...

Özbəkistandan kənd təsərrüfatı texnikası, Azərbaycandan qeyri-neft məhsulları

Biznes və iqtisadiyyat xəbərləri Materials 27 Fevral 2015 19:13 (UTC +04:00)
Azərbaycan və Özbəkistan arasında iqtisadi sahədə əməkdaşlıq müzakirə edilib.
Özbəkistandan kənd təsərrüfatı texnikası, Azərbaycandan qeyri-neft məhsulları

Azərbaycan, Bakı, 27 fevral /Trend/

İqtisadiyyat və sənaye naziri Şahin Mustafayevin rəhbərlik etdiyi nümayəndə heyəti Özbəkistanda səfərdə olub.

İqtisadiyyat və Sənaye Nazirliyinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, səfər zamanı Azərbaycan nümayəndə heyəti Özbəkistan Baş nazirinin müavini Uluqbek Roziqulovla görüşüb. Görüşdə ölkələrimizi möhkəm tarixi, mədəni əlaqələrin bağladığı, bugünkü münasibətlərin də məhz bu baza əsasında formalaşdığı və inkişaf etdiyi qeyd olunub. Nümayəndə heyətinin başçısı, iqtisadiyyat və sənaye naziri Ş.Mustafayev Azərbaycan və Özbəkistan arasında əməkdaşlığın qarşılıqlı hörmət, dostluq, faydalı əməkdaşlıq prinsipləri üzərində qurulduğunu diqqətə çatdırıb, dövlət başçılarının qarşılıqlı rəsmi səfərlərinin, aparılan danışıqların ikitərəfli əlaqələrin genişlənməsində əhəmiyyətini vurğulayıb.

Görüşdə iki ölkə arasında bir sıra iqtisadi sahələrdə, eləcə də nəqliyyat, tranzit daşımaları və s. sahələrdə əməkdaşlığın daha da genişləndirilməsi, Özbəkistan yüklərinin Azərbaycandan keçməklə dünya bazarına çıxarılması, ticarət əlaqələrinin genişləndirilməsi, Özbəkistanda istehsal edilən müxtəlif avtomobillərin Azərbaycana ixracı və s. məsələlər barədə geniş müzakirələr aparılıb.

Səfər zamanı Ş.Mustafayevin rəhbərlik etdiyi Azərbaycan nümayəndə heyəti Özbəkistanın xarici iqtisadi əlaqələr, investisiyalar və ticarət naziri Elyor Qəniyev və iqtisadiyyat naziri Qalina Saidova ilə görüşüb.

Görüşlərdə ölkələrimiz arasında iqtisadi, ticarət əlaqələrinin və investisiya əməkdaşlığının daha da genişləndirilməsi məsələlərinə dair fikir mübadiləsi aparılıb, Özbəkistanda istehsal edilən kənd təsərrüfatı texnikasının və müxtəlif məhsulların ölkəmizə ixracı, Azərbaycanın qeyri-neft məhsullarının Özbəkistana ixracı və s. məsələlər müzakirə edilib. Görüşlərdə əməkdaşlığın genişləndirilməsi üçün böyük potensialın olduğu vurğulanıb, işgüzar səfərlərin, birgə biznes forumların və sərgilərin iş adamları arasında əlaqələrin genişləndirilməsində əhəmiyyəti diqqət çatdırılıb.

Səfər çərçivəsində Azərbaycan nümayəndə heyəti Özbəkistanın bir sıra istehsal müəssisələrində olub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti