...

Şahin Mustafayev regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramının icrasının birinci ilinin yekunlarına qiymət verdi

Biznes və iqtisadiyyat xəbərləri Materials 27 Yanvar 2015 23:10 (UTC +04:00)
Son 10 il Azərbaycanın sürətli və hərtərəfli inkişafı, iqtisadiyyatın rəqabət qabiliyyətinin artması, ölkənin enerji, ərzaq, nəqliyyat və ekoloji təhlükəsizliyinin möhkəmləndirilməsi, beynəlxalq nüfuzunun yüksəlməsi, əhalinin rifahının davamlı olaraq yaxşılaşması dövrü kimi tariximizə daxil olmuşdur.
Şahin Mustafayev regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramının icrasının birinci ilinin yekunlarına qiymət verdi

Azərbaycan, Bakı, 27 yanvar /Trend/

"Son 10 il Azərbaycanın sürətli və hərtərəfli inkişafı, iqtisadiyyatın rəqabət qabiliyyətinin artması, ölkənin enerji, ərzaq, nəqliyyat və ekoloji təhlükəsizliyinin möhkəmləndirilməsi, beynəlxalq nüfuzunun yüksəlməsi, əhalinin rifahının davamlı olaraq yaxşılaşması dövrü kimi tariximizə daxil olmuşdur". Trend-in məlumatına görə, bunu yanvarın 27-də Heydər Əliyev Mərkəzində Prezident İlham Əliyevin iştirakı ilə "Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı"nın icrasının birinci ilinin yekunlarına həsr olunan konfransda çıxışı zamanı iqtisadiyyat və sənaye naziri Şahin Mustafayev deyib.

Nazir qeyd edib ki, bu uğurların əsasında Prezident İlham Əliyevin müasir çağırışlara cavab verən, məqsədyönlü və praqmatik siyasəti durur:

"Ölkənin davamlı sosial-iqtisadi inkişafının təmin olunmasında, makroiqtisadi sabitliyin qorunmasında, dünya iqtisadi böhranının mənfi təsirinin qarşısının alınmasında dövlət başçısının böyük uzaqgörənliklə apardığı iqtisadiyyatın şaxələndirilməsi siyasətinin, o cümlədən bu siyasətin prioritet istiqamətlərindən olan regionların inkişafı strategiyasının müstəsna əhəmiyyəti vardır.

2004-cü ildən uğurla icra olunan regionların sosial-iqtisadi inkişafı Dövlət proqramları rayonların iqtisadi potensialının artmasına, infrastruktur təminatının, kommunal xidmətlərin keyfiyyətinin daha da yüksəlməsinə, biznes və investisiya mühitinin, əhalinin rifahının yaxşılaşmasına səbəb olur, bununla da ölkənin strateji inkişaf hədəflərinə, müəyyən edilmiş məqsədlərə nail olunmasına əhəmiyyətli töhfəsini verir".

Dövlət başçısı deyib ki, ötən il də "Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı" çərçivəsində görülən işlər, həyata keçirilən layihələr, əldə edilən uğurlu nəticələrlə zəngin olmuşdur:

"Möhtərəm cənab Prezident, Sizin 2014-cü il ərzində bölgələrə 23 səfəriniz çərçivəsində 120-yə qədər müxtəlif təyinatlı infrastruktur obyektlərinin, yeni müəssisələrin açılış və təməlqoyma mərasimlərində iştirakınız, müəssisələrin fəaliyyəti ilə yaxından tanış olmağınız, eləcə də ictimaiyyətlə keçirilən görüşlərdə qaldırılmış məsələlərin həlli məqsədilə əlavə olaraq 270 milyon manat vəsaitin ayrılması barədə imzaladığınız 72 sərəncam regionların inkişafına göstərdiyiniz diqqətin bariz nümunəsidir.

Cənab Prezident, Sizin ötənilki konfransda verdiyiniz tapşırıqların yerinə yetirilməsi üçün zəruri tədbirlər həyata keçirilmiş, regionların inkişafına ötən il bütün mənbələr hesabına 4,5 milyard manat vəsait yönəldilmişdir.

Hesabat ilində regionlarda infrastruktur layihələrinin icrası, o cümlədən yol-nəqliyyat, elektrik, qaz və su təchizatı infrastrukturunun yenilənməsi işləri davam etdirilmişdir".

Nazirin sözlərinə görə, il ərzində 960 kilometr ölkə və yerli əhəmiyyətli avtomobil yolu, 30 yeni körpü və yolötürücüləri tikilmiş və ya təmir olunmuşdur: "Tapşırığınıza uyğun olaraq kənd yollarının tikintisi davam etdirilmiş, hesabat ilində Sizin 43 sərəncamınızla bu məqsədlərə əlavə vəsait ayrılmış, əhalisi 960 min nəfər olan 597 yaşayış məntəqəsini birləşdirən 1300 kilometr uzunluğunda kənd yollarının çəkilməsi və yenidən qurulması işləri aparılmışdır.

Ötən il 5 elektrik stansiyası istifadəyə verilmiş, regionlarda 3 min kilometr elektrik xətləri, 614 transformator, 20 yarımstansiya, 1450 kilometr qaz kəməri inşa edilmiş və ya əsaslı təmir olunmuş, 24 rayon üzrə 58 yaşayış məntəqəsi təbii qazla təmin edilmişdir.

İnformasiya və rabitə xidmətlərinin yaxşılaşdırılması məqsədilə regionlarda 26 yeni ATS istifadəyə verilmiş, 42 poçt şöbəsi tikilmiş və ya əsaslı təmir olunmuşdur.

Sumqayıt, Gəncə və Sabirabadda "ASAN xidmət"in fəaliyyətə başlaması regionlarda yaşayan əhalinin gündəlik həyatını asanlaşdırmış, mərkəzlərin xidmətindən 1,1 milyondan çox vətəndaş istifadə etmişdir.

İl ərzində regionlarda 155 məktəb, 30 tibb müəssisəsi, 11 gənclər və idman, 43 mədəniyyət və digər sosial obyektlər tikilmiş və ya əsaslı təmir olunmuşdur. Məcburi köçkünlər üçün 7 yeni yaşayış kompleksi salınmış, 4450 ailənin və ya 22 min məcburi köçkünün mənzil şəraiti yaxşılaşdırılmış, əlil və şəhid ailələri üçün 5 yaşayış binası tikilmişdir".

Ş.Mustafayev bildirib ki, sosial layihələrin reallaşdırılmasında mühüm rolu olan Heydər Əliyev Fondunun, şəxsən Mehriban xanım Əliyevanın təşəbbüsü ilə görülən miqyaslı işlər insanların rifahının yaxşılaşması üçün yeni imkanlar açır: "Şübhəsiz ki, 2014-cü ildə başlayan "Məktəbəqədər təhsil müəssisələrinin inkişafı" proqramı da digər layihələr kimi uğurlu olacaq və əhalinin rifahının artmasına töhfəsini verəcəkdir.

Möhtərəm cənab Prezident, tərəfinizdən 2014-cü ilin "Sənaye ili" elan edilməsi və bu çərçivədə tədbirlər planının icrası regionlarda da sənayenin inkişafına təkan vermiş, ötən il regionlarda 105 sənaye müəssisəsi açılmışdır. Ümumilikdə "Sənaye ili"ndə görülən tədbirlər nəticəsində qeyri-neft sənayesi 9 faiz artmışdır.

Sumqayıt Kimya Sənaye Parkında xarici və daxili infrastrukturun yaradılması işləri bu il başa çatdırılacaqdır. Hazırda parkda 3 rezident qeydiyyata alınmış, 2 rezident ilə danışıqlar yekunlaşır və layihələr üzrə investisiya qoyuluşu 650 milyon manat təşkil edəcəkdir".

Onun sözlərinə görə, son illərdə sənayedə həyata keçirilən dövlət dəstəyi tədbirləri, o cümlədən 124 layihənin maliyyələşdirilməsinə 380 milyon manat güzəştli kreditin verilməsi nəticəsində bir sıra sənaye məhsulları üzrə idxaldan asılılıq azalmış, bəziləri üzrə isə ixrac potensialı yaranmışdır. 14 rayonda gündəlik istehsal gücü 820 ton olan 28 müasir çörək zavoduna 50 milyon manat güzəştli kredit ayrılmış və artıq 22 zavod istifadəyə verilmişdir:

"Sərəncamınıza uyğun olaraq sənaye məhəllələrinin təşkili üçün bir sıra ölkələrin təcrübəsi öyrənilmiş, qanunvericilik bazası formalaşdırılmışdır və cari ildə sənaye məhəllələrinin təşkilinə başlanılacaqdır.

Son illərdə infrastruktur layihələrinin icrası, biznes və investisiya mühitinin yaxşılaşdırılması, həyata keçirilən dövlət dəstəyi tədbirləri regionların iqtisadi potensialını gücləndirməklə, cənab Prezident, Sizin iqtisadi siyasətinizin prioritet istiqamətlərindən biri kimi sahibkarlığın inkişafına təkan vermişdir.

Ötən il bu sahədə qanunvericiliyin təkmilləşdirilməsi, prosedurların sadələşdirilməsi, əsassız müdaxilələrin qarşısının alınması və digər istiqamətlər üzrə mühüm işlər görülmüş, elektron xidmətlərin sayı 450-yə çatmışdır. Regionlarda 4400 müəssisə fəaliyyətə başlamış, sahibkarlıq subyektlərinin sayı 2004-cü illə müqayisədə 2,5 dəfə artaraq 386 minə çatmış, regionlardan vergi daxilolmaları ötən ilə nisbətən 9,8 faiz artmış, xərclərini yerli gəlirlər hesabına maliyyələşdirən şəhər və rayonların sayı 6-ya çatmışdır. İl ərzində ölkə üzrə 123 min yeni iş yeri açılmışdır.

Gənclərin sahibkarlıq təşəbbüsünün dəstəklənməsi, yeni biznes və məşğulluq imkanlarının yaradılması məqsədilə Quba-Xaçmaz Regional İnkişaf Mərkəzində ilk biznes inkubator fəaliyyətə başlamışdır.

2014-cü ildə sahibkarların maarifləndirilməsi və nümunəvi layihələrin təqdim olunması ilə bağlı regionlarda minlərlə sahibkarın iştirakı ilə 169 tədbir keçirilmiş, 47 sahibkarın Almaniyada təcrübə keçməsi təşkil olunmuşdur. Sahibkarlığa Kömək Milli Fondunun xətti ilə 5560 sahibkara 50 faizi qaytarılmış vəsait hesabına olmaqla 295 milyon manat güzəştli kredit verilmiş və 12500-dən çox yeni iş yerinin açılması imkanı yaradılmışdır. 78 faizi regionlara yönəldilmiş bu güzəştli kreditlər hesabına 2014-cü ildə 39 iri istehsal, emal və infrastruktur müəssisəsi istifadəyə verilmişdir. Bu il isə daha 81 müəssisənin istifadəyə veriləcəyi gözlənilir.

Cənab Prezident, ötənilki konfransda verdiyiniz göstərişə əsasən regionlarda kiçik sahibkarlıqla məşğul olan vətəndaşların güzəştli kreditlərə çıxışını təmin etmək və fermerlər arasında kooperasiya əlaqələrini gücləndirmək məqsədilə Fondla əməkdaşlıq edən bank olmayan kredit təşkilatlarının sayı 20-yə çatdırılmışdır. Bu isə kiçik sahibkarların uzun illərdir ki, üzləşdikləri girov problemini həll etməyə imkan verir.

Möhtərəm Prezident, intensiv metodlara əsaslanan aqrar sektorun yaradılmasına yönəlmiş siyasətiniz, dövlət dəstəyi tədbirləri, eləcə də bu sahədə sahibkarlığın inkişafı, müasir texnologiyalara əsaslanan yüzlərlə müəssisənin açılması öz nəticəsini vermiş, idxaldan asılılığın azalmasına, özünütəminetmə səviyyəsinin yüksəlməsinə səbəb olmuşdur".

Nazir bildirib ki, son illərdə dövlət dəstəyi tədbirləri, o cümlədən 19 rayonda 40 quşçuluq təsərrüfatına, 13 rayonda 20 heyvandarlıq və 8 rayonda südçülük komplekslərinə, 6 rayonda 7 ət kəsimi və emalı müəssisəsinə 240 milyon manat güzəştli kreditin verilməsi istehsalın artmasına, 3 ildə ət və ət məhsullarının idxalının əhəmiyyətli dərəcədə azalmasına səbəb olmuşdur.

Bundan əlavə, 20 rayonda 33 intensiv bağçılıq və üzümçülük təsərrüfatlarına, 9 rayonda 37 istixana kompleksinə və 11 rayonda 16 meyvə-tərəvəz emalı müəssisələrinə 171 milyon manat güzəştli kreditlərin verilməsi bu məhsullara daxili tələbatın ödənilməsi və ixrac imkanını yaratmışdır.

Eyni zamanda, qiymətlərin sabit saxlanılması məqsədilə istehlak bazarında gündəlik monitorinqlər aparılmaqla bir sıra qabaqlayıcı tədbirlər həyata keçirilmiş, nəticədə süni qiymət artımına yol verilməmişdir.

Şəmkirdə təməli qoyulmuş və məhsulların istehsalından satışınadək bütün mərhələləri əhatə edəcək özəl pilot aqroparkında işlər artıq praktik müstəviyə keçmişdir.

Hazırda Xızı rayonunda aqroparkların yaradılması məqsədilə baş plan hazırlanır, Bərdə və Xaçmazda da aqrar-sənaye kompleksləri yaradılır.

Cənab Prezident, tapşırığınıza uyğun olaraq, ərzaq tələbatının yerli istehsal hesabına ödənilməsi məqsədilə 12 rayonda 30 min hektardan çox sahədə 19 iri fermer təsərrüfatının yaradılmasına 47 milyon manat güzəştli kreditlər verilmişdir.

Ötən illər ərzində məhsulların tədarükü, saxlanması və satışı infrastrukturunun yaradılması, o cümlədən 26 rayonda tutumu 290 min ton olan 48 logistik mərkəzin və 14 rayonda tutumu 340 min ton olan 22 taxıl anbarı kompleksinin yaradılması əhalinin ilboyu keyfiyyətli yerli məhsullarla təminatında mühüm rol oynayır, istehlak bazarında qiymətlərin sabitliyi təmin edilir.

Tapşırığınıza əsasən müəssisələrin regionlar üzrə optimal yerləşdirilməsi işləri yerli resurslar, iqlim şəraiti, kadr potensialı və formalaşmış ənənələr nəzərə alınmaqla aparılan təhlillər əsasında hazırlanan plana uyğun olaraq növbəti illərdə də davam etdiriləcəkdir:

"Xarici ölkələrdə ixrac infrastrukturunun yaradılması tapşırığınıza uyğun olaraq, Qazaxıstanın Aktau şəhərində logistik mərkəzin tikintisi bu il başa çatdırılacaqdır. Gələcəkdə digər ölkələrdə də mərkəzlərin yaradılması perspektivləri araşdırılır. Bu mərkəzlər ölkənin ixrac coğrafiyasının genişləndirilməsinə, ixracın həcminin artmasına müsbət təsir göstərəcəkdir.

Müəllifi olduğunuz regionların inkişafı strategiyasının uğurla həyata keçirilməsi nəinki bölgələrin, eləcə də ümumilikdə ölkənin inkişafında bir dönüş nöqtəsi olmuş, bütün regionlarda quruculuq işləri geniş vüsət almış, Azərbaycanın istənilən bölgəsində yaşayan vətəndaşların bu strategiyanın nəticələrinin öz gündəlik həyatında hiss etməsinə səbəb olmuşdur.

Sizin xalqımızın ümummilli lideri Heydər Əliyevin inkişaf strategiyasından qaynaqlanan, hər bir vətəndaşın rifahının davamlı olaraq yüksəlməsinə yönələn uzaqgörən, sistemli və qətiyyətli siyasətiniz bundan sonra da qarşıda duran vəzifələrin uğurla yerinə yetirilməsini, ölkəmizin, o cümlədən regionların inkişafının daha da sürətlənməsini təmin edəcəkdir".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti