...

Azərbaycan və Britaniya yeni sənəd imzaladılar (FOTO)

Biznes və iqtisadiyyat xəbərləri Materials 2 Mart 2015 15:43 (UTC +04:00)
Azərbaycan və Böyük Britaniya arasında Birgə Hökumətlərarası Komissiya yaradılacaq.
Azərbaycan və Britaniya yeni sənəd imzaladılar (FOTO)

Azərbaycan, Bakı, 2 mart /Trend/

İqtisadiyyat və sənaye naziri Şahin Mustafayev Böyük Britaniya Parlamentinin üzvü, Baş nazirin Azərbaycan, Qazaxıstan və Türkmənistan üzrə ticarət elçisi Çarlz Hendri ilə görüşüb.

İqtisadiyyat və Sənaye Nazirliyinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, görüşdən əvvəl britaniyalı qonaqlar Bakı Biznes Mərkəzində Azərbaycanın son 10 ildə əldə etdiyi sosial-iqtisadi uğurları əks etdirən sərgi ilə tanış olublar.

Görüşdə Ş.Mustafayev Azərbaycan və Böyük Britaniya arasında əlaqələrin inkişaf etdiyini, qarşılıqlı səfərlərin əməkdaşlığın genişləndirilməsində əhəmiyyətini vurğulayıb. Bildirilib ki, Böyük Britaniyada qeydiyyatdan keçmiş Azərbaycan təşkilatlarının fəaliyyəti, bu ölkədə təhsil alan azərbaycanlı gənclər, keçirilən müxtəlif tədbirlər də iki ölkə arasında əlaqələrin inkişafına öz töhfəsini verir. Azərbaycan və Böyük Britaniya iqtisadiyyatın müxtəlif sahələrində, o cümlədən enerji, ticarət, investisiya qoyuluşu sahələrində əməkdaşlıq edirlər. Hazırda Azərbaycanda 543 Britaniya sərmayəli şirkət fəaliyyət göstərir. Böyük Britaniya tərəfindən Azərbaycan iqtisadiyyatına 20 milyard ABŞ dolları investisiya qoyulub.

Nazir ölkələrimiz arasında əlaqələrin daha da genişləndirilməsi imkanlarını qeyd edərək, turizm, ekologiya, İKT, enerji, kənd təsərrüfatı məhsullarının istehsalı, investisiya, eləcə də Azərbaycanda yaradılan sənaye parklarında Britaniya şirkətlərinin iştirakı və Sumqayıt Kimya Sənaye Parkı ilə əməkdaşlıq, birgə biznes-forum və sərgilərin keçirilməsi sahələrində əməkdaşlığa dair fikirlərini bildirib. Ölkəmizdə sahibkarlıq sürətlə inkişaf edir və bir sıra sahibkarlar artıq iri investora çevrilib. Bunlar isə Azərbaycan şirkətlərinin Böyük Britaniyada fəaliyyətinin genişlənməsinə yeni imkanlar açır. Ş.Mustafayev əməkdaşlıqda yeni istiqamət olan Azərbaycan və Böyük Britaniya arasında yaradılacaq Birgə Hökumətlərarası Komissiyanın ölkələrimiz arasında əlaqələrin inkişafında xüsusilə əhəmiyyətli olacağını vurğulayıb. Hökumətlərarası Komissiya çərçivəsində iqtisadiyyatın müxtəlif sahələri üzrə dövlət qurumlarının və özəl sektor təmsilçilərinin əlaqələrinin genişləndirilməsi təşviq olunacaq.

Böyük Britaniya Parlamentinin üzvü, Baş nazirin Azərbaycan, Qazaxıstan və Türkmənistan üzrə ticarət elçisi Ç.Hendri Azərbaycana səfərindən və səmimi qəbuldan məmnunluğunu bildirib, qarşılıqlı səfərlərin əlaqələrin genişləndirilməsində əhəmiyyətini qeyd edib. O, Azərbaycan və Böyük Britaniya arasında Birgə Hökumətlərarası Komissiyanın müxtəlif sahələrdə, eləcə də iş adamları arasında əlaqələrin inkişafında, Böyük Britaniya şirkətlərinin Azərbaycanda mövcud olan imkanlarla yaxından tanış olması baxımından əhəmiyyətli olacağını vurğulayıb.

Görüşün sonunda "Azərbaycan Respublikasının Hökuməti ilə Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Hökuməti arasında iqtisadi və ticarət əməkdaşlığı haqqında" Anlaşma Memorandumu imzalanıb. Sənədi Azərbaycanın iqtisadiyyat və sənaye naziri Ş.Mustafayev və Böyük Britaniya Parlamentinin üzvü, Baş nazirin Azərbaycan, Qazaxıstan və Türkmənistan üzrə ticarət elçisi Ç.Hendri imzalayıblar. Memoranduma əsasən, Azərbaycan və Böyük Britaniya arasında Birgə Hökumətlərarası Komissiya yaradılacaq, iqtisadi və ticarət əlaqələri daha da genişləndiriləcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti