...

Bu il sahibkarlığın inkişafına əvvəlki illərə nisbətən daha çox güzəştli kredit veriləcək

Biznes və iqtisadiyyat xəbərləri Materials 18 Dekabr 2014 16:45 (UTC +04:00)
Saatlıda sahibkarlara güzəştli kreditlər verilib
Bu il sahibkarlığın inkişafına əvvəlki illərə nisbətən daha çox güzəştli kredit veriləcək

Azərbaycan, Bakı, 18 dekabr /Trend/

İqtisadiyyat və Sənaye Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu iqtisadiyyatın müxtəlif sahələrində fəaliyyət göstərən sahibkarlıq subyektlərinin investisiya layihələrinin maliyyələşdirilməsini davam etdirir. Dekabrın 18-də sahibkarlığın güzəştli kreditləşdirilməsi məsələlərinə dair növbəti işgüzar forum Saatlı rayonunun Qıraqlı kəndində keçirilib.

Nazirliyin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, işgüzar forumun keçirilməsində məqsəd sahibkarlara güzəştli kreditlərin alınması mexanizmi barədə ətraflı məlumat verilməsi, Saatlı rayonunda həyata keçirilməsi məqsədəuyğun hesab olunan nümunəvi layihələrin təqdim olunması, sahibkar-müvəkkil kredit təşkilatı münasibətlərinin möhkəmləndirilməsi, sahibkarların investisiya layihələrinin güzəştli qaydada maliyyələşdirilməsidir.

80-ə yaxın sahibkarın iştirak etdiyi forum çərçivəsində Saatlı rayonunun iqtisadi potensialının reallaşdırılması məqsədilə prioritet hesab olunan 50 başlıq südlük istiqamətli müasir ailə fermer təsərrüfatlarının, çorək, plastik qapı-pəncərə istehsalı müəssisələrinin, fermer mağazalarının, intensiv bağçılıq təsərrüfatlarının yaradılması üzrə nümunəvi investisiya layihələrinin təqdimatı keçirilib, kiçik həcmli investisiya layihələrinin ümumi dəyərinin 100%-dək hissəsinin dövlətin güzəştli kreditləri hesabına maliyyələşdiriləcəyi bildirilib, sahibkarlara nümunəvi layihələr və metodiki materiallar paylanıb.

Tədbirdə vurğulanıb ki, dünyada, xüsusilə regionda davam edən neqativ iqtisadi meyillərə baxmayaraq, Azərbaycanda dövlət proqramları, layihələr, sahibkarlığa dövlət dəstəyi tədbirləri və s. əvvəlki illərdə olduğu kimi, bu il də tam həcmdə icra olunur. Bildirilib ki, 2014-cü ilin ötən dövrü ərzində respublika üzrə 5472 sahibkara 284,4 milyon manat güzəştli kredit verilib ki, bu kreditlərdən istifadə etməklə investisiya layihələrinin reallaşdırılması 12 mindən çox yeni iş yerinin yaradılmasına imkan verir. Ümumilikdə, 2014-cü ildə sahibkarlığın inkişafına əvvəlki illərə nisbətən daha çox - 295 milyon manat güzəştli kreditin verilməsi təmin olunacaq.

Sahibkarlığa Kömək Milli Fondunun icraçı direktoru Şirzad Abdullayev məlumat verib ki, indiyədək Aran iqtisadi rayonunda fəaliyyət göstərən sahibkarlıq subyektlərinin 9332 investisiya layihəsinin maliyyələşdirilməsinə 407 milyon manat güzəştli kredit verilib, digər sahələrlə yanaşı, müasir texnologiyaların tətbiqinə əsaslanan logistika mərkəzlərinin, quşçuluq fabriklərinin, çörək zavodlarının, üzümçülük, intensiv bağçılıq, tingçilik, toxumçuluq, istixana təsərrüfatlarının, meyvə-tərəvəz emalı, ət, süd emalı, quru meyvə, tikinti materialları istehsalı müəssisələrinin yaradılması və s. sahələr üzrə investisiya layihələri maliyyələşdirilib, 32 500-dən çox yeni iş yerinin açılması imkanı yaradılıb.

İşgüzar forum çərçivəsində Saatlı və ətraf rayonlardan olan 58 sahibkara 627,5 min manat güzəştli kredit verilib. Verilmiş kreditlər heyvandarlıq, tərəvəzçilik, üzümçülük və s. sahələrin inkişafına yönəldiləcək. Bu kreditlərin reallaşdırılması hesabına 90-a yaxın yeni iş yerinin açılması mümkün olacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti