...

Pensiyaların sığorta hissəsinin indeksləşdirilməsinə 15 milyon dollardan çox vəsait tələb olunur

Biznes və iqtisadiyyat xəbərləri Materials 27 Yanvar 2015 16:54 (UTC +04:00)
Azərbaycanda əmək pensiyalarının sığorta hissəsinin indeksləşdirilməsini təmin etmək üçün bir il ərzində Dövlət Sosial Müdafiə Fondunun (DSMF) büdcəsindən əlavə olaraq 12 milyon manat vəsait ayrılması tələb olunur.
Pensiyaların sığorta hissəsinin indeksləşdirilməsinə 15 milyon dollardan çox vəsait tələb olunur

Azərbaycan, Bakı, 27 yanvar /Trend, müxbir Azad Həsənli/

Azərbaycanda əmək pensiyalarının sığorta hissəsinin indeksləşdirilməsini təmin etmək üçün bir il ərzində Dövlət Sosial Müdafiə Fondunun (DSMF) büdcəsindən əlavə olaraq 12 milyon manat vəsait ayrılması tələb olunur. Trend xəbər verir ki, bu barədə jurnalistlərə Fondun sədri Elman Mehdiyev bildirib.

Ötən gün Azərbaycan Prezidenti İlham Əliyev əmək pensiyalarının sığorta hissəsinin indeksləşdirilməsi haqqında sərəncam imzalayıb. Sərəncama uyğun olaraq, Dövlət Sosial Müdafiə Fonduna tapşırılıb ki, 2014-cü il üzrə istehlak qiymətləri indeksinə uyğun olaraq 2015-ci ilin 1 yanvar tarixinə bütün növ əmək pensiyalarının sığorta hissəsinin artırılmasını təmin etsin; fərdi uçot sistemində fərdi hesabların sığorta hissəsində toplanmış pensiya kapitalı məbləğlərinin indeksləşdirilməsini həyata keçirsin.

Dövlət Statistika Komitəsinin məlumatına görə, 2014-cü ilin yekunu üzrə ölkədə inflyasiya 1,4 faiz təşkil edib.

DSMF sədrinin sözlərinə görə, bu prosesin təmin olunması üçün hər ay 1 milyon manata yaxın vəsait tələb olunur ki, bu da fondun büdcəsində nəzərdə tutulub: "Artım xüsusi rejimdə pensiya alanlar istisna olmaqla, pensiyaçıların 95 faizinə şamil edilir ki, onların da sayı təxminən 1,215 milyon nəfərdir. Bununla yanaşı, təxminən üç milyon sığorta olunanın pensiya kapitalı indeksləşdiriləcək".

E.Mehdiyev onu da əlavə edib ki, hazırda dövlət başçısı tərəfindən təsdiqlənən pensiya sistemindəki islahatlar konsepsiyasına uyğun olaraq qanunvericilikdə, eləcə də pensiyaların baza hissəsinin təkrar strukturlaşdırılması üzərində iş gedir: "Beləliklə, pensiya vahid sığorta hissəsindən ibarət olacaq. Bu o deməkdir ki, pensiyanın bütün məbləği sığorta hissəsi şəklində konversiya olunacaq. Əsas üstünlük ondan ibarətdir ki, biz pensiyaların müəyyən hissəsinin deyil, bütün pensiyanın indeksləşdirilməsini aparacağıq".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti