycan Respublikasında ezamiyyətdə olan əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə iş icazəsinin alınması tələb olunmayan fəaliyyət sahələrinin Siyahısı"nın təsdiq edilməsi barədə müvafiq qərarında nəzərdə tutulub.

Yeni qaydalar mədənçıxarma sənayesi, emal sənayesi, elektrik enerjisi, qaz, buxar və kondisiyalaşdırılmış hava ilə təchizat, informasiya və rabitə, maliyyə və sığorta, təhsil, nəqliyyat, su təchizatı, çirkli suların və tullantıların təmizlənməsi sahəsində çalışan əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə şamil edilir.

Hazırda əcnəbi vətəndaşlar və vətəndaşlığı olmayan şəxslər Azərbaycanda haqqı ödənilən əmək fəaliyyəti ilə hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan hüquqi və fiziki şəxslər və əcnəbi hüquqi şəxslərin nümayəndəlikləri və filiallarından iş icazəsi aldıqdan sonra məşğul ola bilərlər.

İşəgötürənlər əcnəbi vətəndaşları və vətəndaşlığı olmayan şəxsləri yalnız öz iş yerlərində icazənin qüvvədə olduğu müddət üzrə onlarla əmək müqaviləsi bağlayıb işə cəlb edə bilərlər. İşə icazə ilə əlaqədar daxil olmuş müraciətə 20 iş günü ərzində baxılır.

İşə icazə bir il müddətinə verilir. Əgər əmək müqaviləsi bir ildən az müddətə bağlanarsa, icazə də bu müddətə verilir. İşə icazə hər dəfə bir ildən çox olmayan müddətdə uzadıla bilər.

İşə icazənin müddətinin uzadılması üçün işəgötürən Dövlət Miqrasiya Xidmətinə işə icazə müddətinin başa çatmasına qədər 30 gündən gec olmayaraq ərizə ilə müraciət etməlidir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti