...

Azərbaycan banklarının müştəriləri rahat yata bilərlər

Biznes və iqtisadiyyat xəbərləri Materials 18 Mart 2015 16:32 (UTC +04:00)
Hazırda Azərbaycanın bank sektorunun artım tempi iqtisadiyyatın artım templərini xeyli üstələyir.
Azərbaycan banklarının müştəriləri rahat yata bilərlər

Baş redaktorun müavini

İlahə Məmmədli - Trend:

Hazırda Azərbaycanın bank sektorunun artım tempi iqtisadiyyatın artım templərini xeyli üstələyir. Bank aktivlərinin əmsalı son 10 ildə 2,4 dəfə artan qeyri-neft ÜDM-nə nisbətdə iqtisadiyyatın maliyyə dərinliyinin təqribən 78 faizinə çatıb.

Bankların kapitalına qarşı minimum tələbin artırılmasından və 2012-ci ildə onların əlavə kapitallaşması barədə qərar qəbul edildikdən sonra bankların məcmu kapitalı ümumiyyətlə təqribən iki dəfə artdı.

Qlobal maliyyə böhranı şəraitində yüksək kapitallaşma hazırda ölkənin bank sektorunun maliyyə sabitliyinin əsas dayağıdır.

Bu ondan xəbər verir ki, yüksək maliyyə riskləri ilə mübarizə aparmaq üçün ölkənin bank sisteminin kifayət qədər vəsaiti var. Üstəlik, Azərbaycan Mərkəzi Bankı bankları təhlükədən qorumaq üçün 2013-cü ilin sonundan başlayaraq ardıcıl tədbirlər görür. İlk növbədə, istehlak kreditləşməsinin ifrat artımı dayandırıldı ki, bu da vəsaitlərin vaxtında qaytarılması riskinin artmasına, yəni sosial gərginliyin artmasına səbəb ola bilərdi.

Mərkəzi Bankın fəaliyyəti sayəsində inişil ilə müqayisədə istehlak kreditləşməsinin artım tempi 1,9 dəfə azalaraq 19 faizə (ipoteka kreditlərsiz 13 faiz) çatıb. Avtomobil kreditləşməsinin həcmi 31 faiz azalıb.

Sonra isə artıq ilin sonunda "Aktivlərin təsnifləşdirilməsi və mümkün zərərlərin ödənilməsi üçün xüsusi ehtiyatların yaradılması Qaydaları"na müvafiq dəyişikliklər təsdiq edildi.

Ölkənin bank sektorunda risklərin azaldılması üzrə görülmüş tədbirlərə baxmayaraq, valyutaların məzənnəsinin dəyişməsi ilə əlaqədar son proseslər (Azərbaycan Mərkəzi Bankının 21 fevral 2015-ci il tarixli qərarı ilə manatın məzənnəsi təqribən 34 faiz ucuzlaşıb) bankların gəlirliyinə qaçılmaz olaraq təsir edəcək və onların əlavə kapitallaşması zəruriliyinə gətirib çıxaracaq.

Lakin bu, heç bir şəkildə müştəri bazasına təsir etməyəcək və üstəlik, hər hansı bankın müflisliyini düşünmək absurddur. Bunun üçün hər hansı şərait olsaydı, "Fitch Ratings" kimi nüfuzlu təşkilat Azərbaycan banklarının reytinqini azaldardı. Beynəlxalq reytinq agentliklərinin qonşu ölkələrdə bankların reytinqini azalmaya doğru yenidən nəzərdən keçirmələrinə baxmayaraq, Azərbaycan banklarına münasibətdə son zamanlar belə fəaliyyətlər müşahidə olunmayıb. Əks halda, bu, reytinq proqnozunun pisləşməsi ilə müşayiət olunardı ki, bu da bankların kapitallaşmasının azalması fonunda təbiidir.

Vəziyyətdən çıxış yolu həmişə var. Mərkəzi Bank likvidliyin saxlanılması üçün iki qabaqcıl kommersiya bankına güzəştli şərtlərlə kreditlərin verildiyi dünya maliyyə böhranında olduğu kimi banklara kömək etməyə həmişə hazırdır. Manatın məzənnəsində dəyişikliklərin nəticələrini hamarlamaq və kapitallaşmanın göstəricilərini bərpa etmək məqsədilə bu dəfə artıq Azərbaycanın iri bankı dəstək aldı. Mərkəzi Bank Azərbaycan Beynəlxalq Bankına subordinasiya edilmiş borc qismində 250 milyon manat təqdim edib. Kapitalın daha 100 milyon manat artırılması üçün bankın səhmdarlarının vəsaitləri hesabına artıq səhmlərin yeni emissiyası qeydə alınıb.

Hazırda ölkənin digər qabaqcıl bankları da analoji tədbirlər görürlər. Məsələn, "Bank Technique" ASC 8 milyon manatadək uzunmüddətli subordinasiya edilmiş kreditin cəlb edilməsi barədə qərar qəbul edib. Bankdan qeyd ediblər ki, iri həcmdə subordinasiya edilmiş kreditin cəlb edilməsi ölkədə son devalvasiya prosesləri fonunda bankların azalan kapitallaşmasının bərpası üzrə ilk mərhələdir.

Bundan başqa, "AGBank" ASC cari mənfəət və səhmdarlar tərəfindən əlavə daxil olmalar hesabına ilin sonunadək kapitallaşmanın artırılması barədə qərar qəbul edib.

Zərurət yaranacağı təqdirdə digər banklar da analoji tədbirlər görəcəklər.

Bununla yanaşı, hazırda əsas olan müştəri bazasının saxlanılmasıdır və bununla əlaqədar olaraq banklar hazırda kreditlər və depozitlər üzrə sərfəli şərtlər təklif edirlər. Üstəlik, Azərbaycanda sığorta ödənişlərinin maksimum faiz dərəcəsi 9-dan 12 faizədək artırılıb.
Bundan başqa, bütün banklar dollar kreditləri üzrə müddəti restrukturizasiya edəcəklər, uzadacaqlar və s.

Kreditlərin restrukturizasiyasının tez-tez baş verəcəyini və bir bank və ya borclu ilə deyil, ümumi vəziyyətlə bağlı olacağını başa düşən Mərkəzi Bank banklardan kredit götürənlərə aylıq ödəniş yükünü azaltmağa kömək etdi.

Yuxarıda sadalananları nəzərə alaraq, əminliklə demək olar ki, ölkədə bankların bağlanmasından söhbət belə getmir. Əgər xatırlasaq, ölkədə bankların sayının azaldılması kapitallaşma proqramının yekunları üzrə, yəni 2015-ci ilin əvvəlində nəzərdə tutulurdu, lakin gözləntilərə baxmayaraq, onların sayı 45-dək artırılmışdı.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti