...

Dövlət Gömrük Komitəsi Gürcüstanın statistik məlumatları ilə uyğunsuzluqların səbəbini izah etdi

Biznes və iqtisadiyyat xəbərləri Materials 31 Yanvar 2015 13:32 (UTC +04:00)
Gürcüstandan avtomobil idxalı Azərbaycanın gömrük statistikasında nəzərə alınmır.
Dövlət Gömrük Komitəsi Gürcüstanın statistik məlumatları ilə uyğunsuzluqların səbəbini izah etdi

Azərbaycan, Bakı, 31 yanvar /Trend, müxbir Azad Həsənli/

Gürcüstandan avtomobil idxalı Azərbaycanın gömrük statistikasında nəzərə alınmır. Trend xəbər verir ki, bu barədə Azərbaycan Dövlət Gömrük Komitəsinin (DGK) Statistika və İnformasiya Texnologiyaları Baş İdarəsinin rəisi İqbal Babayev AzTV telekanalının efirində bildirib.

Azərbaycan qanunvericiliyinə görə, ölkəyə gətirilən mallar idxal olunduqları ölkənin xarici ticarət əməliyyatları haqqında statistikasında deyil, həmin malın istehsalçısı olan ölkənin statistik məlumatlarında nəzərə alınır.

İ.Babayev qeyd edib: "2014-cü ildə Gürcüstandan Azərbaycana 93,9 milyon dollar məbləğində avtonəqliyyat vasitələri idxal edilib. Amma Gürcüstanın statistikasına nəzər salsaq görərik ki, Azərbaycanla əmtəə dövriyyəsində bu göstərici 269,8 milyon dollar təşkil edir. Həmin malların yalnız 34,8 faizi Gürcüstanda istehsal olunub, ona görə də Azərbaycan statistikasında onlar bu ölkə ilə əmtəə dövriyyəsi üzrə məlumatlarda təsbit edilir, avtomobillərin qalan hissəsi isə istehsal edildikləri ölkələrin əmtəə dövriyyəsində göstərilir".

DGK-nın nümayəndəsi deyib ki, misal üçün, Gürcüstandan idxal olunan bəzi avtomobillər Almaniyada istehsal olunub, ona görə də onlar Gürcüstanla deyil, Almaniya ilə əmtəə dövriyyəsində göstərilir.

Onun sözlərinə görə, gömrük statistikasında belə qeyri-uyğunluqlara dünyanın bir çox ölkələrində rast gəlinir: "Misal üçün, 2000-ci ildə ABŞ və Çin arasında əmtəə dövriyyəsi üzrə statistik məlumatlarda fərq 48 milyard dollar, 2004-cü ildə 72 milyard dollar, 2006-cı ildə isə 84 milyard dollar təşkil edib".

Gürcüstan Statistika Xidmətinin məlumatına görə, 2014-cü ildə Gürcüstanın Azərbaycanla əmtəə dövriyyəsi 1 182,01 milyon dollar olub (Gürcüstanın xarici ticarət əməliyyatlarının ümumi həcminin 10,3 faizi) ki, bu da inişilki göstəricidən 13 faiz azdır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti