...

Dövlət Komitəsi: Bakıda elektron daşınmaz əmlak bazası 2015-ci ilin sonunda hazır olacaq

Biznes və iqtisadiyyat xəbərləri Materials 4 Fevral 2015 13:43 (UTC +04:00)
2015-ci ilin sonuna kimi ilk dəfə Bakıda daşınmaz əmlakın elektron kadastrının mükəmməl məlumat bazası yaradılacaq, yaxın 3-4 il ərzində isə bütün respublika ərazisində kadastrın informasiya bazasının formalaşdırılması üzrə işlər başa çatdırılacaq.
Dövlət Komitəsi: Bakıda elektron daşınmaz əmlak bazası 2015-ci ilin sonunda hazır olacaq

Azərbaycan, Bakı, 4 fevral /Trend, müxbir Hüseyn Vəliyev/

2015-ci ilin sonuna kimi ilk dəfə Bakıda daşınmaz əmlakın elektron kadastrının mükəmməl məlumat bazası yaradılacaq, yaxın 3-4 il ərzində isə bütün respublika ərazisində kadastrın informasiya bazasının formalaşdırılması üzrə işlər başa çatdırılacaq.

Trend xəbər verir ki, bu barədə çərşənbə günü Bakıda keçirilən "Azərbaycanda ünvan reyestri sistemi və daşınmaz əmlak kadastrı: Perspektivlər və uğurlar" mövzusunda təqdimatda Dövlət Əmlak Məsələləri Komitəsi yanında Texniki inventarlaşdırma və daşınmaz əmlakın kadastrı mərkəzinin direktoru Ramiz Quliyev bildirib.

Onun sözlərinə görə, son illər ərzində Azərbaycanda daşınmaz əmlakın kadastrının yaradılması və rəqəmsal kadastr xəritələrinin hazırlanması üzrə mühüm işlər görülüb. Hazırda qabaqcıl beynəlxalq təcrübə əsasında müasir kadastr sisteminin yaradılması üzrə işlər aparılır: "Bakı şəhərinin 7 rayonunda kadastrın yaradılması işləri başa çatıb. Hazırda Binəqədi, Qaradağ, Pirallahı, Nizami və Xətai rayonlarında elektron kadastrın məlumat bazası yaradılıb".

Layihə çərçivəsində Gəncə şəhərinin və Şəki rayonunun elektron kadastr bazasının və rəqəmsal kadastr xəritələrinin yaradılması üzrə işlər görülür. Bu istiqamətdə işlərin 2016-cı ilin birinci yarısında tamamlanması nəzərdə tutulub.

R.Quliyevin sözlərinə görə, bu günədək respublikanın 53 şəhər və rayonunda kadastrların sadələşdirilmiş məlumat bazasının yaradılması işləri başa çatıb.

Bundan başqa, ilin sonuna kimi, respublikanın bütün ərazisini əhatə edəcək ünvan reyestrinin məlumat sistemi istifadəyə veriləcək ki, bu da ünvanların verilməsi üzrə elektron xidmətlərin göstərilməsinin təşkilinə imkan verəcək.

Bu ilin ikinci yarısında avtonəqliyyat vasitələrində istifadə olunan GPS naviqatorları üçün ünvanların məlumat bazası da istismara veriləcək. R.Quliyevin sözlərinə görə, respublikanın bütün ərazisində yeni ünvan lövhəciklərinin vurulması 2015-2017-ci illərdə başa çatacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti