...

Mərkəzi Bankın valyuta ehtiyatları 13,8 milyard dollar təşkil edib (FOTO)

Biznes və iqtisadiyyat xəbərləri Materials 31 Yanvar 2015 16:24 (UTC +04:00)
Bu gün Azərbaycan Mərkəzi Bankının (AMB) İdarə Heyətinin 2014-cü ilin yekunlarına həsr olunmuş geniş iclası keçirilib.
Mərkəzi Bankın valyuta ehtiyatları 13,8 milyard dollar təşkil edib (FOTO)

Azərbaycan, Bakı, 31 yanvar /Trend/

Bu gün Azərbaycan Mərkəzi Bankının (AMB) İdarə Heyətinin 2014-cü ilin yekunlarına həsr olunmuş geniş iclası keçirilib.

Bankdan Trend-ə verilən məlumata görə, Mərkəzi Bankın struktur bölmələrinin və regional ərazi idarələrinin rəhbərlərinin iştirak etdiyi iclasda sədr Elman Rüstəmov giriş nitqi ilə çıxış edib.

Nazirlər Kabinetinin 2014-cü ilin sosial-iqtisadi inkişafının yekunlarına və 2015-cü ildə qarşıda duran vəzifələrə həsr olunmuş iclasında möhtərəm Prezident İlham Əliyevin ölkənin makroiqitisadi sabitliyi və sosial-iqtisadi inkişafının dayanıqlığına dair qeyd etdiyi məsələləri önə çəkən E.Rüstəmov bildirib ki, 2014-cü ildə qlobal iqtisadiyyatda gedən mürəkkəb proseslərin fonunda milli iqtisadiyyatımız inkişaf edib, sabitlik və dayanıqlıq nümayiş etdirib. Həyata keçirilmiş iqtisadi islahatlar, yaradılmış potensial xarici mühitdən gələn risklərə və çağırışlara adekvat cavab verməyə imkan yaradıb. Ölkə Prezidenti möhtərəm İlham Əliyev cənabları tərəfindən həyata keçirilən uğurlu daxili və xarici siyasət nəticəsində ölkənin beynəlxalq reytinqləri və nüfuzu daha da möhkəmlənib, sosial-iqtisadi tərəqqi davam edib.

Möhkəm makroiqtisadi stabillik ölkəmizin yüksək rəqabət reytinqinin formalaşmasında həlledici rol oynayır. Belə ki, dünyanın ən mötəbər iqtisadi qurumu olan Davos Ümumdünya İqtisadi Forumu rəqabətqabiliyyətinə görə Azərbaycanı 38-ci yerə layiq görüb və ölkəmiz bu reytinqdə bir pillə irəliləyib. Artıq bir neçə ildir ki, Azərbaycan makroiqtisadi stabillik səviyyəsinə görə 144 ölkə arasında bu reytinqdə birinci onluqdadır. O cümlədən, Azərbaycan dünyada inflyasiyanın ən aşağı olduğu ölkələrdən biridir.

Mərkəzi Bank da ölkədə gedən möhtəşəm quruculuq və inkişaf strategiyasının reallaşmasında fəal iştirak etmək məqsədilə iqtisadi tsiklə adekvat olaraq pul siyasətinin stabilləşdirici və təşviqedici imkanlarından istifadə edərək öz siyasətini tarazlı inkişafın vacib şərtləri olan makroiqtisadi və maliyyə sabitliyinin təmin olunmasına yönəltməklə 2014-cü ildə aşağı inflyasiya, bank-maliyyə sektorunda dayanıqlıq kimi mühüm hədəflərə nail olub. Aşağı inflyasiya şəraitində AMB pul siyasətinin təşviqedici imkanlarından istifadə edib, monetar göstəricilərin yaxşılaşması davam edib. Qeyri-neft sektorunda investisiya fəallığının artmasına və faiz dərəcələrinin enməsinə şərait yaratmaq məqsədilə Mərkəzi Bank tərəfindən faiz dəhlizinin parametrləri və məcburi ehtiyat normaları endirilib.

İclas zamanı Mərkəzi Bankın ayrı-ayrı fəaliyyət istiqamətləri üzrə məruzələr dinlənilib, geniş müzakirələr aparılıb Əldə olunan uğurlar qeyd olunmaqla bərabər qarşıda duran vəzifələr müəyyənləşdirilib.

İclasda aparılan müzakirələrdə həmçinin qeyd edilib ki, Mərkəzi Bankın valyuta ehtiyatları hesabat ilinin sonunda 13,8 mlrd. ABŞ dolları təşkil edib. Dəyişkən xarici mühit nəzərə alınmaqla valyuta ehtiyatlarının idarə edilməsinin təkmilləşdirilməsi daim Mərkəzi Bankın diqqət mərkəzində olub. Dünyada aşağı gəlirlilik şəraitində ehtiyatların valyuta və coğrafi diversifikasiyasının genişləndirilməsi AMB-nin valyuta ehtiyatlarının idarə edilməsində başlıca istiqamət seçilib. Bu məqsədlə ilk dəfə olaraq Asiya investisiya portfelinin yaradılması istiqamətində tədbirlərin görülməsinə başlanıb.

Mərkəzi Bankda strateji plan çərçivəsində institusional inkişafın sürətlənməsinə yönəlmiş layihələrin icrası yekunlaşır. Bankın fəaliyyətinin bütün istiqamətlərinin modernləşdirilməsi üzrə intensiv iş aparılıb. Bankın institusional inkişaf prosesi sürətlənib, insan resurslarının inkişafına diqqət artırılıb, funksional və biznes proseslərinin səmərəli yerinə yetirilməsi üçün layihələr həyata keçirilib.

İclasda, həmçinin Azərbaycan İpoteka Fondunun, Maliyyə Monitorinqi Xidmətinin, eləcə də Mərkəzi Bankın ərazi idarələri və regional mərkəzlərinin fəaliyyəti ilə bağlı müzakirələr aparılıb, qarşıya qoyulan vəzifələr bir daha dəqiqləşdirilib.

Ümumilikdə iclasa yekun vuraraq 2014-cü ilin nəticələrini müsbət qiymətləndirən E.Rüstəmov 2015-ci il üçün AMB-nin qarşısında duran başlıca vəzifələrə diqqəti çəkib. O bildirib ki, ölkədə iqtisadi inkişafın dayanıqlığının qorunmasında aktiv iştirak edən dövlət institutu kimi Mərkəzi Bank 2015-ci ildə də qarşıya qoyulan vəzifələrin, xüsusilə də "Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı"nın icrasının birinci ilinin yekunlarına həsr olunan konfransda möhtərəm Prezidentin qeyd etdiyi sosial-iqrtisadi inkişaf hədəflərinin realizasiyasında fəal iştirak edəcək, iqtisadiyyatın şaxələnməsi, o cümlədən qeyri-neft iqtisadiyyatının sürətli inkişafı üçün zəruri monetar dəstəyini verəcək.

2015-ci ildə Mərkəzi Bankın əsas vəzifəsi makroiqtisadi sabitliyin qorunmasına aktiv dəstək verməkdir. Belə ki, makroiqtisadi sabitliyin qorunması bütövlükdə iqtisadi inkişafın davam etdirilməsinin, əhalinin sosial müdafiəsinin təmin olunmasının əsas amilidir. Bununla bağlı AMB iqtisadi inkişafa dəstək məqsədilə pul siyasətinin imkanlarından, xüsusilə monetar yumşaltma alətlərindən istifadə edəcək.

2015-cü ildə bank sektorunda maliyyə sabitliyinin qorunması da qarşıda duran strateji vəzifələrdən biridir. Bunun üçün bank sektorunda immunizasiya tədbirləri davam etdiriləcək, risklər çevik tənzimlənəcək. Biznesin uzunmüddətli kredit əldə etməsi imkanlarını artırılması təşviq olunacaq. Real sektorun maliyyə hesabatlığı, kreditorların hüquqlarının effektiv qorunması biznes kreditlərinin artmasında mühüm rol oynayacaq. Faiz dərəcələrinin aşağı salınması istiqamətində tədbirlər davam etdiriləcək. Bu baxımdan uzunmüddətli resursların bank sektoruna cəlb olunmasının stimullaşdırılması mühüm əhəmiyyət kəsb edir. Bank resurslarının dəyərinin azalması, korporativ müştərilərin effektivliyi, nağdsız hesablaşmaların genişlənməsi faiz dərəcələrinə əhəmiyyətli təsir edir. Mərkəzi Bank 2015-ci ildə də bu sahədə zəruri tədbirlər həyata keçirəcək, aidiyyəti qurumlarla birgə iş aparacaq.

2015-ci ildə milli ödəniş sisteminin təhlükəsizliyi, texnoloji müstəqilliyi gücləndiriləcək, yerli plastik kart bazarı inkişaf etdiriləcək, hökumət ödəniş portalının istifadəsi miqyası genişləndiriləcək.

Çıxışının sonunda E.Rüstəmov yeni strateji dövr üçün başlıca prioritetlərin tezliklə müəyyən olunacağını xüsusi qeyd edib. Yeni strateji hədəflərin reallaşmasında Mərkəzi Bankda insan kapitalının, tədqiqat və analitik bazasının, idarəetmə proseslərinin daha da müasirləşməsi və inkişafının vacib rol oynayacağını bildirib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti