...

Azərbaycan investisiya səviyyəli beynəlxalq kredit reytinqini qoruyur

Biznes və iqtisadiyyat xəbərləri Materials 31 Yanvar 2015 00:21 (UTC +04:00)
30 yanvar 2015-ci il tarixində "Standard and Poor’s" reytinq agentliyi Azərbaycanın beynəlxalq kredit reytinqini investisiya səviyyəsində "BBB-" saxladığını təsdiq edib.
Azərbaycan investisiya səviyyəli beynəlxalq kredit reytinqini qoruyur

Azərbaycan, Bakı, 31 yanvar /Trend/

Yanvarın 30-da "Standard and Poor's" reytinq agentliyi Azərbaycanın beynəlxalq kredit reytinqini investisiya səviyyəsində "BBB-" saxladığını təsdiq edib.

Maliyyə Nazirliyinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, aparıcı üç beynəlxalq kredit reytinq agentliyindən biri olan Standard and Poor's-un yayımladığı hesabatda reytinqin təsdiq edilməsi Azərbaycanın çox möhkəm fiskal və xarici mövqeyə (aktivlərə) sahib ölkə kimi xarici borc səviyyəsinin xeyli aşağı olması ilə əsaslandırılır.

Agentliyin press-relizində qeyd olunur ki, dünya bazarlarında neft qiymətinin kəskin enməsinə baxmayaraq, Azərbaycan növbəti illər ərzində də möhkəm xarici mövqeyini qoruyacaq.

Karbohidrogen ehtiyatları satışının böyük payı olduğu cari əməliyyatlar ("current account") hesabında azalma ehtimalı olsa da, o, nəticə etibarilə müsbət səviyyədə qalacaq. Orta müddətdə neft hasilatının sabitləşməsi ərəfəsində Cənub Qaz Dəhlizi boru kəmərinin və "Şahdəniz-2" qaz yatağının işə salınması iqtisadi inkişafı və xarici valyuta gəlirlərinin artımını təmin edəcək.

Eyni zamanda, reytinq üzrə proqnoz sabit səviyyədən mənfiyə endirilib. Reytinq agentliyi bunu dünyada neft qiymətlərinin kəskin enməsinin Azərbaycanın mövcud fiskal və xarici mövqeyinin, qabaqlayıcı tədbirlər atılmayacağı təqdirdə, mümkün zəifləməsinə
gətirib çıxara biləcəyi ilə izah edir.

Bu gün Avropa və bir sıra digər ölkələrdə davam edən maliyyə və iqtisadi tənəzzül, habelə neftin qiymətinin kəskin şəkildə aşağı düşməsinə baxmayaraq, "Standard and Poor's" tərəfindən Azərbaycan Respublikasına əvvəllər daha münbit iqtisadi şəraitdə verilmiş investisiya səviyyəli reytinqi "BBB-"də saxlaması ölkə iqtisadiyyatının dayanıqlılıq potensialını nümayiş etdirir.

Eyni zamanda, Azərbaycan MDB məkanında Standard and Poor's-un investisiya kredit reytinqini qorumuş iki ölkədən biri olaraq qalır. Bundan başqa, ölkəmiz "Moody's" və "Fitch Ratings" beynəlxalq kredit reytinq agentliklərindən investisiya səviyyəli kredit reytinqlərinə malikdir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti