...

Dövlət Sosial Müdafiə Fondu və "Caspian European Club" biznes-forum keçirdi

Biznes və iqtisadiyyat xəbərləri Materials 18 Fevral 2015 18:09 (UTC +04:00)
Dövlət Sosial Müdafiə Fondunun (DSMF) sədri Elman Mehdiyevin iştirakı və Caspian European Club-un təşkilatçılığı ilə keçirilən biznes-forumda Azərbaycanda pensiya islahatlarının yeni mərhələsinin prioritet hədəfləri müzakirə olunub.
Dövlət Sosial Müdafiə Fondu və "Caspian European Club" biznes-forum keçirdi

Azərbaycan, Bakı, 18 fevral /Trend/

Fevralın 18-də Dövlət Sosial Müdafiə Fondunun (DSMF) sədri Elman Mehdiyevin iştirakı və Caspian European Club-un təşkilatçılığı ilə keçirilən biznes-forumda Azərbaycanda pensiya islahatlarının yeni mərhələsinin prioritet hədəfləri müzakirə olunub.

Caspian European Club-dan Trend-ə verilən məlumata görə, biznes-forumda çıxış edən Dövlət Sosial Müdafiə Fondunun sədri E.Mehdiyev görüşün təşkili üçün Caspian European Club-a öz təşəkkürünü bildirib. Onun sözlərinə görə, "Caspian European Club" çərçivəsində bu cür forumların keçirilməsi dövlət qurumlarıyla özəl sektor arasında daha da sıx əməkdaşlığın yaranmasına xidmət edir. Bu isə öz növbəsində ümumilikdə ölkə iqtisadiyyatının inkişafına müsbət təsir göstərir.

Görüşün əvvəlində E.Mehdiyev DSMF-nin fəaliyyəti barədə geniş məlumat verib. Tədbirdə həmçinin pensiya təminatı sistemindəki islahatlar, eləcə də Caspian European Club-a üzv şirkətləri maraqlandıran suallar müzakirə olunub.

Bizness-forumda çıxış edən E.Mehdiyev ötən dövrdə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə uğurlu sosial-iqtisadi siyasət və sürətli islahatların həyata keçirildiyini qeyd edərək vurğulayıb ki, Azərbaycanda vahid prinsiplər əsasında fəaliyyət göstərən və bütün işləyən əhalini əhatə edən, pensiyaların məbləğinin sistemə ödənilmiş sosial sığorta haqlarına bağlı olduğu, müasir çağırışlara çevik reaksiya verən sığorta-pensiya sisteminin formalaşdırılması nəticəsində beynəlxalq təcrübədə pensiya sistemləri qarşısında qoyulan mühüm vəzifələrin həllinə nail olunmuşdur. Pensiya islahatlarının yeni mərhələsinin prioritet hədəfləri Azərbaycan Respublikasının Prezidentinin 4 noyabr 2014-cü il tarixli Sərəncamı ilə təsdiq olunmuş "2014-2020-ci illərdə Azərbaycan Respublikasında pensiya təminatı sisteminin islahatı Konsepsiyası" ilə müəyyən olunub və Konsepsiyanın icrası çərçivəsində Dövlət Sosial Müdafiə Fondu sosial tərəfdaşlarla ictimai müzakirələrin təşkilinə geniş yer ayırır. Bu məqsədlə DSMF-də xüsusi əlaqələndirmə komissiyası fəaliyyət göstərir.

Yeni konsepsiya çərçivəsində nəzərdə tutulan tədbirlər planından ətraflı söz açan E.Mehdiyev bildirib ki, pensiya sistemində sosial sığorta prinsiplərinin dərinləşdirilməsi, məcburi dövlət sosial sığorta haqqı normativinin strukturunun optimallaşdırılması, könullü sosial sığorta haqqının ödənilməsi şərtlərinin müəyyənləşdirilməsi kimi islahat tədbirlərinin reallaşdırılması prosesində belə görüşlərin keçirilməsi Fond və sığortaedənlər arasında səmərəli əməkdaşlığın genişləndirilməsinə xidmət edir.

Məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi sahəsində Azərbaycanda hesabatlılıq sisteminin tam avtomatlaşdırıldığını forum iştirakçılarının nəzərinə çatdıran Fondun sədri, həmçinin sığortaedənlərin təqdim etdiyi hesabat formalarının ümumi sayının azaldılması istiqamətində aparılan işlər barədə məlumat verib. Belə ki, hesabatlılıq sisteminin sadələşdirilməsinin təmini məqsədilə hesablanmış və ödənilmiş məcburi dövlət sosial sığorta haqları və fərdi uçot məlumatlarına dair iki müxtəlif hesabat formasının fərdi uçot prinsipi əsasında birləşdirilərək vahid rüblük hesabatla əvəz edilməsi istiqamətində müvafiq tədbirlər həyata keçirilir. Fonda təqdim edilən hesabatlarla bağlı qeyd edilən yenilik bir tərəfdən sığortaedənlər üçün hesabatların təqdim olunması prosesinin sadələşdirilməsinə və hesabatların sayının azaldılmasına, digər tərəfdən isə vətəndaşlar üçün fərdi uçot məlumatlarını rüblük əldə etməklə öz işəgötürənləri üzərində daha operativ ictimai nəzarət imkanlarının yaradılmasına xidmət edəcək.

Görüş zamanı biznes-forum iştirakçılarının sözügedən mövzu ilə bağlı təkliflər və "Caspian European Club" üzv şirkətlərini maraqlandıran suallar müzakirə olunub.

Biznes-forumda çıxış edən Caspian European Club-un baş icraçı direktoru Telman Əliyev konstruktiv dialoqa, həmçinin tədbir zamanı "Caspian European Club" üzvlərinin təklif və xahişlərinə göstərilən diqqətə görə E.Mehdiyevə təşəkkürünü bildirib.

O qeyd edib ki, "Caspian European Club" 2002-ci ilin iyun ayında Caspian Energy International Media Group-un fəal iştirakı və Xəzər-Qara dəniz regionunda fəaliyyət göstərən iri neft-qaz şirkətlərinin dəstəyi ilə yaradılıb. Caspian European Club-un sədri Azərbaycan Respublikası Prezidenti Zati-aliləri cənab İlham Əliyevdir. T.Əliyevin sözlərinə görə, "Caspian European Club" yarandığı ilk gündən neft sahəsindən əldə olunan gəlirlərin qeyri-neft sektorunun inkişafına yönəldilməsinə xidmət göstərir. Tərkibində dünyanın 50 ölkəsində fəaliyyət göstərən olan 5 mindən artıq şirkət və təşkilatı birləşdirən "Caspian European Club" dövlət strukturları ilə özəl sektor arasında dialoqa dəstək istiqamətində fəal iş aparır.

DSMF sədri E.Mehdiyevə Caspian European Club-un fəxri üzv sertifikatı təqdim olunub. Caspian European Club-un yeni üzv şirkətlərinə də sertifikatlar verilib. Caspian European Club-un biznes-forumunda Azərbaycanda qeydiyyatdan keçmiş diplomatik qurumların nümayəndələri və şirkət rəhbərləri iştirak ediblər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti