...

Dövlət Xidməti: Azərbaycanı Çindən "quş qripi" təhdid etmir

Biznes və iqtisadiyyat xəbərləri Materials 23 Yanvar 2015 17:29 (UTC +04:00)
Azərbaycan "quş qripi" xəstəliyi hallarının qeydə alındığı Cənub-Şərqi Asiya ölkələrindən, xüsusilə Çindən quş əti və quş əti məhsulları idxal etmir.
Dövlət Xidməti: Azərbaycanı Çindən "quş qripi" təhdid etmir

Azərbaycan, Bakı, 23 yanvar /Trend, müxbir Maksim Tsurkov/

Azərbaycan "quş qripi" xəstəliyi hallarının qeydə alındığı Cənub-Şərqi Asiya ölkələrindən, xüsusilə Çindən quş əti və quş əti məhsulları idxal etmir. Bu barədə Trend-ə Azərbaycanın Kənd Təsərrüfatı Nazirliyinin Dövlət Baytarlıq Nəzarəti Xidmətinin mətbuat xidmətinin rəhbəri Yolçu Xanvəli bildirib.

Onun sözlərinə görə, Azərbaycan "quş qripi"nin yarandığı vaxtdan Şərqi və Cənub-Şərqi Asiyadan, o cümlədən Çindən quş əti idxalını qadağan edib: "Həmin vaxtdan Çin, Cənubi Koreya, Vyetnam və digər ölkələrdən quş ətinin gətirilməsinə icazə vermirik. Hazırda Azərbaycan Türkiyə, Braziliya və ABŞ-dan quş əti və budu idxal edir. Cücələrin yetişdirilməsi üçün damazlıq yumurtalar İran, Türkiyə, həmçinin az miqdarda Macarıstandan idxal edilir".

Y.Xanvəli qeyd edib ki, Azərbaycan yalnız epizootik şəraitin sabit olduğu ölkələrdən quş əti və toyuq yumurtası gətirilməsinə icazə verir.

O, həmçinin bildirib ki, ölkədə quşların mövsümi miqrasiyası dövründə "quş qripi" hallarından xəbərdarlıq üzrə monitorinqlər keçirilir: "Payız mövsümünün yekunları üzrə ölkədə "quş qripi" ilə bağlı hal müşahidə edilməyib. Növbəti monitorinq quşların yaz miqrasiyası ərəfəsində keçiriləcək".

2015-ci ilin əvvəlindən "quş qripi"nə ən azı 15 insanın yoluxması halları Çinin şərqindəki Fuszyan əyalətində aşkar edilib. Nəticədə iki nəfər virusun qurbanı olub. İlk dəfə insana "quş qripi" diaqnozu 2013-cü ilin martında Çində qoyulub. O vaxtdan Çin Xalq Respublikasında bu virusa 450 yoluxma halı qeydə alınıb ki, bunlardan 170-i ölümlə nəticələnib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti